Məktəblilərin rəsm müsabiqəsi 
Gündəm

Məktəblilərin rəsm müsabiqəsi 

Balakən Rayon İcra Hakimiyyəti və təhsil sektorunun birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsinə yekun vurulub.

"Respublika" xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqə 2 mərhələdə keçirilib, məktəb mərhələsində qalib elan edilən rəsm əsərləri rayon mərhələsinə təqdim edilib. Ümumilikdə isə, ilkin mərhələdə 40-dan çox ümumtəhsil məktəbinin yüzə yaxın şagirdi öz rəsmləri ilə iştirak edib və həmin mərhələdə seçilən rəsmlər müsabiqənin rayon mərhələsində nümayiş etdirilib.

Balakən şəhər Uşaq İncəsənət məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsində fərqlənən rəssamların əl işlərindən ibarət sərgi və müsabiqənin yekun tədbiri təşkil edilib.

Balakən RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova qeyd edib ki, müsabiqənin məqsədi Heydər Əliyev irsini təbliğ etmək, istedadlı şəxsləri üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, aktiv peşəkar sənətə istiqamətləndirmək, yeniyetmə və gənclər arasında maddi və mənəvi dəyərlərimizə məhəbbət hissini aşılamaqdır.

Müsabiqə qaliblərinə Balakən Rayon İcra Hakimiyyətinin diplomları və qiymətli hədiyyələr təqdim edilib.

M.NƏRİMANOĞLU,
“Respublika”