Monolitliyimizi bir daha nümayiş etdirəcəyik
Digər xəbərlər

Monolitliyimizi bir daha nümayiş etdirəcəyik

Ulu öndər Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi nəticəsində respublikamızın inkişafı naminə 1969-cu ildən başlayaraq həyata keçirilən bütün tədbirləri və qazanılan uğurları diqqətlə izləməklə həmişə qürur duymuşuq. Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Balakən rayonunda da görülən məqsədyönlü işlər əhalinin rifah halını durmadan yaxşılaşdırıb.

Sevindirici haldır ki, ölkəmizin və xalqımızın ən böyük problemi olan Qarabağ münaqişəsi artıq öz həllini tapıb. Lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazisində erməni separatçıları 23 saat ərzində birdəfəlik məhv edildi. Bununla da xalqımızın yekdil səsi ilə 2003-cü ildən bu vaxta qədər Prezident seçilən İlham Əliyev verdiyi bütün vədlərinə uğurlu fəaliyyəti ilə əməl etdi.

Ölkəmizin, xalqımızın bütün potensialını bir məqsəd uğruna səfərbər edən Prezident İlham Əliyevin ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməsi bir çoxlarına görə həlli mümkünsüz sayılırdı. Lakin öz ordusuna, bütövlükdə xalqımıza arxalanan müdrik siyasətçi İlham Əliyev mümkünsüzü mümkün etdi və xalqımızın arzusunu reallaşdırdı.

2018-ci ildə keçirilən prezident seçkilərində İlham Əliyev növbəti dəfə bütün rəqiblərinə xalqımızın yekdil səsi ilə qalib gələrək Qarabağ probleminin həlli üçün böyük işlər gördü. 30 illik işğala son qoyuldu. 44 günlük müharibədə sözü imzası qədər keçərli olan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində ordumuz qələbə qazandı. Antiterror tədbirləri ilə düşmən əbədi olaraq susduruldu, ərazi bütövlüyümüz tam bərpa olundu.

Ötən il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan Xankəndi, Xocalı və digər yaşayış məntəqələrimizdə də bayrağımızı ucaltdı. İlham Əliyev 20 il öncə məhz həmin gün ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uçün ilk dəfə prezident andı içmişdi. Beləliklə, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası həm bölgədə, həm də ölkəmizdə yeni gerçəkliklər yaratdı.

Müstəqil Azərbaycan Respublikası tarixində ilk dəfə prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Biz 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə alnıaçıq və qürurla gedirik. Növbədənkənar adlandırılsa da, bu seçki elə zamanında baş tutur. Bu, elə vaxtdır ki, ölkəmiz ərazi bütövlüyünü təmin edib, ölkə daxilində separatizm ocaqları söndürülüb.

Rayonumuzda yaşayan bütün xalqların nümayəndələri Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində son illər ölkəmizdə qazanılan uğurları yüksək dəyərləndirir. Torpaqlarımızın azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün haqq savaşında müxtəlif xalqların nümayəndələri dövlət başçısının dəmir yumruğu ətrafında sıx birləşdi. Bu birliyimizi fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində də nümayiş etdirəcəyik. Çünki Azərbaycanın daha böyük tərəqqisi və dünyada yerini möhkəmləndirməsi hər birimizin seçimindən asılıdır.

Zəfər seçkiləri adlandırdığımız bu seçki ilə ölkəmiz tarixin yeni inkişaf mərhələsinə başlayacaq. Bu, 1993-cü ildə keçirilmiş prezident seçkilərini xatırladır. O vaxt dövlətimiz üçün olduqca çətin zamanlar idi və xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ölkəni parçalanmaqdan xilas etdi. İndi də dövlətimizin hazırkı gücünü, imicini qoruyub saxlaya biləcək tək lider İlham Əliyevdir. Bu gün İlham Əliyevə alternativ yoxdur. Seçkinin bütün suveren Azərbaycan ərazisində keçirilməsi isə bütöv Azərbaycanın müstəqilliyinin göstəricisidir.

Ərazilərimizin işğaldan azad edilməsinin, Azərbaycanın bərpa olunmuş suverenliyinin memarı İlham Əliyevdir. Bu gün hər birimiz yaxşı bilir və görürük ki, hələ qarşıda həllini gözləyən çox işlər var və bu işləri yalnız Prezident İlham Əliyev həyata keçirə bilər.

Meysarat QAYSAYEVA,

"Novruz" qadın qrupunun

rəhbəri,

Balakən rayonu, Qaysa kəndi.