Rəsmi Bakı ilə Ankaranın mövqeyi üst-üstə düşür
Siyasət

Rəsmi Bakı ilə Ankaranın mövqeyi üst-üstə düşür

Aprelin 25-də Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclası baş tutub. Görüş həm dünya ictimaiyyətinə, həm də qərb qonşumuz Ermənistana mühüm mesajlarla yadda qalıb. Qardaş ölkə Türkiyənin regionda cərəyan edən hadisələrdə daim Azərbaycanın yanında olduğu, mövcud proseslərə adekvat cavab verdiyi bir daha öz təsdiqini tapıb.

Türkiyənin keçmiş vitse-prezidenti Fuat Oktayın iclasda səsləndirdiyi fikirlər Ankaranın mövqeyinin təcəssümü kimi qiymətləndirilə bilər. F.Oktay Türkiyənin Ermənistanın Qazaxın işğal altındakı 4 kəndi diplomatik yolla Azərbaycana qaytarmasını alqışladığını da diqqətə çatdırıb. Qeyd edək ki, aprelin 19-da Bakı və İrəvanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyalarının səkkizinci görüşü keçirilmiş, Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilmişdi. Bu, dövlətimizin nail olduğu növbəti qələbə kimi tarixə düşdü. Azərbaycanın bu nailiyyəti, həmçinin delimitasiya prosesində ilk irəliləyiş kimi yadda qaldı, dünya ictimaiyyəti bu uğuru alqışladı. Ümumiyyətlə, son yüz ildə ermənilərin ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasəti mütəmadi olaraq özünü büruzə verirdi. Tarixdə baş verən hadisələrə nəzər yetirsək bununla bağlı kifayət qədər faktlara rast gəlmək mümkündür. Türkiyə isə hər zaman Azərbaycanın yanında olub. İstər keçmiş Qarabağ münaqişəsi, istərsə də torpaqlarını işğaldan azad etdikdən sonra da Azərbaycan qardaş ölkənin dəstəyini daim hiss edib. Bakı ilə Ankara arasındakı mövcud səmimi dostluq və qardaşlıq münasibətləri beynəlxalq aləmdə ölkələr arasında nadir rast gəlinən, mühüm hadisədir. Bu gün hər iki dövləti təkcə maraqlar deyil, eyni zamanda sadiqlik, etibar və qarşılıqlı dəstək bir-birinə sıx bağlayır.

Görüş çərçivəsində Zəngəzur dəhlizi məsələsi də diqqət mərkəzində olub. F.Oktay bildirib ki, Zəngəzur dəhlizinin qısa zaman ərzində açılması vacib və əhəmiyyətlidir: "Bu xəttin açılması ilə Türkiyə tarixi türk coğrafiyasına bağlanacaq. Bu da türk dünyasının daha da güclənməsi və inkişafına şərait yaradacaq. Bu dəhlizin açılması, eyni zamanda Ermənistan üçün də son dərəcə vacibdir. Bununla da bölgədə sülhün əldə olunması təmin oluna bilər". Şübhəsiz, ölkəmizin qarşısında duran mühüm məsələlərdən biri də məhz Zəngəzur dəhlizi ilə bağlıdır. Hazırda sözügedən istiqamətdə İrəvana kifayət qədər təzyiqlər müşahidə edilir. Qərb, xüsusilə Fransa kimi ölkələr Nikol Paşinyanın ölkəmizlə hər hansı bir razılığa gəlməsindən narahatdır. Xüsusi vurğulamaq lazımdır ki, transregional əhəmiyyətə malik olan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi region dövlətləri arasında iqtisadi əlaqələrin şaxələndirilməsinə, o cümlədən istehsalçı, istehlakçı və tranzit dövlətlərin ticarət əlaqələrinin diversifikasiyalaşmasına xidmət edəcək. Bununla yanaşı, regional əməkdaşlıq və region ölkələri arasında iqtisadi təhlükəsizliyin artırılması fonunda Zəngəzur dəhlizi nəzərəçarpacaq dərəcədə mühüm rola malikdir. Çünki məhz bu layihə Avropa və Asiya arasında daha əlverişli tranzit mərkəzə çevrilmək iqtidarındadır. Əlavə olaraq, Qərb və Şərq arasındakı ticarət əlaqələri və nəqliyyat xətləri ilə yanaşı, Şimal və Cənub koridoru üçün də Zəngəzur dəhlizi önəmlidir. Dəhliz öz növbəsində Qərb-Şərq və Şimal-Cənub ticarət xətləri üzrə bağlantının formalaşmasına və gücləndirilməsinə də əlverişli şərait yaradacaq. Bütün bunların fonunda, rəsmi İrəvanın mövcud reallığı qəbullanması və Zəngəzur dəhlizi barədə öz üzərinə düşən öhdəliyi icra etməsi vacibdir. Ermənistan tərəfi unutmamalıdır ki, onun Cənubi Qafqazdakı mövcudluğu qonşu ölkələrlə iqtisadi əlaqələrdən asılıdır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması müstəsna dəyərə malikdir.

İclasda Fuad Oktayın Türk Dövlətləri Təşkilatı barədə söylədikləri də ictimaiyyətin marağına səbəb olub. Belə ki, qardaş ölkənin sabiq vitse-prezidenti türk dövlətlərinin bir-biri ilə əlaqələrinin gücləndirilməsi və bunun gələcək nəsillərə ötürülməsinin əsas hədəflər sırasında olduğunu vurğulayıb: "Türk dövlətlərinin sevinci və kədəri hər zaman ortaqdır". Rəsmi Bakının bu məsələdəki mövqeyi Ankaranın mövqeyi ilə üst-üstə düşür. Bu gün Türk Dövlətləri Təşkilatı mühüm siyasi, iqtisadi, hərbi və mədəni birliyin daha da gücləndirilməsi istiqamətində səylərini artırmağa davam edir. Bu birliyin daha da güclənməsi üçün bütün Türk dünyası dövlətlərinin, müxtəlif ölkələrin tərkibində olan türkdilli muxtar subyektlərin də təşkilata cəlb edilməsi zərurətə çevrilib. TDT Türk dünyasını birləşdirmək, onun inkişafını təmin etmək üçün əhəmiyyətli platformadır. Çağdaş dünyada gedən proseslərə hakim olmaq, müəyyən qlobal məsələləri həll etmək məqsədilə TDT-nin daha da güclənməsinə ehtiyac var. Bu prosesdə Azərbaycan və Türkiyə açar rolunda çıxış edir.

Bütün qeyd etdiklərimiz bir daha Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının əhəmiyyətini bir daha sübuta yetirir. Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş bu təşəbbüs parlamentlərimizin xarici əlaqələr komitələri arasındakı əlaqələrin institusional inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmə, qarşılıqlı dəstək baxımından xüsusi rola malikdir.

Nəzrin ELDARQIZI,

"Respublika".