Maddi-mədəni irsimiz
Region

Maddi-mədəni irsimiz

Kür çayının üzərində bərələr var idi...

Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində indi 3 körpü, panton üzərində qurulmuş daha bir bərə əhalinin istifadəsindədir. Bu körpülərdən əvvəl adamlar Kür çayı üzərində quraşdırılan bərələrdən istifadə edirdilər. Sabirabadlı ağsaqqal Şiraslan Qasımov deyir: “Bizim ərazidən keçən hissədə 4 bərə var idi. Cavad, Surra, Ulacalı və Qasımbəyli kəndlərində bərələr Muğanı Şirvanla, Millə birləşdirirdi. Hər bərənin öz tarixi var idi. Onlar ayrı-ayrı imkanlı kənd sakinləri tərəfindən qurulmuşdu. Yığılan vəsait bərəçiyə əməkhaqqı kimi verilir, bir hissəsi bərənin cari təmirinə xərclənirdi”.

İnsan olub keçənləri xatırlayarkən onda bir əminlik yaranır: “Həyat doğrudan da inkişafdadır”. El ağsaqqalı danışdıqca, mən, yetmişinci illəri xatırlayıram. Sabirabad rayonunun Surra kəndində yaşayan, o vaxtkı Əli Bayramlıda iş icraçısı işləyən dostumuzun toy məclisinə dəvətli idik. Məclis axşam saat yeddiyə təyin olunmuşdu. Kür çayının üzərindəki bərə ilə Surra kəndinə keçmək lazım gəlirdi. Lakin burada son dərəcə böyük növbə yaranmışdı. At-araba, maşın, cürbəcür texniki vasitələrin sayı-hesabı yox idi. Gözləməli olduq və bu, xeyli uzun çəkdi. Surraya toy məclisi qurtarana yaxın çata bildik. Artıq əhvalımız da təəssüf ki, toy əhvalı deyildi.

Çaylar üzərinə körpünü əvəz edən vasitələr təkcə bərələrdən ibarət deyildi. Doğulduğum kəndin arxasından enli Taxta çayı axırdı. Çayın üzərində körpü əvəzinə bir neçə kolaz (buna “qayıq”da deyirdilər) var idi. Kənd adamları bir-birini çayın o tayına keçirdib, kolazı öz yerinə qaytarırdı.

 Beləliklə, tarixi inkişaf nəticəsində su nəqliyyatının ən arxaik növü olan qayığın müxtəlif formaları (kolaz, bərə, gəmi və s.) ortaya çıxmışdır. Bunlar bizim maddi-mədəni irsimizə nümunə olduğu üçün xeyli qiymətlidir. Qayıq növləri arasında kolaz xüsusi yer tuturdu. Bu üzmə vasitəsi qayığın inkişafı nəticəsində ortaya çıxmış, sonrakı mərhələdə bərənin yaranması üçün əsas yaratmışdır.

Azərbaycanda təknəvari quruluşa malik olan qayıqlar “kolaz” adlanırdı. Eni 70-80 santimetr, hündürlüyü 26-30 santimetrə çatan yonma üsulu ilə hazırlanmış kolaz qayıqların ən böyüyü idi, uzunluğu 7-8 metr, ən kiçiyininki isə 3-4 metr olurdu. XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq, yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən “düz dibli kolaz” da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu. İçərisinə su dolmasın deyə taxtalar arasındakı boşluğa qatran doldururdular. Qədim zamanlarda isə bu məqsədlə piy və ya köpək balığının yağı istifadə edilmişdir. Avarla həkətə gətirilən kolazın içərisində oturacaqlar düzəldilirdi. XIX əsrdə Azərbaycanda Rusiyadan gətirilmiş yastı dibli qayıqlar da (şlyubka) işlədilmişdir. Yeni tipli kolazın yaradılmasında bu qayığın xeyli təsiri olmuşdur.

Azərbaycanda kolaz su nəqliyyatı vasitəsi kimi başlıca olaraq bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilirdi. Lakin daha ağır yüklərin daşınması üçün bu nəqliyyat vasitəsi özünü doğrultmadığından, su nəqliyyatının başqa növünün yaradılmasına ehtiyac duyulmuş və bunun nəticəsində bərə meydana gəlmişdir. Bərədən, bir qayda olaraq, iri çaylardan ağır yükləri keçirmək üçün istifadə olunduğundan o, iki qayıq üzərində qurulmuş taxta meydançadan ibarət olurdu. Bərənin işlədiyi yer keçid adlanırdı. Keçidlərə onların yerləşdiyi ərazilərin adları verilirdi.

Kolaz XIX-XX əsrlərdə Lənkəran, Salyan, Zərdab və Sabirabad rayonları ərazisində su nəqliyyatı vasitəsi kimi işlədilmişdir. XIX əsrin sonu -XX əsrin əvvəllərində Kür çayı üzərində əsas keçidlər Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Zərdab, Pirazı, Mingəçevir, Araz çayı üzərində isə Abbasabad, Saatlı və Bülqan ərazisində idi. Naxçıvan ərazisində Araz çayı üzərində Qaqac, Dərəşam və Culfa keçidləri də var idi. Bu keçidlərdə hər biri 300 puda qədər yük götürən bərələr işləyirdi.

Kür və Araz çayları üzərindəki bir çox keçidlərdə hazıda da bərələrdən istifadə olunur. Böyük yükgötürmə qabiliyyətinə malik olan bərələr kiçik buxar gəmiləri vasitəsilə hərəkətə gətirilirdi. Kür çayı üzərində ən çox bərə tarixən Zərdab ərazisində fəaliyyət göstərmişdir. Burada iki məqam xüsusi ilə diqqəti cəlb edir. Qarabağa qapı rolu oynayan Zərdab Xəzər dənizi ilə Kür boyu yuxarı qalxan ticarət gəmilərinin yan aldığı ərazi idi, burada kiçik çay limanı yerləşirdi. Buradan yuxarı Kür çayı ilə üzmək çətinlik yaradırdı. Digər tərəfdən, Şamaxı, Bakı və s. yerlərdən gələn karvanlar Kürü Zərdabın kəndlərindəki bərələr vasitəsilə keçib Qarabağa üz tutmuşlar. Orta əsrlərə aid sənədlərdə göstərilir ki, Zərdabın Körpükənd kəndində bərə olmuşdur. Şamaxıdan gəlib Qarabağ ərazisinə, Gürcüstana, İrana gedən karvanlar bu körpüdən keçirdi.

Zərdab ərazisində ikinci bərə 1980-ci illərədək Qoruqbağı kəndi yaxınlığında fəaliyyət göstərmişdir. Ağcabədi bazarına gedənlər mal-qaranı bu bərə vasitəsilə Kürün sağ sahilinə keçirirdilər. Zərdab şəhərinin cənub qurtaracağında, Qaravəlli, Əlvənd, Ağabağı kəndlərində bərələr fəaliyyət göstərmişdir. Müəyyən haqq ödəməklə əhali bərələrin xidmətindən istifadə edirdi. Kür çayı üstündə tikilən müasir körpülərin sayı artdıqca bərələr əhəmiyyətini itirmişdir.

“Əhəmiyyətini itirsə də” müasir Azərbaycanımızın inkişafında maddi-mədəni irsimizin saysız-hesabsız nümunələrdən biri kimi bərələri də xatırlamaq fikrimizcə, yerinə düşür.

Tofiq HÜSEYN,

“Respublika”.