23-cü Respublika Bal Sərgi-Satış Yarmarkasına hazırlıq
İqtisadiyyat

23-cü Respublika Bal Sərgi-Satış Yarmarkasına hazırlıq

Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə   02-22 oktyabr tarixlərində arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında ("Gənclik" metro stansiyasının yaxınlığı) baş tutacaq. Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.

Nazirliyin   mətbuat   xidməti bildirir ki, arıçı fermerlər iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi "bal.kendden.azsaytı" vasitəsilə onlayn qaydada həyata keçiriləcək. Arıçılar sayta daxil olaraq müvafiq xanalar üzrə şəxsi və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. Yarmarkada iştirak etmək istəyən arıçılar 28 avqust saat 08:00-dan 1 sentyabr saat 20:00-dək qeydiyyatdan keçməlidirlər.

Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Bu il təşkil olunan bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş, maksimum 250 arıçı iştirak edəcək. Yarmarkaya 2023-cü il avqustun 25-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edən və minimum 40 arı ailəsi olan fermerlər müraciət edə bilərlər.

Bal nümunələrinin  qəbulu 11-17 sentyabr tarixləri arasında baş tutacaq. Bal məhsullarının qəbulu zamanı arıçı fermer şəxsiyyətini təsdiq edən sənəd və gətirmiş olduğu məhsula müvafiq olaraq baytarlıq şəhadətnaməsi təqdim etməlidir. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir.

Bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanışı üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə nümunələr götürüləcək.

Nəriman CAVADOV,

"Respublika".