Makronun siyasəti Fransanı məhvə aparır
Dünya xəbərləri

Makronun siyasəti Fransanı məhvə aparır

İkinci Qarabağ müharibəsindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, sülhə tam nail olunmayıb. Şübhəsiz ki, ölkəmizin müsbət addımları bu prosesi nə qədər sürətləndirsə də, xarici qüvvələrin təsiri bir o qədər ləngidir. Bu mənada Fransanın yaratdığı situasiyanı vurğulamaq yerinə düşər.

Paşinyanın ilk gündən sülh prosesinə Makronu cəlb etməsi onun zəif siyasətindən irəli gəlir. Elə buna görə də ötən il Brüsseldə nəzərdə tutulan görüşün keçirilməsinə Paşinyanın tələbləri məneə törədib. Belə ki, Nikol Paşinyan görüşə bir şərtlə razılıq verib ki, orada Fransa prezidenti də iştirak etsin. Qətiyyətlə bu fikri inkar edən və qəbul etməyən Prezident İlham Əliyev bildirib ki, Praqa görüşündən 1 həftə sonra prezident Makron öz müsahibəsində Azərbaycanı ittiham edərək etmədiyimiz işlərdə bizi günahlandırıb. Makronun ölkəmizlə bağlı səsləndirdiyi bəyanat əsassızdır və qərəzli mövqe daşıyır. Moskvanın gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla məşğul olduğunu vurğulayan Makron, həmçinin bildirib: "Son iki ildə sərhəddə nə baş verir... 5000 Rusiya əsgəri guya sərhəddə təhlükəsizlik təmin etmək üçün orada yerləşir, lakin ruslar bu, bir neçə yüz illik münaqişədən istifadə edib, Türkiyənin də iştirakı ilə Azərbaycanla oyuna qatılıb və nə vaxtsa yaxın olduqları bir ölkə olan Ermənistanı zəiflətmək üçün geri dönüb".

Şübhəsiz ki, bu kimi nitqlər təxribat xarakterlidir. Ölkə başçımız deyib ki, Fransa bu addımlarını dünya ictimaiyyətini çaşdırmaq məqsədilə atıb: "Bundan sonra Fransa hökumətinin belə münasibətilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük... Rusiya Federasiyasının ünvanına "Rusiya Azərbaycan oyununu oynadı" kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını qoy Fransa ictimaiyyəti müəyyən etsin".

Şübhəsiz ki, Makrondan öncəki dövrdə ölkələrimiz arasında siyasi-strateji əlaqələr mövcud olub. Prezident İlham Əliyev münasibətlərin kifayət qədər ölçülüb-biçilmiş olduğunu vurğulayıb. Lakin Makronun anlamsız hərəkətləri iki ölkə arasında aşılmaz divarlar hörür. Əlbəttə, Fransada əvvəllər də erməni diasporları mövcud olub. Və bu münasibətlər tarazlaşmış formada davam etdirilib. Buna əsasən, fevral ayında keçirilən Münxen Təhlükəsizlik Konfransı zamanı Fransa prezidenti Emmanuel Makron nitqinin əsas hissəsində Ermənistanın dostluq mesajlarına və anti-Rusiya çıxışlarına yer verib. O bildirib ki, Fransa hər zaman Ermənistanın yanındadır. Hazırda Fransanın anti-Türk, anti-İslam çıxışları dünyaya məlumdur. Bu da iki ortaq mövqeli dövlətin "bacı" olmasına təkan verir. Şübhəsiz ki, Fransa uzaq məsafədən bölgədə gedən proseslərə müdaxilə etməyə çalışır. Hazırda gündəmdə olan məsələ isə Hayastanla sülh müqaviləsinin imzalanmasıdır. Bu müstəvidə əgər Fransanın anti-Azərbaycan hərəkətləri davam edərsə, Fransa hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi ilə bağlı təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi, bu məsələlər barəsində Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması ilə bağlı Milli Məclisin 15 noyabr qətnaməsində bildirilib. Bundan başqa, 2020-ci ilin noyabrında Fransa Respublikası Senatı "Dağlıq Qarabağ respublikası"nın tanınmasına dair qətnamə layihəsi qəbul edib. Bu da haqlı olaraq Azərbaycanın etirazına səbəb olub. Bundan başqa, ötən il yenə Fransa Senatı qondarma iclas keçirərək Azərbaycana qarşı nifrət ifadə edib. Bu nöqteyi-nəzərdən Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə Fransanın bu kimi rəftarı zərbə vurur və ləngidir.

Əlbəttə, Fransanın məqsədi "bacısı"nın yanında olmaq yox, regionda özünə yer etməkdir. Fransa hakimiyyəti kolonialist keçmişinin ətaləti əsasında hərəkət edir və bu səfərin hədəfi də elə Qərb qonşumuzdur. Lakin Ermənistan ilk növbədə "bacı"sının keçmiş tarixçəsini araşdırmalıdır. Bu zaman o, görər ki, Fransa bir ölkəyə yaxınlaşıb ona yardım göstərir, dost olur, sonra isə ələ keçirir. Tarix vərəqlərində bunun nümunəsi çoxdur. Misal üçün özündən minlərlə kilometr uzaqlıqda olan Afrika, Kaledoniya kimi ölkələrdə də öz müstəmləkəçiliyini əldən vermək istəmir. Tarixə nəzər salsaq, 300 il müddətində Afrikanın Fransanın nəzarətində qaldığını, Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələrdən həmin illərdə qul ticarəti mərkəzləri kimi istifadə edildiyini və bölgədəki bütün resursların istismar edildiyinin şahidi oluruq. Bu isə neokolonist ölkənin bir tərəfdən işğalçı və digər işğalçı dövlətlərə qeyd-şərtsiz dəstək verən bir dövlət olduğunun açıq nümunəsidir. Bu yaxınlarda Fransa qoşunlarının Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərib.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə çıxışı zamanı bildirib ki, Fransanın soyqırımlarla dolu hakimiyyətində milyonlarla azlıqlar, millətlər qətlə yetirilib: "Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram".

Həmçinin ölkə başçımız bu günə qədər 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirildiyini də vurğulayıb. Bu da azmış kimi, Paris muzeyində hələ də onların kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanıldığı bildirilib. Ölkə başçımız Fransa prezidenti Emmanuel Makrona çağırış edərək tələb edib ki, həmin qəhrəmanların qalıqları Əlcəzairə təhvil verilsin.

Qeyd edək ki, Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi müddətində bu kimi azlıqlara öz mövqelərindən çıxış etmək üçün imkanlar yaradılıb. Kanak Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) BMT nümayəndəsi Maqali Tingal-Lemen də Qoşulmama Hərəkatının nazirlər görüşündə jurnalistlərə verdiyi müsahibəsində Fransanın qəddarlığından, həmçinin maliyyə təzyiqi ilə neokolonial siyasət yürütdüklərini vurğulayıb. Həmçinin o, hazırkı vəziyyətləri ilə bağlı bəyanatına görə Azərbaycan Prezidentinə təşəkkür edib. Onunla yanaşı, Tahiti nümayəndəsi Ella Tokoragi də ikiüzlü Fransaya nəzərən Azərbaycan Prezidenti İlham Əliyevin iclasda çıxışının, səsləndirdiyi fikirlərin səmimi olduğunu bildirib. O, həmçinin bu gün hələ də ölkəsində Fransanın müstəmləkə siyasəti və bunun acı reallıqlarını yaşadıqlarını açıqlayıb: "2 iyul 1966-cı ildə ilk dəfə Fransa Tahitidə ilk nüvə silahını sınaqdan keçirib. Bu günə qədər 193 sınaq həyata keçirilib. Təsəvvür edin, bu sınaqlar ölkəmdə hansı problemlərə yol açıb. Bu gün xəstə doğulan uşaqların hesabını itirmişik. Xalqımız xərçəng xəstələyinin müxtəlif növləri ilə üz-üzədir. Fransanın müstəmləkəçilik siyasəti bu fəlakətlərə gətirib çıxarır".

Töhfə SƏMƏDOVA,

"Respublika".