Mollanın ağıl duası
Siyasət

Mollanın ağıl duası

Son illər İran-Azərbaycan münasibətlərində bir soyuqluq yaranıb. Bu iki müsəlman dövlət, yaxın qonşu ikən uzaqlaşıb, yadlaşıblar. İrandan üzərimizə sanki bir səmum yeli əsir. Biz qonşularımızla münasibətlərimizi daha da yaxın, mehriban məcraya yönəltmək istədiyimiz halda,  İranın bizə soyuq münasibətinin səbəbi  anlaşılan deyil. Bir zamanlar bizə elə gəlirdi ki, İranı Azərbaycanla ayıran yalnız Araz çayıdır. Elə o səbəbdən də: "Arazı ayırdılar, qum ilə doyurdular", - deyirdik. Gördük yox baba, sən demə, bu da İranın xoşuna gəlməyib. Bəs, onda kimdir müqəssir?

Bizim bir düşmənimiz var, o da Ermənistan. Şükürlər olsun ki, İkinci Qarabağ müharibəsində 30 illik işğal altında olan torpaqlarımızı erməni tapdağından, əsirliyindən qurtardıq. Qarabağda, onun kənd və şəhərlərində böyük quruculuq işlərinə başladıq.  Talan edilib, dağıdılmış, xarabazara çevrilmiş yurd yerlərimizi tikib didərgin qarabağlılarımızı öz torpaqlarına qaytarmağa başlamışıq. Artıq Zəngilanın Ağalı kəndində yaşayış təmin olunub, kənd sakinləri rahat həyatlarını yaşayırlar. Azərbaycan öz gücü, öz iqtisadi resursları hesabına sərhədlərini qurur,  möhkəmləndirir. Yaxşı, İranı narahat edən nədir? Yox əgər,  İslam həmrəyliyindən danışırıqsa İran qonşu, qardaş dövlət kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını alqışlamalı və sevinməlidir. Əksinə, biz qələbə qazandıq,  İran sanki yasa batdı. Hətta bir müddət sonra Azərbaycanla sərhəddə hərbi təlimlər keçirdi. İran bir məsələni unudur ki, Azərbaycan hər zaman uzaq , yaxın qonşuları ilə dinc, mehriban, sülh şəraitində yaşamağa üstünlük verir.

İran 30 illik işğal dövründə Ermənistanla sıx münasibətlər quraraq ona hər cür yardım etdi və dəstək göstərdi. Bu proses bu gün də davam edir. Özünü müsəlman ölkəsi adlandıran İran işğal dövründə Azərbaycan ərazisində,  Qarabağda ermənilər tərəfindən dağıdılıb, yerlə-yeksan edilən yüzlərlə məscid və dini abidələrimiz barədə bir kəlmə də danışmadı, münasibət bildirmədi. Niyə? Çünki İranın başı Qarabağda narkoticarətə, narkotik plantasiyalarını əkib-becərməyə  qarışmışdı. Bu gün Azərbaycana qarşı dil uzadan əmmaməli İran mollalarının Qarabağda azərbaycanlıların evlərini, mülklərini söküb daşımaqdan vaxtları yox idi. İran mollalarının gözü Qarabağda dam-daş axtaranda elə lap yaxınlıqda erməni əsirliyində olan müsəlman azərbaycanlıların zülmdən səsləri ərşə çatırdı. Amma əmmaməli mollalar bunu eşitmirdi.  Xocalıda körpələr erməni nizəsində can verəndə, ağsaqqal-ağbirçəklərimizin dərisi soyulanda yenə də İran susdu. Biz bütün bu faciələrimizlə,  dərdlərimizlə, itkilərimizlə toparlandıq,  gücləndik və ərazi bütövlüyümüzü təmin etdik. Torpaqlarımızı erməni işğalından azad etdik, yenə də İran susdu.  Ancaq elə ki, Azərbaycan qalib, qüdrətli dövlət kimi dünyada təsdiq olundu,  əmmaməli yekə-yekə mollalar başladılar danışmağa, bizə dil uzatmağa. Yaxşı,  olsun. Amma bizim də sizə cavabımız,  sözümüz var. Hələ 2021-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edərkən İran mollalarına tutarlı cavab vermişdir. Prezident İlham Əliyev deyirdi: "Bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz,  bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur". 

Ölkəsində vətəndaşlarına, ələlxüsus da azərbaycanlılara qarşı biganə münasibət bəsləyən, onların hüquq və azadlıqlarını tapdayan İran vəziyyəti yumşaltmaq əvəzinə, qonşuların daxili işlərinə qarışmaqdan belə çəkinmir. Əhalisinin böyük bir hissəsini azərbaycanlılar təşkil edən dövlətin isə əsas məqsədi məhz elə Azərbaycanla mehriban şəraitdə yaşamaq olmalıdır. Əks təqdirdə mollaların qısqanc əməlləri elə öz başlarında da çartlayacaq. Çünki İran Azərbaycanı özünə nəinki qonşu, dost ölkə sayır, əksinə düşmən gözündə görür. Əlbəttə ki, bu da İranın özü üçün təhlükəli addımdır. Özünü şir hesab edən dövlət sözdə yox, əməldə gərək şir ola. Mollanın yazdığı ağıl duası deyəsən, özünə gərək olacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".