Nazir Rəşad Nəbiyev Sabirabadda
Sosial həyat

Nazir Rəşad Nəbiyev Sabirabadda

Vətəndaşlarla görüş

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin aprel ayı üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabad rayonunda vətəndaşları qəbul edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Görüşdə Sabirabadla yanaşı, Saatlı və İmişli rayon sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib.

Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində həllini tapıb.

Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

 

Şəhid və qazi ailələrini ziyarət

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Sabirabad rayonuna səfəri çərçivəsində şəhid və qazi ailələrini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nazir şəhid Asim Əliyevin ailə üzvləri ilə görüşüb. Görüşdə şəhidlə bağlı xatirələrdən, onun Vətən müharibəsində göstərdiyi şücaətdən danışılıb.

Rəşad Nəbiyev, həmçinin qazi Tural Qəhrəmanovun evində qonaq olub.

Nazir şəhid və qazi ailələrinin qayğıları ilə yaxından maraqlanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hər iki ailəyə hədiyyələr təqdim edilib.

 

“Sabirabad Rəqəmsal İnkişaf" layihəsinin təqdimatı

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaş qəbulu ilə əlaqədar Sabirabada səfəri çərçivəsində Milli Məclisin üzvü Kamal Cəfərovla birlikdə "Sabirabad Rəqəmsal İnkişaf" layihəsinin təqdimat mərasiminə qatılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təqdimatda Nazirliyin dəstəyi ilə həyata keçirilən layihənin məqsədinin sabirabadlı gənclərdə rəqəmsal bacarıqların formalaşdırılmasına və artırılmasına töhfə vermək olduğu qeyd edilib.

Vurğulanıb ki, proqram çərçivəsində pilot olaraq 10 gənc seçiləcək və onlara proqramlaşdırma, dizayn və digər sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq. Təlimlər Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında keçiriləcək.

İştirak üçün bu link - "https://forms.gle/gFRZCxc3XEBtUdLx5" vasitəsilə qeydiyyatdan keçmək mümkündür.

AZƏRTAC