PUA-ların istifadəsinə dair təlimlər
Digər xəbərlər

PUA-ların istifadəsinə dair təlimlər

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin mütəxəssisləri üçün aqrar təyinatlı pilotsuz uçuş aparatlarının idarə edilməsi üzrə təlimlər davam edir. Nazirliyin məlumatında qeyd edilir ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimlərdə Türkiyədən dəvət olunmuş mütəxəssislər iştirakçılara pilotsuz uçuş aparatlarının xüsusiyyətləri, istifadə qaydaları, texniki göstəriciləri haqqında nəzəri biliklər öyrədirlər.

Təlimlərə bu günə kimi 62 iştirakçı qatılıb. İştirakçılar Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və Qobustan Heyvandarlıq Nümayiş Kompleksində multispektral dronlar vasitəsilə avtopilot rejimində çəkilişlərin aparılması, sahədəki torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bununla yanaşı bitki örtüyü indeksinin müəyyən edilməsi istiqamətləri, eyni zamanda çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə uçuş təcrübələri həyata keçiriblər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Göyçay rayonunda təlim iştirakçıları ilə görüşüb və onlara sertifikat və vəsiqələrin təqdim olunması mərasimində iştirak edib. Nazir təlim zamanı iştirakçıların praktiki bilikləri mənimsəmə səviyyəsi ilə maraqlanıb, müasir aqrar təyinatlı dronları idarə edəcək mütəxəssislərin hazırlanması istiqamətində görülən işləri müsbət qiymətləndirib.

“Respublika”.