Müxtəlif xalqların birgəyaşayışı hər zaman nümunə olub
Siyasət

Müxtəlif xalqların birgəyaşayışı hər zaman nümunə olub

Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə 2011-ci ildə, sonra isə 2013, 2015, 2017 və 2019-cu illərdə Bakıda təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutların nümayəndələri qatılıblar. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların edildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və "Bakı Prosesi" mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

Şübhə yoxdur ki, bu Forum da Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında aparıcı rolunu bir daha bütün dünyaya sübut etməklə yanaşı, Bakının beynəlxalq münasibətlər sisteminin aparıcı aktor kimi mövqelərinin möhkəmlənməsinə də şərait yaradacaq.

Ölkəmiz mədəniyyətlərin qovuşduğu məkan olaraq qəbul olunub. Cənab Prezident də Forumdakı çıxışı zamanı bizim coğrafi mövqeyimizin, Şərq ilə Qərb arasında yerləşməyimizin bu tendensiyaya imkan yaratdığını diqqətə çatdırıb. Dövlət başçısının da qeyd etdiyi kimi, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub saxlamağa müvəffəq olub.

Ölkəmizdə müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və mədəniyyətinin inkişafına geniş imkanlar yaradılıb. 

Prezidentin Forumdakı çıxışı Cənubi Qafqaz regionundakı son geosiyasi proseslər fonunda Azərbaycanın hədəfləri barədə ətraflı məlumatları və dünyaya önəmli mesajları ilə yadda qaldı: "Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır". Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub.

Həqiqətən də bu gün ölkəmizdə milli-mənəvi birliyin mövcudluğu, bütün dinlərə hörmətlə yanaşıldığı, dinlərin məbədlərinə qayğı və diqqət göstərildiyi, müxtəlif etnik qrup və dinlərin təmsilçilərinin bir ailə kimi yaşadığı hər kəs tərəfindən qəbul olunan faktdır. Ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edirlər.

Prezident çıxışında, həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsinin azad edildiyini, 2023-cü il sentyabr ayında ərazi bütövlüyümüzün, suverenliyimizin tam şəkildə bərpa olunduğunu, Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını da vurğulayaraq diqqəti Azərbaycan-Ermənistan münasibətlərinə yönəltdi. Bu isə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bu istiqamətdə zəruri müzakirələrin aparılmasına şərait yaratmaq baxımından olduqca önəmli idi.

Prezidentin açıqlamaları Azərbaycanın Vətən müharibəsindən sonra yaratdığı postmüharibə reallıqlarının daha yaxından öyrənilməsi və beynəlxalq ictimai rəyin formalaşmasına müsbət təsir göstərəcək müzakirələrin aparılması nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır.

Dövlət başçısı çıxışında, həmçinin XXI əsrdə Avropanın bəzi ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşması faktına da diqqət yönəldərək sivil dünyanın buna imkan verməməli olduğunu bildirərək açıq şəkildə bəyan etdi ki, dünya neokolonializm praktikasına göz yummalı deyil. Bu, məcburi assimilyasiyaya aparır və ona son qoyulmalıdır.

Ölkəmizin çoxtərəfliliyə sadiq olduğunu, Qoşulmama Hərəkatının sədri qismində keçən dövr ərzində bu dəyərləri təşviq etdiyini də diqqətə çatdıran ölkə başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində mühüm addımlar atdığını, ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradıldığını xatırladaraq Qoşulmama Hərəkatının təsisatlanmasının gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etdi.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumdakı çıxışı dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə yönələn və bu önəmli vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmişdi və məhz elə bu səbəbdəndir ki, dünya mətbuatı artıq iki gündür ki, həmin çıxışa istinad edir.

Yusif BAĞIRZADƏ,

politoloq.