LERİKDƏ YENİ ƏNƏNƏNİN TƏMƏLİ
Region

LERİKDƏ YENİ ƏNƏNƏNİN TƏMƏLİ

Bu günlərdə Lerik Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yeni bir ənənənin təməli qoyuldu. "Relax" istirahət mərkəzində "Rayonun sosial-iqtisadi, ictimai-mədəni inkişafının perspektivləri" mövzusunda əslən Lerikdən olan respublikamızın görkəmli alimlərinin, ziyalılarının, tanınmış iş adamlarının iştirakı ilə görüş keçirildi.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov qonaqları salamlayıb görüşün məqsəd və məramını açıqladı.

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əminağa Sadıqov Lerikin respublika səviyyəsində kifayət qədər yüksəkixtisaslı kadrlarla təmsil olunduğunu, doğma rayonun sosial-iqtisadi və mədəni inkişafında iştirak etməyin, rayonun rəhbərliyinə dəstək göstərməyin hər bir ziyalının vətəndaşlıq borcu olduğunu bildirdi.

Milli Məclisin üzvü İqbal Məmmədov çətin, mürəkkəb relyefə malik rayonun kifayət qədər problemlərlə üzləşdiyini, Çayrud, Pirasora, Gürdəsər, Monidigah və Tikəband kəndlərində yaradılmış icmaların yol, tikinti, abadlıq və quruculuq işlərinə fəal şəkildə qoşulduğunu söylədi. "Təhsil fondu"nun yaradılmasının əhəmiyyətini qeyd etdi.

TƏBİB-in koordinasiya şöbəsinin müdiri, tibb elmləri doktoru Mübariz Ağayev və M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin şöbə rəhbəri, tibb elmləri doktoru, professor, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov Lerik səhiyyəsinin ixtisaslı, peşəkar həkim kadrlarına ciddi ehtiyacı olduğunu nəzərə alaraq ayda bir dəfə Bakıda, Sumqayıtda çalışan həmkarlarını Lerikə gəlib xəstələrin müayinəsində və cərrahi əməliyyatlarda iştiraka çağırdı.

Filologiya elmləri doktorları, professor Elman Quliyev və İslam Qəribli kəndlərdə iş yerləri yaratmağın, sosial problemlərin həllinə diqqətin artırılmasının vacibliyini vurğuladılar.

Bakı Dövlət Universitetinin sosial iş kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Üzeyir Şəfiyev konkret təkliflərlə çıxış edərək rayonda "ağıllı kənd" layihəsinin tətbiqinin, "4 fəsil" turizm potensialının yaradılmasının, üzümçülüyün bərpasının, nümunəvi kənd icma təsərrüfatlarının və aqrar sahənin ayrı-ayrı istiqamətləri üzrə iri fermer təsərrüfatlarının yaradılmasının əhalinin məşulluğu üçün geniş imkanlar açacağını bildirdi.

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Əfsun Sucayev, "Milli İnkişaf" İctimai Birliyinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, politoloq Arzuman Muradlı Lerikin ziyalı potensialından istifadə edərək görüləcək işlərin yol xəritəsinin hazırlanmasını təklif etdilər.

Bakı Dövlət Universitetinin Mikrobiologiya kafedrasının professoru, biologiya elmləri doktoru Mirmusa Cəfərov, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov, kulturoloq-alim İlqar Hüseynov, ağsaqqal Hidayət Bəşirov, tarixçi alim Vasif Qafarov, yazıçı-publisist Ağacəfər Həsənli, Milli İnkişaf Layihəsi İctimai Birliyinin sədri, Space TV-nin əməkdaşı Rauf Rəcəbov, AzTV-nin əməkdaşı, jurnalist Sahəddin Hüseynov, İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov, təhsil işçisi Hüseynbala Əliyev, sahibkar Əlikram Ağayev və başqaları doğma rayonun sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı fikir və mülahizələrini söylədilər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".