Müasir çağırışların hədəfi: “Yaşıl enerji
İQTİSADİYYAT

Müasir çağırışların hədəfi: “Yaşıl enerji"yə keçid

Böyük potensiala malik ölkəmiz bu sahədə nümunə olacaq

Son illərdə qlobal enerji təhlükəsizliyində əsas istiqamətlərdən biri də "yaşıl enerji"yə keçiddir. "Yaşıl enerji"yə keçid ən müasir texnologiyalar tətbiq edilməklə ənənəvi resursların bərpaolunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Hazırda bərpaolunan enerji texnologiyalarının sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri "yaşıl enerji" keçidini sürətləndirməkdədir.

Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. Respublikamızın təbii-coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, günəş, torpaq, külək, su, biokütlə təbii enerjiyaratma potensialı baxımından zəngindir və bu, ölkəmizdə ekoloji cəhətdən təmiz alternativ və bərpaolunan enerji mənbələrindən düzgün və səmərəli istifadə edilməsinə geniş imkanlar yaradır. 2030-cu ilədək elektrik enerjisi qoyuluşu gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin "yaşıl enerji" Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində əsas prioritetdir. "Yaşıl enerji ilə bağlı potensial böyükdür". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında söyləyib. Dövlət başçısı bildirib ki, Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavatdır. Quruda olan potensial 27 qiqavatdır, iki il əvvəl müharibə nəticəsində azad edilmiş ərazilərdə isə bu potensial 10 qiqavatdır. Beləliklə, təqribən 200 qiqavat həcmində potensial mövcuddur. Ötən ilin dekabrında Buxarestdə Gürcüstandan Rumıniyaya qədər uzanacaq 4 qiqavat gücündə sualtı kabelin inşası ilə bağlı razılaşma imzalanmışdır. Hazırda texniki-iqtisadi əsaslandırma həyata keçirilir.

2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi olub. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen qeyd edib ki, bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək. Ursula fon der Lyayen sənəddə bərpaolunan enerjiyə geniş diqqət ayrılmasından məmnunluğunu ifadə edərək bildirib ki, bərpaolunan enerji mənbələrinin artan payını inteqrasiya etmək üçün güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə, Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizin dibi ilə çəkiləcək elektrik xətti olduqca vacibdir. Bu, çox iddialı layihədir. Bu layihə Avropanı həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Azərbaycanın ilkin məqamda 4 qiqavatlıq yaşıl enerji resursları ilə bu layihədə iştirakı bir daha onu sübut edir ki, Rusiyanın ənənəvi enerji sanksiyası ilə sınanan köhnə qitə üçün Azərbaycan bir çıxış yolu statusu qazanır.

Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə xarici investorlar da həvəs və inamla qoşulublar. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra - martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməli qoyulub. Günəş-Elektrik Stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Stansiyaların elektrik enerjisi şəbəkəsinə qoşulması üçün investorların 3 yeni yarımstansiya tikməsi planlaşdırılır. Hazırda iki 470 meqavatlıq günəş və külək stansiyaları inşa edilir. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq ki, bu da təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur. Bu stansiyalar hesabına ümumilikdə ildə təxminən 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması gözlənilir. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan edib. Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.

Dövlət başçısı qeyd edib ki, "yaşıl enerji" konsepsiyası Azərbaycan üçün irəliyə aparan yoldur: "Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, işğaldan azad olunmuş bütün ərazilər "yaşıl enerji zonası"nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda biz orada "ağıllı şəhər", hətta "ağıllı kənd" adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq". İşğaldan azad olunan ərazilərimizdə yeni və müasir standartlar tətbiq olunacaq. Digər tərəfdən, vətəndaşlarımız artıq alternativ enerji mənbələrindən istifadə etmək imkanı qazanacaq. Onu da qeyd etmək lazımdır ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27 000 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ-hüquqi aktlar qəbul edilmişdir. Bərpaolunan enerjinin inkişafına xüsusi töhfə verən "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli Qanunu təsdiq edilmişdir.

Ölkəmiz artıq özünü etibarlı neft və təbii qaz tədarükçüsü kimi təsdiqləyib və "yaşıl" enerjinin inkişafı yolundadır. Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin ölkə olmasına baxmayaraq, karbon qazı emissiyalarının azaldılması üzrə qlobal tendensiyaları diqqətdən kənarda qoymur. Belə ki, Azərbaycanın parnik qazı emissiyalarını 2030-cu ilə qədər 1990-cı ilin baza səviyyəsi ilə müqayisədə 35 faiz azaltmaq üçün Paris Sazişindən irəli gələn öhdəliklərə uyğun hərəkət edir. Avropa İttifaqı və Azərbaycan arasında bu yaxınlarda imzalanmış anlaşma memorandumu 2027-ci ilə qədər qaz tədarükünü artırmaqla yanaşı, hidrogendən istifadə və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlıq planlarını da əks etdirir. Mövcud vəziyyət yeni enerji mənbələrinin kəşf olunmasının və onların təchizata daxil edilməsinin vacibliyini açıq şəkildə göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur.

Mustafa KAMAL,

"Respublika".