Torpaq məcralı kanallar beton üzlüyə alınır
Region

Torpaq məcralı kanallar beton üzlüyə alınır

Meliorasiya və su təşkilatlarının qarşısında duran əsas vəzifə torpaq məcralı kanalları beton kanallarla əvəzləməkdir. Belə olduqda su itkisinə yol verilmir, fermerlər əkin sahələrini rahatlıqla suvarırlar.

Bakı İxtisaslaşmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma-Sazlama Tikinti İdarəsi tərəfindən Ucar rayonu ərazisində olan Məlikliballı və Qazıqumlaq torpaq məcralı kanalının beton üzlüyə alınması işləri mütəmadi olaraq həyata keçirilir.

Görülən işlər rayonda suvarmanın mütəşəkkil aparılmasına xidmət edəcək, su itkisi minimuma endiriləcək. Ümumi uzunluğu 1800 metr olan kanal 2 kənddə 1500 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edir. Hazırda kanalda son tamamlanma işləri yerinə yetirilir.

Qeyd edək ki, Bakı İxtisaslaşmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma-Sazlama Tikinti İdarəsi Ucar rayonu ilə yanaşı, Lənkəran rayonunun Xanbulançay Su Anbarında 5 nömrəli nasos stansiyasından çıxan təziqli boru xətlərinin çəkilməsi, Ağdaş rayonunda torpaq məcralı kanalın beton üzlüyə alınması və Tovuz rayonunun Ağdam kəndində su anbarının bərpa işlərini həyata keçirir.

"Respublika".