Siyasət

"Məzlum" ermənilərin hüquqlarının "müdafiəçiləri"

Ölkəmizə böhtan və qarayaxma kampaniyaları artmaqda davam edir. Xüsusilə Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra beynəlxalq təşkilatların məsələyə ikili yanaşma sərgilədiyi açıq-aşkar müşahidə olunur. Bu siyahıya Avropa Parlamenti kimi nüfuzlu ali qurumlarla yanaşı, hər zaman neytrallıqdan uzaq mövqe sərgiləyən xəbər agentlikləri və media orqanları da daxildir. Lakin bütün dünya başa düşməlidir ki, Azərbaycanın keçirdiyi bütün tədbirlər və əməliyyatlar regionda sülhə, birgəyaşayışa hesablanıb.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov beynəlxalq qurumların apardığı qarayaxma kampaniyasına toxunub: "Lokal antiterror tədbirlərinin ardınca anti-Azərbaycan blokun sonuncu ümid yeri olan Qarabağdakı xunta rejiminin çökdürülməsi regionun geosiyasi nizamının köklü şəkildə dəyişilməsi istiqamətində son addım oldu. Azərbaycana münasibətdə əsas təzyiq rıçaqlarından məhrum olan bir sıra Qərb dairələrini narahat edən də məhz bu məqamlardır və əks reaksiyalar da özünü anti-Azərbaycan ritorikasında və çirkli kampaniyalarda göstərir. Bu fəaliyyətdə əsas arqument kimi Qarabağın erməni əsilli sakinlərinin Azərbaycandan "deportasiya edilməsi", "etnik təmizləməyə məruz qalması" iddiaları artmaqdadır. Baxmayaraq ki, ermənilərin köçü nə nəzəri, nə də praktik-hüquqi baxımdan "deportasiya", yaxud "etnik təmizləmə" hesab edilə bilməz. Azərbaycan Prezidenti ən ali səviyyədə Qarabağın erməni əsilli sakinlərinə sosial və hüquqi təminatlar verib. Nə Vətən müharibəsi dövründə, nə də sonrakı mərhələdə, xüsusən də lokal antiterror tədbirləri zamanı Azərbaycan heç bir formada dinc əhali və mülki obyektləri hədəfə almayıb. Azərbaycan hərbçiləri, Azərbaycan polisi Qarabağda həm köçməkdə olan, həm də qalaraq cəmiyyətimizə reinteqrasiya etmək niyyətində olan ermənilərə münasibətdə xüsusi həssaslıqla davranır. Hətta ermənilər özləri belə mediaya açıqlamalarında bu rəftara görə minnətdarlıqlarını açıq formada ifadə edir, Azərbaycan tərəfindən heç bir təzyiq və təhdidə məruz qalmadıqlarını, Qarabağı ya könüllü, ya da separatçıların çağırışı ilə tərk etdiklərini bildirirlər. Belə olan halda Azərbaycanın Qarabağdan köçmək istəyən ermənilərin qarşısını almaq formasında heç bir öhdəliyi yoxdur. Ölkə ərazisində qalmaq, yaxud tərk etmək Qarabağ ermənilərinin öz hüquqlarına aiddir. Belə olan halda Azərbaycana yönəlik ittihamların kimin səsləndirməsindən asılı olmayaraq heç bir perspektivi yoxdur.

Xüsusən 30 il ərzində 1 milyon məcburi köçkünün hüquqları barədə danışmayan, 300 mindən artıq Qərbi azərbaycanlının deportasiyasına göz yuman, Xocalı, Meşəli, Qaradağlı faciələrinin nəticələrinə susan insan hüquqları təsisatları bu gün Qarabağ ermənilərinin "dözülməz" vəziyyəti barədə qərəzli ittihamlar səsləndirirlər. Xocalıdan, Kəlbəcərdən don vurmuş vəziyyətdə, çarəsiz şəkildə qovulan soydaşlarımızdan fərqli olaraq Azərbaycanı öz avtomobilində, bütün var-dövlətini özü ilə götürərək, ləyaqətli və könüllü formada tərk edən ermənilər ətrafında məzlum dramı formalaşdırmaq ikrah doğurur. Bununla da kifayətlənməyən həmin təsisatlar, o cümlədən "Amnesty International" əlavə təzyiq mühiti formalaşdırmaq məqsədilə Azərbaycanda yenidən "siyasi məhbus ovuna" çıxıb.

Görünən odur ki, bu kimi yanlış ritorikaları ilə 30 il bölgədə münaqişəni uzadan, separatizmə dəstək verən bəzi Qərb dairələri indi də "məzlum" ermənilərin hüquqlarının "müdafiəçisi" kimi çıxış etməklə bölgədə əslində sülhə zərbə vururlar. Lakin Azərbaycan artıq dəfələrlə sübut edib ki, bu cür riyakar davranışlarla cənab İlham Əliyevin yaratdığı reallıqları dəyişmək, rəsmi Bakının iradəsinə təsir etmək mümkün deyil", - deyə deputat vurğulayıb.

Tacir SADIQOV,

"Respublika".