Nazirlik: 25 696 tələbəyə təhsil krediti verilib
Elm və təhsil

Nazirlik: 25 696 tələbəyə təhsil krediti verilib

2023–2024-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti (TTK) üçün müraciətlərin qəbulu prosesi davam edir.

Elm və Təhsil Nazirliyindən “Respublika”ya  bildirilib ki, təhsil krediti almaq istəyən tələbələr fondun 146–5 Çağrı Mərkəzinə zəng etməklə, eləcə də www.e-ttkf.edu.az  portalı, +994 51 206 78 48 vatsap nömrəsi və sosial şəbəkələrdəki səhifələri üzərindən müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, bu günədək ümumilikdə 25 min 696 tələbənin müraciəti rəsmiləşdirilib. Kredit ayrılmış 9 min 301 nəfər sosial, 16 min 395 nəfər isə standart təhsil tələbə kreditindən yararlanıb.

Təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.