Müstəqil dövlətimizin əsas atributlarından biri
Digər xəbərlər

Müstəqil dövlətimizin əsas atributlarından biri

Milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb

M üsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul dövriyyəsinin tarixi 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır. Əskinasın ön tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində "Azerbaydjanskaə Respublika" ifadələri əks olunub, pulun nominal dəyəri və buraxıldığı tarix göstərilib. 1919-1920-ci illərdə istifadə olunan pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Həmçinin Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti manatın beynəlxalq miqyasda tanınması ilə bağlı idi. Bu yolla, uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına alışan əhali tədricən yeni milli pul vahidinə öyrəşəcəkdi.

1992-ci il 7 avqust tarixində "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Qanun qəbul olundu. Ölkəmizin milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxıldı. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 11 dekabr 1993-cü il tarixli Fərmanı ilə 1994-cü ildən etibarən manat dövriyyədə yeganə ödəniş vasitəsi oldu. Yəni sovet rublu dövriyyədən çıxarıldı. Bununla da Azərbaycan Mərkəzi Bankı müstəqil pul və məzənnə siyasəti həyata keçirdi ki, bu siyasətin də müsbət nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafina öz töhfəsini verdi. Sonradan ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın qarşılanması üçün 1994-cü ildə 10 000 manatlıq, 1996-cı ildə isə 50 000 manatlıq əskinaslar dövriyyəyə buraxıldı.

Azərbaycanda bank-maliyyə sisteminin formalaşması ölkəmizin müstəqilliyinin ilk illərinə aiddir. Müasir mərkəzi bankçılıq sisteminin başlaması Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi dövrlərə təsadüf edir.

Milli valyuta manatın ən maraqlı və yaddaqalan dövrü müstəqilliyin ilk illəri olub desək, yanılmarıq. Bu dövr manatın üzərindəki rəsmlərlə adlandırıldığı dönəm kimi yaddaşlarda iz qoydu. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında "2005-ci il 7 fevral tarixli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub. 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilib. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslardan və 1, 3, 5, 10, 20, 50 qəpik metal pul nişanlarından ibarətdir. Azərbaycanın yeni nəsil əskinas və sikkə dizaynları vahid konsepsiya əsasında hazırlandı və yeni pulların dizayn mövzusu Müstəqil Azərbaycanı təmsil etmək idi.

1 Manat - Mədəniyyət mövzusuna həsr olunub. Bu kağız pul 120x70 mm ölçüdə çap olunub. Ön tərəfində Azərbaycanın milli musiqi alətlərinin - tar, kamança və dəfin qrafik təsvirləri verilmişdir. Arxa tərəfində isə qədim Azərbaycan xalçasının naxışları, Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilib. 5 Manat - yazı və ədəbiyyat mövzusuna həsr olunub. Üz tərəfində ədəbi simalar, qədim kitablar və Dövlət himnindən parça təsvir edilib. Arxa fonda Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilib, Azərbaycanın inkişaf tarixi - Orxon-Yenisey əlifbası, müasir yazımız, Qobustan qaya heroqlifləri göstərilib. 10 Manat - tarix mövzusuna həsr olunub. Üz tərəfində qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası, köhnə Qala divarlarının fonunda verilib. Arxa fonda Azərbaycan xalçasının tipik naxışları və Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri var. Digər əskinaslarda da eyni qaydada milli ornamentlər təsvir edilib. Ən sonda isə Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş 200 manat əskinası dövriyyəyə buraxıldı və onun üz tərəfində Heydər Əliyev Mərkəzi təsvir olunub.

Qeyd etmək lazımdır ki, hər bir ölkənin pulu - milli valyutası onun əsas atributlarından sayıldığına görə, güclü iqtisadiyyatı olan Azərbaycan üçün yeni milli əskinasların buraxılması təqdirəlayiq hadisədir.

Röya RÜSTƏMLİ,

"Respublika".