Laçının həqiqi sahibləri artıq öz doğma yurdlarına qayıdıb
Region

Laçının həqiqi sahibləri artıq öz doğma yurdlarına qayıdıb

İkinci Qarabağ müharibəsi bitəndən sonra Prezident İlham Əliyevin göstərişilə Qarabağ bölgəsinin bərpa olunması üçün quruculuq işləri başlayıb. Ərazidə qurulan və ən son texnologiyalarla təchiz edilən yerlər, bugünkü dünyamızla səsləşən "yaşıl enerji" strukturları buna əyani nümunədir. Hazırda işlər davam edir. Artıq həmvətənlilərimiz doğma torpaqlarına qovuşmağa başlayıb. Yüzlərlə keçmiş məcburi köçkün yeni inşa olunmuş evlərinə yerləşdirilib.

Abadlaşan şəhərlərimizdən biri də elə ölkəmizin ən potensiallı bölgələrindən biri olan Laçındır. Hazırda ölkə başçısının rəhbərliyi ilə Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. İlkin olaraq Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya yenidən bərpa olunur. Həmçinin Laçında beynəlxalq hava limanı tikilir, Kəlbəcər-Laçın yolunun yenidən qurulması aparılır, Göygöl rayonundan Şərqi Zəngəzura yol çəkilir, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.

Cari ilin may ayında ölkə başçımız keçmiş məcburi köçkünlərlə görüşündə Laçın haqqında bildirib ki, Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".

Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha sübut edir. Hazırda bölgədə işlər sürətlə davam edir. Avqustun 25-də Laçın rayonuna səfər edən İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeniliklərlə tanış olublar. İnsanlar üçün əsas yaşam ünsürlərindən biri məhz sudur. Laçın bölgəsində yeni qurulan stansiyalar nəticəsində insanlarımız su sarıdan qıtlıq çəkməyəcəklər. Belə ki, ölkə başçımız "AzərEnerji" ASC-nin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib. "Mişni" Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 7,2 kilometr uzunluğunda derivasiya boru xətti və maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün 25 meqavoltamper gücündə 110/10 kV-luq yarımstansiya tikilib, 18 kilometr uzunluğunda 110 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib.

"Alxaslı" Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 4,3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün "Mişni" Su Elektrik Stansiyasında tikilmiş 110/10 kV-luq yarımstansiyaya 8 kilometr uzunluğunda 10 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib.

Daha sonra Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı və birinci xanım Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə maraqlanıblar.

Laçının əsl sahibləri artıq geri dönüb. İnsan gedəri olduğu yeri yox, doğma torpaqlarını abadlaşdırıb, gözəlləşdirir. Şəhərin böyük bir hissəsi cəmi 8-9 aya tamamilə təmir olunub və insanların ixtiyarına verilib. Bu ilin sonuna qədər bir çox işlərin tamamilə bitəcəyi proqnoz edilir.

Laçın həm də sənaye şəhərinə çevrilir. Zonada mebel fabrikinin açılışında iştirak edən dövlət başçımız, bir sıra müəssisələrdə yaradılan şəraitlə tanış olub. Qeyd edilib ki, illik istehsal gücü 3 min kubmetr olan fabrikdə Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Prefabrik modul evlərin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olan ölkə başçımız və birinci xanıma məlumat verilib ki, burada ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Müəssisədə 100 nəfər daimi işlə təmin olunub.

Qeyd edək ki, ölkə başçımız və birinci xanım təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının gedişatı ilə tanış olub. Hava limanının 2025-ci ildə tamamlanması nəzərdə tutulub. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanının mövcudluğu bir çox məqamlarda xüsusi əhəmiyyət daşıyır. Belə ki, aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Bu da bir çox mənada üstünlük təşkil edir. Həm sürətli iş, həm də gələn qonaqların rahatlığı baxımından digər aeroportlardan seçiləcək. Başqa bir məqam isə hava limanının dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilməsidir. Bunun nəticəsində o, postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Bununla yanaşı, aeroport Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. Bununla da gələn qonaqlar rahatlıqla digər bölgələrə qısa zaman kəsiyində səyahət edə biləcək. Bundan savayı, gələcəkdə yükdaşıma və regiona məhsul ixrac etmək üçün də qısa və əlverişli yol rolunu oynayacaq. Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Bu statusla da aeroport beynəlxalq uçuşlar üçün açıq olacaq və Qarabağın turizm potensialının inkişafına töhfə verəcək. Hava limanında ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün təchizatlar hazırlanır. Belə ki, terminal binasında bünövrənin beton işləri tam başa çatdırılıb, metal konstruksiyaların yığılması üzrə işlərin 95 faizi yerinə yetirilib. Terminalın dam örtüyü işlərinə başlanılıb. Hava limanının aeronaviqasiya qülləsi və köməkçi binalarında təməlqoyma işləri görülür.

Laçın bölgəsinin daha çox turistik olmasının digər bir səbəbi də bölgədə qurulan yüksək səviyyəli tikililərdir. Belə ki, ölkə başçımız və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda "İstisu" mineral sudoldurma zavodunun tikintisi və "İstisu" Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Ötən əsrdə inşa edilən zavod bu gün yenidən bərpa edilir. Yeni tikiləcək "İstisu" zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək. İkinövbəli fəaliyyət göstərən müəssisədə təxminən 100 nəfər işlə təmin olunacaq. Zavodda Almaniya şirkəti tərəfindən təchiz olunan şüşə və plastik qablaşdırma istehsal xətləri fəaliyyət göstərəcək. Şüşə dolum xəttinin nominal gücü saatda 16 min, plastik dolum xəttinin nominal gücü isə saatda 8 min ədəd təşkil edəcək. Aylıq istehsal gücü isə 8 milyon ədədə yaxın olacaq. Zavodun regionda önəmi çox böyükdür. Çünki hələ keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli ikinci böyük kurort hesab edilib. Həmin dövrlərdə ildə 50 minə yaxın insanı qonaq edən sanatoriya bu gün qurulan yeni texnologiyalarla daha çox insanı qəbuletmə potensialına sahibdir. Bu da bölgəyə və iqtisadiyyata olduqca böyük töhfələr verəcək. Sovet dövründə mövcud olan sanatoriyada üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərib. İndi isə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq, ümumilikdə sahəsi 32 min kvadratmetr olacaq. Daha geniş imkanlarla fəaliyyət göstərəcək kompleksdə SPA mərkəzində termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri - restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqların xidmətində olacaq.

Bölgədə sadəcə müalicə, turizm sahəsi üzrə yox, həm də mədəniyyət işləri də görülür. Belə ki, avqustun 25-də İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunda "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışında iştirak ediblər. Studiyanın adı rəmzi məna daşıyır. Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülən studiya iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Bununla yanaşı, mərkəz, yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalarla əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək.

Şübhəsiz ki, studiyanın fəaliyyəti beynəlxalq arenaya bir çox həqiqətləri çatdırmaqda körpü rolunu oynayacaq. Buna əsasən, Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir.

Gələn qonaqların rahatlığı isə əsas prioritetlərdəndir. Belə ki, studiyanın tərkibində "Hocaz hotel" və "Hocaz kafe" də fəaliyyət göstərəcək. Həmçinin beynəlxalq standartlara uyğun olaraq tikilən pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası olduqca yüksək səviyyədədir. Kino sənayesində ən çox tələbat duyulan dekorların hər biri xüsusi olaraq "Hoçazfilm"in sifarişi əsasında hazırlanmış əl işidir. Bunun nəticəsində gələcəkdə bir sıra əhəmiyyətli əməkdaşlıqlar edilməsi qaçılmazdır. Pavilyonda ilkin mərhələdə nadir dekorasiyalar - təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb. Kinopavilyonun tələbata uyğun olaraq mütəmadi qaydada yeni dekorlarla zənginləşdirilməsi nəzərdə tutulub.

Artıq mərkəzdə ilk layihə həyata keçirilib. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, əslən laçınlı Xosrov bəy Sultanovun həyat və fəaliyyətindən bəhs edən "Qarabağ qubernatoru" bədii-sənədli filmi studiyada çəkilib. Layihənin məqsədi tarixi paralellər aparmaqla Qarabağ və Zəngəzur ətrafında erməni daşnaklarının və Qafqazda maraqları olan böyük siyasi güclərin həyata keçirdikləri işğalçılıq siyasəti, törətdikləri cinayətlər barədə həqiqətləri dünyaya çatdırmaq, 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan xalqının, dövlətçiliyinin əzəmətini, qüdrətini tərənnüm və təbliğ etməkdir.

Daha sonra Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva orada olan sakinlərlə söhbət ediblər. Səmimi söhbətdən sonra görülən işlərlə tanış olan ölkə başçımıza bildirilib ki, ötən ilin dekabrında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılan məktəb ümumilikdə 510 şagird üçün nəzərdə tutulub.

Töhfə SƏMƏDOVA,

"Respublika".