Mingəçevir: Şəhidin ordeni atasına təqdim olundu
Region

Mingəçevir: Şəhidin ordeni atasına təqdim olundu

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə   44 günlük Vətən müharibəsində iştirak edən bir  qrup əsgər və zabitlər orden və medallarla təltif olunub. Onların arasında mingəçevirli   şəhid  Qurbanov Tərxan Zabit oğlu  da vardır. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.  Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində  Orden şəhidin atası Zabit Qurbanova təqdim edilib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Bələdiyyəsinin  sədri Ramiz Əliyev,  YAP şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şəhər şöbəsinin rəisi Namiq Osmanov,  şəhid ailələri cəmiyyətlərinin sədrləri, şəhid ailələrinin nümayəndələri, qazilər,  məktəb və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı İlham İsmayılov 44 günlük  Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun əldə etdiyi uğurlardan, əsgər və zabitlərimizin şücaətlərindən, möhtəşəm Azərbaycan zəfərindən əhatəli söhbət açıb. Eyni zamanda Vətən müharibəsində mingəçevirlilərin də qəhrəmanlıqla iştirak etməsindən, o cümlədən şəhid Tərxan Qurbanovun həyat hekayəsindən qürurla danışıb. Qəhrəmanlıqlar unudulmur, deyə dövlət başçısının sərəncamlarını diqqətə çatdırıb.

Tədbirdə şəhid Tərxan Qurbanovun təhsil aldığı 3 nömrəli tam orta məktəbin direktoru  Gültəkin Quliyeva və həmin məktəbin müəllimi, Tərxanın sinif rəhbəri Anjelika Səfərova igid əsgərin təhsil illərini xatırlayıb, nümunəvi şagird olaraq, hamının sevimlisi olduğunu vurğuladılar.

                  Zabit XƏLİLOV,

            “Respublika”.