Məğlub ölkənin hərbi təxribatları Azərbaycanın yaratdığı reallıqları dəyişə bilməz
Digər xəbərlər

Məğlub ölkənin hərbi təxribatları Azərbaycanın yaratdığı reallıqları dəyişə bilməz

Ötən gün Ermənistanın Laçın rayonu istiqamətində hərbi təxribat törətməsi bir daha göstərir ki, bu dövlət hələ işğal arzularından əl çəkə bilmir. Elə hesab edirlər ki, nəyəsə nail ola biləcəklər. Amma gəlin, 30 illik işğala son qoyan "Dəmir yumruq" əməliyyatından sonra baş verən hərbi təxribatlara nəzər salaq. Hamısında nəticə eynidir: işğalçı dövlətə layiq olduğu cavab verilib. Aprelin 11- törədilən təxribatın qarşısı da qətiyyətlə alındı, düşmən xeyli sayda itki verdi. Ermənistan nədənsə, törətdiyi bu təxribatların nəticələrini dərindən təhlil edib özləri üçün lazımi dərs çıxarmır.

Son zamanlar müntəzəm xarakter alan erməni təxribatları bir daha təsdiqləyir ki, haylar birmənalı şəkildə sülhdən yayınır. Nikol Paşinyan başda olmaqla digər erməni rəsmiləri utanmadan sərsəm bəyanatlar səsləndirərək Azərbaycanı ittiham edirlər. Amma bütün dünya bilir ki, 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra Azərbaycan məğlub tərəfə sülh müqaviləsi bağlamağı təklif etdi. Bu günə qədər həmin təklifdən boyun qaçıran, sülhdən yayınan da Ermənistandır. Nikol Paşinyan, Ararat Mirzoyan başqalarının boşboğazlıq edərək utanmadan öz günahlarını Azərbaycanın üstünə yıxması onların əsl simasını ortaya qoyur. Həmçinin qeyd edim ki, ermənilər vaxtı uzatmaqla vəziyyətin dəyişəcəyinə, kimlərinsə onlara kömək edəcəyinə ümid bəsləyirlər. Hətta Avropa İttifaqının missiyasını görüb cürətlənirlər. Bir az da irəli gedərək KTMT missiyasını Ermənistana cəlb etməyə çalışırlar. Bu yolla yenidən ənənəvi təcavüzkar, işğal planlarını reallaşdıra biləcəyi arzusu ilə sayıqlayır, belə mənasız, boş xəyallarla öz ölkələrini məhvə sürükləyirlər.

Bu, hamıya bəllidir ki, Azərbaycan güclü dövlətdir, regionun lideridir, söz sahibidir. Ona görə həm Ermənistan, həm havadarları vəziyyəti düzgün qiymətləndirməli, baş verənlərdən dərin nəticə çıxarmalıdırlar. Əks təqdirdə, təbii ki, əvvəlkilərdən artıq əvəz ödəyəcəklər.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının (AHİK) sədri,

Milli Məclisin deputatı.