MACARISTAN
Digər xəbərlər

MACARISTAN

Mərkəzi Avropanın qədim dövlətlərindən olan Macarıstan şimalda Slovakiya, şərqdə Ukrayna və Rumıniya, cənubda Xorvatiya və Serbiya, cənub-qərbdə Sloveniya və qərbdə Avstriya ilə həmsərhəd ölkədir. Əsasən dağlıq ərazisi olan Macarıstanın şimal hissəsi qərbə doğru uzanaraq Alp dağları ilə birləşir. Dünya okeanına birbaşa çıxışı olmayan ölkənin paytaxtı Avropanın ən gözəl şəhərlərindən biri olan Budapeştdir. 1918-ci il noyabrın 16-da Avstriya-Macarıstan İmperiyasının süqutu ilə Macarıstan Respublikası elan edilmişdir.

Kontinental iqlim hökm sürən ölkədə havanın temperaturu qışda mənfi 1 dərəcəyə endiyi halda, yayda maksimum 29 dərəcəyə çatır. Dünya miqyasında Macarıstan balneoterapiyada lider mövqe tutur. Ölkə termal suları ilə dünyanın ən zəngin beş ölkəsindən biridir.

İnkişaf səviyyəsinin çox yüksək olduğu Macarıstan qarışıq iqtisadiyyata malikdir. Ölkədə mədənçıxarma, tekstil, kimya, qida emalı, əczaçılıq, informasiya texnologiyaları, kimya, metallurgiya, maşınqayırma, elektrik məhsulları və turizm ən önəmli sahələrdir.

2004-cü ildə Avropa İttifaqına üzv olmuş və 2007-ci ildən etibarən Şengen zonasına daxil edilmiş Macarıstan hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və s. bir çox təşkilatların üzvüdür.

Müasir Macarıstan ərazisində əsrlər boyu müxtəlif xalqlar - keltlər, qədim romalılar, germanlar, hunlar, slavyanlar və avarlar məskunlaşmışdır. Eramızın doqquzuncu əsrində macar knyazı Arpad öz qoşunları ilə Karpat düzənliyinin işğalı nəticəsində həmin ərazidə macar dövlətinin əsasını qoymuşdu. XII əsrə qədər regional güc olaraq öz mövqeyini qoruyan Macarıstan XV əsrdə özünün mədəni və siyasi yüksəliş dövrünü yaşamışdı.

Macarlar öz adət-ənənələrinə böyük hörmətlə yanaşırlar, qədim rituallar və xalq mədəniyyəti ölkə sakinlərinin müasir həyatına da təsir göstərir. Milli-mədəni köklər xalqın tarixində mühüm yer tutur. Macarların kökünün türk soyundan gəldiyini sübut edən təkcə atlara olan sevgiləri deyil. Onlar həm də qədim türk tayfalarına məxsus xüsusiyyət olan yırtıcı quş bəsləmə adətlərini də qoruyub saxlamışlar. Tarixə nəzər saldıqda, macar millətinin təşəkkülündə türk tayfaları olan hunların və xəzərlərin böyük rol oynadığının şahidi oluruq. Bu gün Macarıstan əhalisinin 90 faizini macarlar, 4 faizini qaraçılar, 2,6 faizini almanlar, qalan hissəsini isə serblər, rumınlar və digər millətlər təşkil edir. Ölkənin və xalqın adı da macarların türk soyundan olmasını təsdiq edən digər bir əhəmiyyətli qaynaqdır. Bu da ondan irəli gəlir ki, macarların tarixi türk xalqlarının keçmişi ilə eynidir.

Müasir Macarıstanda xalq sənətinin ənənəvi sahələri unudulmayıb. Bura ağacdan, buynuzdan, sümükdən və dəridən hazırlanmış məmulatlar daxildir. Qədim dövrlərdən bəri çobanlar gözəl ornamentli alətlər - baltasapları, çömçələr, tütəklər, buynuzdan dekorativ şərab qabları hazırlayırdılar. Bu zaman müxtəlif üsullardan istifadə olunurdu: cızma, sonra boyalama, relyef və ya barelyef oyma və inley. Qədim sənət növü olan dulusçuluq, toxuculuq və xəzçilik bu günə qədər gəlib çatmışdır. Macarıstanda dekorativ keramika istehsalı da inkişaf etdirilmişdir: tökmə boşqablar, küplər adətən nəbati və ya həndəsi naxışlarla bəzədilir.

Azərbaycana Avropada etibarlı tərəfdaş olan ölkələrdən biri də Macarıstandır. Azərbaycan ilə Macarıstan arasındakı münasibətlər istər ölkələrimizin sosialist sisteminə daxil olduğu dövrdə, istərsə də müasir mərhələdə ənənəvi dostluq xarakteri daşıyır. Azərbaycan hər zaman Avropa İttifaqı ilə sıx əməkdaşlıq prosesində Macarıstanın da dəstəyinə xüsusi önəm verir. Ölkələrarası əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri də odur ki, Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Macarıstan ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. 1994-cü il dekabrın 5-6-da Macarıstana ilk rəsmi səfəri zamanı Budapeştdə keçirilən ATƏM-in Zirvə Toplantısında Heydər Əliyevin iştirakı ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Azərbaycanın dünya ölkələri tərəfindən siyasi tərəfdaş kimi tanınmasında əsas mərhələlərdən biri olan Budapeşt sammiti ölkəmizin və onun timsalında bir sıra yeni müstəqillik qazanmış dövlətlərin də siyasi tarixində mühüm rol oynamışdır.

1993-1999-cu illərdə imzalanmış "Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında iqtisadi-ticarət əlaqələri haqqında Saziş", "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Macarıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol", "Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında diplomatik və xidməti pasport sahibləri olan vətəndaşlarının vizasız gediş-gəlişinə dair Saziş", "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Macarıstan Respublikası Gömrük və Maliyyə Mühafizə Xidməti arasında əməkdaşlıq haqqında Protokol", "Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında sərmayələrin qarşılıqlı qorunması haqqında Saziş" və digər hökumətlərarası sazişlər ölkələr arasında əlaqələrin dərinləşdirilməsinə imkan yaratmışdır.

Səmimiyyət və dostluq prinsipləri üzərində qurulmuş Azərbaycan-Macarıstan əlaqələri dövlət başçılarının qarşılıqlı səfərləri sayəsində daha da inkişaf etməkdədir. 2014-cü ilin 11 noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstan Respublikasına tarixi səfəri də yaddaqalan olmuşdur. Tərəflər arasında bir sıra sahələrdə əməkdaşlıq barəsində ikitərəfli sənədlərin imzalanması Macarıstan - Azərbaycan arasında yüksək səviyyədə diplomatik və siyasi əlaqələrin mövcud olduğunu bir daha sübut etdi. Bu gün fəaliyyət göstərən Azərbaycan-Macarıstan Dostluq Cəmiyyəti iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək və dostluq münasibətlərini gücləndirmək üçün əsas zəmindir. Həmçinin, Macarıstan Azərbaycan qazının "Nabukko" qaz kəmərilə nəqlinə maraqlı olan Avropa ölkələrindən biridir.

İqtisadi əlaqələrin davamlı inkişafına xidmət edən Azərbaycanla Macarıstan arasında imzalanmış Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayır.

Yüksək səviyyədə olan Azərbaycan-Macarıstan münasibətləri Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ticari, iqtisadi, mədəni sahələrdə daha da dərinləşmişdir. Ötən 30 illik dövrdə Azərbaycan-Macarıstan əlaqələri iki ölkənin dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Macarıstan bütün dövrlərdə Azərbaycanın Avratlantik strukturlara inteqrasiya siyasətini dəstəkləyib, Şərq tərəfdaşlığı zirvə görüşü bir daha Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olub. Macarıstanın Avropa İttifaqı çərçivəsində ölkəmizə göstərdiyi dəstək və Türk Dövlətləri Təşkilatı xətti ilə əməkdaşlıq yüksək qiymətləndirilir.

Azərbaycan və Macarıstan arasında inkişaf etmiş münasibətlərin Avropa İttifaqının strateji enerji layihələri üçün də əhəmiyyəti böyükdür. Belə ki, 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Macarıstanın Baş naziri Viktor Orban Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu xüsusilə qeyd edib. O, çıxışında "Mən qardaşım, Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Çünki Azərbaycan bizim üçün yeganə real şaxələndirmə şansıdır. Qardaşım İlham Əliyevə, həmçinin bizim Azərbaycan üçün "yaşıl enerji"ni Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan əməkdaşlığına gətirmək təşəbbüsümüzü tamamilə dəstəklədiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Mən bu əməkdaşlığa çox ümid bəsləyirəm", - söyləyib.

17 dekabr 2022-ci ildə Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması atılan ən mühüm addımlardan biri olub.

Qarşılıqlı etimada əsaslanan Azərbaycan Respublikası ilə Macarıstan dostluq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək. Ölkələrimiz arasında mövcud olan münasibətlərin inkişafı meyilləri bunu deməyə əsas verir ki, Azərbaycan-Macarıstan əlaqələri regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.

Arzu ASİFQIZI,

"Respublika".