LƏNKƏRAN PENİTENSİAR KOMPLEKSİNƏ MEDİATUR
Region

LƏNKƏRAN PENİTENSİAR KOMPLEKSİNƏ MEDİATUR

Bu il yanvar ayının 16-da Azərbaycan Prezidenti cənab İlham Əliyev Lənkərana növbəti səfəri çərçivəsində rayonda yeni inşa edilmiş müasir penitensiar kompleksdə yaradılan şəraitlə yaxından tanış oldu.

Saxlama limiti 1300 nəfərlik olan penitensiar kompleks iki zonadan ibarətdir. İstintaq təcridxanasında barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin, cəzaçəkmə müəssisəsində isə müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş şəxslərin müxtəlif rejimlərdə saxlanılması nəzərdə tutulur. Müəssisədə əsasən cənub zonası və bu bölgəyə yaxın ərazilərdən olan məhkumlar saxlanılacaq ki, onlar öz ailələri ilə daha asan və rahat görüşə bilsinlər.

Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Penitensiar Xidmət tərəfindən beynəlxalq standartlara uyğun inşa olunmuş Lənkəran Penitensiar kompleksinə mediatur təşkil olunub. Tədbirdə Ədliyyə Nazirliyinin, Penitensiar xidmətinin məsul işçiləri, Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları və media nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları müəssisədə yaradılmış şəraitlə yaxından tanış olublar. Burada məhkumlar üçün ayrıca sanitar qovşağı, gəzinti yerləri olan kameralardan ibarət müxtəlif rejimli korpuslar inşa edilib. Müəssisənin təcridxana hissəsində müstəntiq və vəkillərin fəaliyyəti, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, telefon danışıqları və video-görüşləri üçün ən yeni avadanlıqlarla təchiz olunmuş xüsusi otaqlar ayrılıb.

Saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə müasir tibbi avadanlıqlarla təchiz olunmuş korpus inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, aptek, intensiv terapiya çarpayıları olan palatalar mövcuddur. Məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün tibbi-sanitar hissədə zəruri şərait yaradılıb.

Kompleksdə uzunmüddətli və qısamüddətli görüş otaqlarına da baxış keçirilib. Uzunmüddətli görüş otaqları studio-mənzil tipli olmaqla zəruri məişət avadanlıqları ilə təchiz olunub. Məhkumların öz ailələri ilə rahat vaxt keçirmələri üçün yaradılan şərait onların həm də sosial adaptasiyasına xidmət edir.

Mediaturun iştirakçıları məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman zalı və idman meydançaları ilə tanış olublar. Məhkumların təhsili və peşələrə yiyələnmələri üçün istehsalat sahəsində yaradılan infrastruktur maraq doğurub.

Kompleksdə məhbusların keyfiyyətli qidalanması üçün müasir avadanlıqlarla təchiz edilmiş mətbəx, yeməkxana fəaliyyət göstərir. Sənaye tipli qurğularla təchiz edilmiş camaşırxanada normal şərait yaradılıb.

Mühafizəni təmin edən əsgərlər üçün yataqxana, təlim otaqları, kinoloji mərkəz, avtopark inşa olunub.

Respublikada ilk dəfə olaraq penitensiar kompleksdə "ƏN TEZ" (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) Xidmət platforması yaradılıb. Ədliyyə Nazirliyinin innovativ məhsulu olan "ƏN TEZ" Xidməti əmək, maliyyə və digər resurslara qənaət etməklə istənilən yerdə virtual platforma əsasında vətəndaşlara nazirliyə videozəng vasitəsilə müraciət edərək məsafədən müxtəlif ədliyyə xidmətlərindən (notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəməyə müraciət və məhkəmə qərarlarının icrası və s.) eyni vaxtda yararlanmaq imkanı verir. Həmçinin əhaliyə xidmət sahəsində ölkədə ilk dəfə bu platformada tətbiq edilən "süni intellekt" insanın davranışını vizuallaşdıraraq xidmət üçün müraciət etmiş şəxslə ünsiyyət qurur, istəyinə uyğun sənədlərin hazırlanmasını və təqdim olunmasını təmin edir.

Kompleksin yerləşdiyi ərazidə əməkdaşlar üçün altımərtəbəli 30 mənzilli yaşayış binası inşa edilib. Mənzillər 2 və 3 otaqdan ibarətdir. Otaqlar tam təmirlidir, mebel və məişət avadanlıqları ilə təmin edilib.

Tanışlıqdan sonra media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov jurnalistlərə müsahibə verərək bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. Ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, islah prosesi zamanı yeniliklərin tətbiqi, məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc Ədliyyə Nazirliyinin təşəbbüsü ilə keçirilən mediaturu yüksək dəyərləndirib. Qeyd edib ki, cəzaçəkmə müəssisələrində mövcud durum, məhkumların qidalanması, rejimin vəziyyəti, məhkumlara münasibət həmişə aktuallıq kəsb edib. Eyni zamanda bu məsələlərə media məkanında həssas yanaşma mövcuddur.

Cəzaçəkmə müəssisələrində mövcud durum daim diqqət mərkəzindədir, - deyə deputat Zahid Oruc bildirib. Bəzi müəssisələrdə məhkumların sayı və sıxlığı narahatlıq doğurur. Bu baxımdan yeni, müasir cəzaçəkmə müəssisələrinin tikilib istifadəyə verilməsi xüsusi önəm daşıyır. Lənkəranda beynəlxalq standartlara uyğun inşa edilmiş kompleksdə müasir texnologiyalar, elektron xidmətlər geniş tətbiq olunur.

Əlisəfa HƏSƏNOV,

"Respublika".