Texnopark rezidentliyi çərçivəsində iri beynəlxalq İKT şirkətləri Azərbaycana maraq göstərir
İQTİSADİYYAT

Texnopark rezidentliyi çərçivəsində iri beynəlxalq İKT şirkətləri Azərbaycana maraq göstərir

20 iyunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “Tech Mahindra” şirkətinin baş vitse-prezidenti Sandip Padke və şirkətin  Avropa, Böyük Britaniya və İrlandiya üzrə strategiya rəhbəri Şobita Şetti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildirilir ki, görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti də iştirak edib.

Məruzə ilə çıxış edən nazir Rəşad Nəbiyev “Tech Mahindra”nın nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, ölkənin rəqəmsal inkişafında İKT sektorunun mühüm rolunu qeyd edib və hökumətin yerli, eləcə də xarici şirkətlər üçün əlverişli biznes mühitinin yaradılmasına olan diqqətini xüsusi vurğulayıb.

Görüşdə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva, agentliyin beynəlxalq biznesin inkişafı üzrə rəhbəri Loukas Tzitzis tərəfindən ölkədə İKT şirkətlərinə təqdim olunan texnopark rezidentliyi və bu rezidentliyin gətirdiyi imtiyazlar, vergi güzəştləri barədə  təqdimat həyata keçirilib. Eyni zamanda yeni biznes imkanları yaradacaq və iki tərəf arasında bilik və texnologiyanın ötürülməsini asanlaşdıracaq uzunmüddətli əməkdaşlıq formatları müzakirə olunub.

 “Tech Mahindra”nın nümayəndə heyətinin Azərbaycana səfəri vaxtı, eyni zamanda yerli böyük qurum və şirkət rəhbərləri ilə görüşlərin keçirilməsi planlaşdırılır. Səfərin məqsədi Azərbaycanın İKT mənzərəsinin potensialını öyrənmək, mümkün tərəfdaşlıq və biznes əlaqələrinin gücləndirilməsini təmin etməkdir.

“Respublika”.