Media Reyestrinin tətbiqi şəffaflığı təmin edəcək
Digər xəbərlər

Media Reyestrinin tətbiqi şəffaflığı təmin edəcək

Prezident İlham Əliyev 26 sentyabr 2021-ci ildə imzaladığı Fərmanla “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib. 14 oktyabr 2022-ci il tarixindən etibarən isə Reyestr fəaliyyətə başlayıb.

Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdirilir. Bu, jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların vahid bazada toplanması deməkdir. Bununla belə, proses məcburi deyil. Media subyektləri mütləq şəkildə, jurnalistlər isə Media Reyestrinə könüllülük prinsipi əsasında daxil edilir. Media Reyestrinə daxil olan jurnalistlərə vəsiqələr də təqdim olunur. Bu isə sağlam media mühitinin formalaşması baxımından çox müsbət və vacib addımdır. Çünki bu yolla mətbuatımız təsadüfi “jurnalistlərdən” təmizlənir. Media Reyestrinin aparılması bir sıra digər məsələlərin həllində də mühüm rol oynayır. Bu addım media subyektlərinin və bu sahədə çalışan şəxslərin fəaliyyətinin, eyni zamanda, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına şərait yaradır. Digər mühüm amil hüquqi məsələlər ilə bağlıdır. Belə ki, Media Reyestrinin aparılması media subyektlərinin və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsini təmin edir. Reyestrə düşmüş media orqanı və jurnalist artıq hüquqlarının qorunması üçün mühüm istinad nöqtəsinə malik olur.  Eyni zamanda, Media Reyestri jurnalistlərin akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsini də təmin edir. Qələm əhlini maraqlandıran əsas məsələlərdən biri güzəştlərdir ki, Reyestr media subyektləri və jurnalistlərə müxtəlif imtiyazlardan yararlanmaq imkanı verir. Jurnalistlərin sosial-iqtisadi rifahının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Bu ilin 8 fevral tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmanla jurnalistlər güzəştli ipoteka kreditlərindən yararlana bilən şəxslər kateqoriyasına daxil edildi. Media Reyestri güzəştli ipotekadan istifadə hüququ olan jurnalistləri də müəyyənləşdirir.

Bu üstünlüklərdən faydalanmaq üçün isə tələblər sadədir. Ali təhsil və jurnalistika sahəsində ən azı 3 illik staj başlıca şərtdir. Bundan əlavə, jurnalistin fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası qaydalarına riayət etməsi, informasiyadan istifadə və istinad tələblərinə uyğun davranması, çalışdığı media subyektinin davamlı fəaliyyət göstərməsi kimi tələblər də mühüm əhəmiyyət kəsb edir. Media Reyestrinə daxil edilmək üçün müraciət edən jurnalistlər tərəfindən məlumatlar təqdim edildiyi tarixdən 5 iş günü müddətində yoxlanılır. Problemlər aşkarlandıqda isə onların aradan qaldırılması barədə jurnalistlərə elektron qaydada bildiriş göndərilir.

Son məlumata görə, artıq 200-ə qədər media subyekti media reyestrinə daxil olub. Lakin imtina cavabı alan subyektlər də var. Bu isə son dövrdə jurnalistlərin sosial media və müxtəlif platformalarda narazılığını bildirmələrinə səbəb olub. Bu məqamda isə bir sual ortaya çıxır. Bəs Media haqqında qanundan narazı olanlar kimlərdir? Qanundan, daha dəqiq desək, qanunun tələbi olan media reyestrindən narazıları bir neçə qrupa bölmək olar. Onlardan ilki Media Reyestrinə daxil edilməsindən imtina olunmuş subyektlərdir. Daha dərindən araşdırsaq görərik ki, bu media orqanları jurnalistikaya aid olmayan işlərlə məşğul olur, pul qarşılığında sifarişli yazılar yazır, adları tez-tez rüşvətdə hallanır. Maraqlısı budur ki, bu redaksiyalar adətən 1-2 üzvdən ibarət olur və müxtəlif şəxslərin şəxsi maraqlarına uyğun yazıları tirajlayır. Əksər hallarda feyk xəbər üçün istifadə olunan bu tip subyektlər informasiyanın dövriyyəyə buraxılması, daha sonra geniş arealda manipulyasiya olunması üçün alət kimi istifadə edilir.  

Qanunla bağlı etirazını bildirən ikinci qrup isə daha çox siyasi motivlərlə çıxış edirlər. Onlar beynəlxalq konvensiyalara, demokratiya, media azadlığı və insan haqları ilə bağlı sənədlərə istinad edirlər. Halbuki etiraz edənlərin əksəriyyəti qlobal proseslərlə maraqlanmır, beynəlxalq səviyyədə qəbul olunan qərarları təhlil edə bilmirlər. Sözsüz ki, onlar dünya səviyyəli mətbuat orqanlarının idarə olunmasından danışanda bir növ xalqı manipulyasiya etməyə çalışırlar. Çünki heç bir səbəb olmasa belə, etiraz etmək onların “vəzifə borcu” və ya əldə etdikləri güzəşt qarşılığında qarşılarına qoyulan tələbdir.

İmtina cavabı alanlar arasında qanunla tələbi edilən 20 orijinal kontenti yaratmaq üçün resursu çatmayan, rəhbərinin ali təhsili olmayan və ya digər tələblərə cavab verməyənlər də var.

Media reyestrinə düşmək prosesində media subyektləri qədər fərdi jurnalistlərin də narazılığı ortaya çıxır. Burada isə məsələ fərqlidir. Araşdıranda görürük ki, bəzi jurnalistlərin uzun illər boyu əməyi istismar olunub. Məhz elə hər hansı kadastrın olmaması səbəbindən aralarında tanınmış jurnalistlərin də olduğu xeyli şəxs heç bir dövlət reyestrində ştatlı işçi kimi göstərilməyib, müqaviləsiz işlədiliblər. Çoxunun əmək kitabçası ya yoxdur, ya da saxta yazılıb. Bu problemi isə reyestr yaratmayıb. Reyestr sadəcə olaraq mövcud olan problemi ortaya çıxarıb. Belə ki, Media Reyestri məlumatları vahid əmək bazasından toplayır. Əgər informasiya bazada yoxdursa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu şəxslərin pensiya hüququnu tanımayacaq. Proses zamanı isə jurnalist media subyektinin rəhbərindən işə götürülməsini, onunla müqavilə bağlanmasını tələb edəcək. Bu da jurnalistin təkcə media reyestrinə daxil olmasını təmin etmir, həm də gələcək fəaliyyəti, iş stajı, təqaüd və sığorta problemlərini də həll edəcək.

Beləliklə, görünən odur ki, təhlil qabiliyyəti olmayan, əsaslı arqumentlərlə çıxış edə bilməyən media nümayəndələri belə imic formalaşdırmaq istəyirlər ki, guya Media Reyestri onların fəaliyyətini məhdudlaşdırmaq istəyir. Hətta daha irəli gedərək iddia edirlər ki, ölkədə mətbuat azadlığı boğulur. Həmin şəxslərin məramları, eləcə də tapşırıqları kimdən aldıqları məlumdur.

Lakin unutmamalıdırlar ki, təqribən bir həftə əvvəl Azərbaycanın hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı İranın casus şəbəkəsi ifşa edildi, "SalamNews" informasiya agentliyi və "İnterAz" kanalının pozucu fəaliyyəti də bu zaman üzə çıxdı. Bu mənada, qəbul edilən yeni media qanununun, eyni zamanda, Media Reyestrinin aparılmasının zəruriliyi özünü göstərir. Şəffaf, eləcə də sağlam media mühitinin formalaşması üçün bu kimi tədbirlərin görülməsi vacibdir.

Bütün bu məqamları nəzərə aldıqda isə belə bir qənaətə gəlmək olur ki, Media Reyestri Azərbaycan mətbuatının inkişafı üçün yeni bir mərhələnin əsasını təşkil edir. Buna qarşı çıxanlar isə bunu bilərəkdən hansısa şəxsi maraqları naminə edirlər. Real problemləri olan, eləcə də texniki səbəblərdən Reyestrə daxil ola bilməyən media subyektləri və fərdi jurnalistlərin problemləri düzgün müraciət edildiyi halda aidiyyəti qurumlar tərəfindən öz həllini tapacaq.

Jalə QASIMZADƏ,

“Respublika”.