MDB-nin İcraiyyə Komitəsinin və MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurası Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir
Gündəm

MDB-nin İcraiyyə Komitəsinin və MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurası Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir

Bakıda keçiriləcək MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvəti ilə MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurası və İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyətləri ölkəmizə işgüzar səfərə gəlib.

Bu barədə "Respublika"ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Baş prokuroru ilə nümayəndə heyətinin rəhbərləri - İqor Malaşeviç və Vladimir Zimin arasında keçirilən ikitərəfli görüşdə təşkilatın işinin təkmilləşdirilməsi, ona üzv olan dövlət arasında hüquqi müstəvidə qarşılıqlı münasibətlərin, cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi, əməkdaşlığın gələcək perspektivləri üzrə müzakirələr aparılıb.

Baş prokuror Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində fəal iştirak etdiyini, ölkəmizin bir çox postsovet ölkələri ilə səmimi dostluğa və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr qurduğunu bildirib. Bu əlaqələrin təşkilat çərçivəsində də davam etdirilməsinin qarşılıqlı etimadın artmasına müsbət təsir göstərdiyini vurğulayıb.

İqor Malaşeviç və Vladimir Zimin təmsil etdikləri qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini, ölkəmizin təşkilatın fəaliyyətində fəal iştirak etməklə daim onun işinə töhfəsini verdiyini bildiriblər.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin səmərəliliyi üzrə faydalı fikir mübadiləsi aparılıb.