Növbədənkənar prezident seçkiləri Azərbaycanın tam suverenliyinin təcəssümü olacaq
Siyasət

Növbədənkənar prezident seçkiləri Azərbaycanın tam suverenliyinin təcəssümü olacaq

Qarşıdan gələn növbədənkənar prezident seçkilərini artıq tarixi bir hadisə kimi dəyərləndirmək olar. Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazilərimizdə seçkilər keçiriləcək. Bu seçkilər mahiyyətcə dövlətimizin bütövlüyünü və suverenliyini təcəssüm etdirəcək.

Növbədənkənar prezident seçkilərinin keçirilməsini Azərbaycan və bütün region üçün yaranan yeni tarixi reallıqlar diktə edir. Bu reallıqların müəllifi isə Prezident İlham Əliyevdir. 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra dövlət başçımız Azərbaycanın ərazi bütövlüyünün bərpasının həllinin yekun prosesinə start verdi. Ali Baş Komandan xalqın və ölkənin bütün potensialını bu məqsəd naminə səfərbər etdi. 2 il sonra Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək işğal altında olan ərazilərini geri qaytardı. Sonra isə Azərbaycanın bütün ərazisi üzərində suverenliyi bərpa olundu. Bu qələbə də Azərbaycan tarixinə əbədi olaraq qızıl hərflərlə yazıldı.

Bu il oktyabrın 15-də dövlət başçısı Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərinə səfər edərək oradan bütün Azərbaycan xalqına müraciət etdi. Qarabağın ən böyük şəhərində son 3 onillikdə özlərini qondarma “DQR”in rəhbərliyi adlandıran bir dəstə quldur oturmuşdu. Onlar hazırda Bakı həbsxanalarında “çay içirlər”.

Bu, Azərbaycan xalqının və Prezident İlham Əliyevin zəfəri idi. Prezident olduğu müddətdə İlham Əliyev ölkəmizi regional liderə çevirdi. Bugünkü Azərbaycan regionda güclü iqtisadiyyata və orduya malik ən stabil ölkədir. Dövlət başçımızın uğurlu xarici siyasəti sayəsində bütün dünya Azərbaycana hörmət edir. Dünyada elə bir skeptik yoxdur ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu tanımasın. İlham Əliyev öz nümunəsi ilə bir çox dövlətlərin rəhbərlərini dünyada hökm sürən haqsızlıqlara qarşı mübarizəyə ruhlandırdı. İlham Əliyevin BMT tribunasındakı çıxışları Afrika, Asiya və Latın Amerikasının ən kasıb ölkələrində belə milyonlar tərəfindən izlənilib. Daha hansı liderlər Culian Assancın taleyi və dünyada söz azadlığı problemi ilə bağlı məsələ qaldırıb? Prezident İlham Əliyev Azərbaycanı Qərbin neokolonializminə qarşı mübarizədə flaqmana çevirib. Azərbaycan özünü qarşılıqlı faydalı əməkdaşlığa hazır olan etibarlı tərəfdaş kimi təsdiqləyib, Avropanın enerji təhlükəsizliyini təmin edir və eyni zamanda Qərbin onun daxili işlərinə qarışmasına imkan vermir. Azərbaycan İsraillə strateji tərəfdaşlıq qurur, eyni zamanda fələstinlilərin hüquqlarını müdafiə etməkdən də çəkinmir. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan üzləşdiyi problemlərin hamısının öhdəsindən gəlib. Bu gün qaynayan geosiyasi okeanda Azərbaycan azsaylı sabitlik adalarından biridir. Ərazi bütövlüyü bərpa edilmiş respublikamızda qarşıdan gələn növbədənkənar prezident seçkiləri ölkənin suverenliyinin təcəssümüdür.

Aiza ŞABANOVA,

“Respublika”.