Müasir, müstəqil Azərbaycan mətin addımlarla irəliləyir
Siyasət

Müasir, müstəqil Azərbaycan mətin addımlarla irəliləyir

2000-ci il dekabrın 29-da Prezident Heydər Əliyev Yeni Əsr və üçüncü minillik münasibətilə xalqımıza müraciət etmişdir

"Bütün bəşəriyyətlə birgə Azərbaycan xalqı da XXI əsrə, üçüncü minilliyə böyük nikbinliklə qədəm qoyur. Əsr başa çatır, onunla birlikdə tarixin ikiminillik dövrünə yekun vurulur. Əsrlərin və minilliklərin qovuşduğu bu gün tarixin xüsusi bir anıdır. Hər bir bəşər övladı kimi, Azərbaycan vətəndaşı da sözsüz ki, belə tarixi hadisənin məhz onun taleyinə, onun həyatına təsadüf etməsindən böyük şərəf və qürur hissi duyur". Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti zamanı bu fikirləri söyləyən ulu öndər Heydər Əliyev başa çatan yüzilliyin sürətli elmi-texniki tərəqqi, iki dünya müharibəsi, imperiyaların süqutu və yeni suveren dövlətlərin yaranması, sülh, sabitlik, əmin-amanlıq naminə göstərilən səylərlə xarakterizə olunduğunu diqqətə çatdırmışdır.

Hər bir xalqın tarixi onun yetişdirdiyi görkəmli şəxsiyyətlərin, liderlərin əməllərilə, milləti, dövləti yolunda gördüyü işlərlə yaddaşlara həkk olunur. Dahi şəxsiyyət, dövlətçiliyimizin xilaskarı, tarixin ən çətin sınaqlarında min bir maneələrdən keçərək xalqını nicata çatdıran, həyatı bahasına belə millətinin təəssübkeşi olan ümummilli liderin xalqı, dövləti qarşısındakı xidmətləri ölçüyəgəlməz, əvəzolunmazdır. Müasir Azərbaycanın qurucusu olan ulu öndər Heydər Əliyev 29 dekabr 2000-ci il tarixində yeni il, yeni əsr, yeni minillik ərəfəsində ötən əsrdə millətinin, dövlətinin böyük çətinliklərlə keçdiyi şərəfli tarixinə bir daha nəzər salmış, canından artıq sevdiyi xalqının əldə etdiyi nailiyyətləri, iftixarla, qürurla qeyd etmişdir.

Dünya miqyasında geostrateji əhəmiyyətə, əlverişli coğrafi mövqeyə, zəngin təbii ehtiyatlara və böyük potensiala malik, Şərq ilə Qərb arasında körpü rolunu oynayan ölkəmizin XX əsrdə dünyada gedən qloballaşma prosesində öz payı olmuşdu. Müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinə uğurlu inteqrasiya edən Azərbaycan Birləşmiş Millətlər Təşkilatının, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, Qara dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, İslam İnkişaf Bankının, Asiya İnkişaf Bankının üzvlüyünə qəbul edilmiş, Parlamentlərarası İttifaq, Avropa Şurası, Avropa Birliyi, Avropa Parlamenti, NATO və başqa beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələr qurmuşdur. Bunları qeyd edərkən ulu öndər müstəqilliyini yenidən bərpa etmiş demokratik, hüquqi, dünyəvi dövlətimizin təməlinin möhkəm əsaslar üzərində qoyulduğunu, Konstitusiyasının qəbul edildiyini, qanunvericiliyin, hakimiyyətin bölünmə prinsiplərinin, hüquq normalarının dünya standartlarına uyğunlaşdırıldığını da bəyan etmişdir. Dahi lider cəmiyyətin bütün sahələrini əhatə edən köklü dəyişikliklərin, irimiqyaslı islahatların həyata keçirildiyini, ölkəmizin milli neft strategiyasının və konsepsiyasının işlənib hazırlandığını, aparıcı xarici neft şirkətləri ilə müqavilələrin bağlandığını bildirmişdir.

Azərbaycan xalqının taleyində silinməz izlər qoymuş XX əsrin siyasətçilər tərəfindən həm də neft əsri adlandırıldığını deyən ümummilli lider dünya siyasətində və iqtisadiyyatında neftin əhəmiyyətli rol oynadığını, məhz neft ölkəsi olduğu üçün başqa dövlətlərin, xalqların yüz illərlə, əsrlərlə əldə etdiklərinə ölkəmizin qısa müddət ərzində nail olduğunu qeyd etmişdir. Ötən XX əsrdə əldə edilmiş bütün elmi-texniki nailiyyətlərin təməlində məhz neft amilinin dayandığını vurğulayaraq xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizədə öz təbii sərvətlərinin sahibi olmaq arzusunu reallaşdırdığını əminliklə bildirmişdir.

Ulu öndər 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə Azərbaycanın dinamik inkişaf yolunun müəyyənləşdirildiyini, ardıcıl olaraq həyata keçirilən neft strategiyasının respublikamıza böyük həcmdə dividendlər gətirdiyini, ölkəmizin həm regionda, həm də beynəlxalq aləmdə təsir gücünün getdikcə artdığını vurğulamışdır. Zəngin mədəni irsə, qədim tarixə sahib olan xalqımızın tarixə qovuşan ikinci minillikdə dünya mədəniyyəti xəzinəsinə, elminə sanballı töhfələr verdiyini, XX əsrin əvvəllərində milli teatrın canlandığını, dahi bəstəkar Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının 1908-ci ildə ilk tamaşası ilə Azərbaycanda və bütün Şərqdə opera sənətinin təməli qoyulduğunu fəxrlə söyləmişdir.

Azərbaycanın dövlət müstəqilliyini əldə etdiyi dövrü xarakterizə edərkən ulu öndər Şərqdə ilk demokratik respublikanın qurulduğunu xalqımızın şanlı tarixinin şərəfli səhifəsi adlandırmışdır: "Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır... Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu".

1969-cu il xalqımızın tarixində inkişaf mərhələsi olmuş, həmin dövrdə respublikanın dinamik inkişafı üçün kompleks proqramlar işlənib hazırlanmışdır. Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi yazılmış 1970-1985-ci illərdə isə cəmiyyətin həyatında əsaslı dönüş yaratmaq üçün ulu öndər Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı ali elm və təhsil ocağına 3500 azərbaycanlı tələbənin göndərilməsinə nail olmuşdur. Eyni zamanda gənclərin ali hərbi məktəblərə cəlb olunması işinə xüsusi diqqət yetirilmiş, respublikanın gələcək inkişafı üçün yüksəkixtisaslı kadr potensialı formalaşdırılmışdır.

Yeni əsrin başlanğıcında xalqa müraciət edən ümummilli lider 1987-ci ildən başlayaraq ortaya atılan qondarma "Dağlıq Qarabağ" probleminin respublikamızın ərazi bütövlüyünə, vətəndaşların Konstitusiya hüquqlarının pozulmasına yönəldilmiş bir cəhd olduğunu demiş, sərhədlərimizin toxunulmazlığı müxtəlif səviyyəli dövlət qurumları tərəfindən rəsmən dəfələrlə təsdiq edilsə də, Qarabağın Azərbaycanın tərkibindən çıxarılması istiqamətində məqsədyönlü siyasətin həyata keçirildiyini diqqətə çatdırmışdır: "Hələ 1988-ci ilin martında SSRİ rəhbərliyi Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında xüsusi bir qərar qəbul edərək, əslində Dağlıq Qarabağın Azərbaycan SSR-in tabeliyindən çıxarılmasının təməlini qoydu. Heç bir obyektiv əsasa istinad etməyən, qondarma səbəblərlə qəbul edilmiş bu qərarla Dağlıq Qarabağa müstəsna hüquqlar verildi, külli miqdarda vəsait ayrıldı, vilayətin bir çox məsələlərinin həlli birbaşa ittifaq, nazirlik və qurumlarına həvalə edildi". Mərkəzin Azərbaycana qarşı qərəzli siyasət yeritməsi, respublika rəhbərliyinin xalqın taleyinə açıq-aşkar laqeydlik nümayiş etdirməsi geniş xalq kütlələri içərisində qəzəb və etirazlara səbəb oldu və ayağa qalxan xalqın azadlıq, haqq, ədalət uğrunda mücadiləsinin qarşısını totalitar kommunist rejiminin hərbi cinayəti sayılan 20 Yanvar hadisəsi ilə almağa çalışdılar. Bütün bunların fonunda 1991-ci il sentyabrın 14-də Azərbaycan Kommunist Partiyasının 23-cü fövqəladə qurultayında Azərbaycan Kommunist Partiyası da ləğv olundu. Həmin il dekabrın 29-da Azərbaycan Respublikasında da ümumxalq referendumu keçirildi və əhalinin 95 faizi referendumda iştirak edərək müstəqillik, suverenlik yolunu seçdi. Beləliklə də Azərbaycanın müstəqilliyi yalnız SSRİ dağıldıqdan sonra öz tam hüquqi təsdiqini tapdı, müstəqillik haqqında Konstitusiya aktı qüvvəyə mindi.

Ötən əsrdə xalqımız çətin, ziddiyyətli, mürəkkəb proseslərdən keçsə də, əsrin sonunda dövlət müstəqilliyini əldə etdiyini qürurla qeyd edən ümummilli lider yeni tarixi mərhələdə dövlət müstəqilliyinin möhkəmləndirilməsinin, respublikanın ərazi bütövlüyünün bərpasının, keçmiş "Dağlıq Qarabağ" probleminin milli maraqlara uyğun həll olunmasının, ölkə əhalisinin təhlükəsizliyinin və rifahının təmin edilməsinin mühüm tarixi vəzifələr kimi qarşıda dayandığını bildirmişdi. Bəli, tarix, zaman dəyişdi. Müdrik siyasətçi, dahi lider Heydər Əliyevin müəyyənləşdirdiyi ardıcıl, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində bu məqsədlərə nail olundu. Demokratik, müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Müasir, müstəqil, Cənubi Qafqazın söz sahibi olan Azərbaycan indi yeni minilliklərə inamla, mətin addımlarla irəliləyir...

Mehparə ƏLİYEVA,

"Respublika".