Məqsəd Azərbaycana təzyiq göstərməkdir
Digər xəbərlər

Məqsəd Azərbaycana təzyiq göstərməkdir

İkinci Qarabağ müharibəsindən artıq 3 il ötür. Azərbaycan regionda sülhü bərqərar etmək üçün bir çox ciddi addımlar atıb. Postmüharibə dövründə dəfələrlə qarşı tərəfə çağırış edib, müsbət yöndə təkliflər irəli sürüb. Tarixə nəzər salsaq görərik ki, sülh çağırışlarını, danışıq yolu ilə məsələləri həll etməyi hər zaman məğlub ölkə təklif edib.

Lakin Azərbaycan daim humanist addımları ilə seçilib. Təəssüf ki, iki ölkə arasındakı məsələlərə bəzi dövlətlər də müdaxilə etməyə çalışırlar. Bunlardan biri də Fransadır. Ötən gün 50-yə yaxın Avropa liderinin, onlarla köməkçinin və jurnalistlərin iştirak etdiyi Avropa Siyasi İcmasının Qranadada keçirilən sammitində Emmanuel Makron Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Lakin bu tamamilə qəbuledilməzdir. Bunun əksinə, Makron hakimiyyətinin bölgəmizdə təcavüzkar Ermənistanın dəstəklənməsi və silahlanmasına yönəlmiş, sülh və sabitliyə mane olan məkrli siyasətinə son qoyması daha düzgün olar.

Mövzu ilə bağlı politoloq Amid Əliyev bildirib ki, ötən gün İspaniyada baş tutan dördtərəfli görüşün nəticəsi olaraq yekun bəyanat qəbul olunub: "Bəyanat birtərəfli və əsasən də Azərbaycanın maraqlarına uyğun olmayan elementlərlə zəngindir. Belə ki, Ermənistanın bir daha Azərbaycanın ərazisini tanıdığı halda bəyanatda bu haqda bir kəlmə belə yoxdur. Ermənistana maliyyə yardımının 25 milyona qədər artırılması deyildiyi halda, Azərbaycana hansısa yardımdan söhbət getmir.

Son əməliyyatlardan sonra həbs edilmiş və ya saxlanılmış terrorçuların qaytarılması tələbi belə Avropa qurumlarının riyakar siyasətindən xəbər verir. Bölgədə reinteqrasiya prosesləri beynəlxalq müşahidəçilərin nəzarəti altında aparılır. Bölgəni tərk edən ermənilərdən alınan müsahibələrdə onların öz istəkləri ilə getdikləri bildirilir. Bir neçə gün bundan öncə BMT və Qırmızı Xaç Komitəsinin nümayəndələri bölgəyə səfər etdilər və hər hansı bir zorakılıq, mülki infrastrukturun dağıdılması və ya şikayətlərin olmaması haqqında bəyanat verildi. Əsl faktlar və detallar bundan ibarətdir.

Yekun bəyanatda yer alan fikirlərin müəllifi isə Fransadır. Əsas məqsəd Azərbaycana qarşı yeni təzyiqlər formalaşdırmaq, beynəlxalq ictimaiyyətin fikrini yayındırmaqdan ibarətdir. Bu isə Azərbaycanın milli maraqlarına və sülh siyasətinə tamamilə ziddir. Buna görə də həmin bəyanatda yer alan fikirlərin heç bir siyasi, hüquqi əsası yoxdur".

"Respublika".