Dağ və dağətəyi bölgələrdə melioratorların payız qayğıları
Region

Dağ və dağətəyi bölgələrdə melioratorların payız qayğıları

Ölkədə artıq yaz-yay suvarma mövsümü başa çatıb, növbəti suvarma dövrü üçün hazırlıq görülür. Hər bölgənin isə özünəməxsus suvarma, meliorasiya qayğıları var. Bu sahədə dağlıq və dağətəyi bölgələrdəki meliorasiya təşkilatlarının da üzərinə az iş düşmür.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, belə bölgələrdən olan Masallıda suvarma mövsümü geridə qalıb. Suvarma suyunun ərazilərə maneəsiz verilməsi və izafi suları kənarlaşdırmaq üçün rayon ərazisində görülən işlər öz bəhrəsini verib. Masallı rayonunda 10 min 130 hektar əkin sahəsi Viləşçay Su Anbarı İstismar İdarəsinin balansında olan Viləşçay Su Anbarı, Babaser kiçik su anbarı, 37 kiçik su tutar və 67 subartezian quyu hesabına suvarma su ilə təmin olunur. 9892 hektar ərazilərə suvarma suyu birbaşa Viləşçay Su Anbarı vasitəsilə verilir.

Hazırda rayonun Qarğalıq, Xırmandalı, Həsənli, Təklə, Şıxlar, Yeddioymaq, Qızılağac kəndlərindəki kanallarda, eləcə də Bədəlan, Boradigah və Viləş çaylarında lildən təmizlənmə işləri aparılır. Əkin sahələrinin vaxtlı-vaxtında suvarılması nəticəsində fermerlər sahələrdən yüksək məhsuldarlıq əldə ediblər.

Qeyd edək ki, Masallıda sel və su daşqınları hadisələrinin baş verməməsi üçün öncədən qabaqlayıcı tədbirlər də görülüb. Suötürücü kanallarda lildən təmizlənmə işləri aparılmış, su buraxıcı qurğular təmir edilmişdir.

Digər dağlıq bölgələrdən biri də Laçındır. 1990-cı ildə Ağcabədi rayonu ərazisində yaradılan və hazırda burada fəaliyyətini davam etdirən Laçın Suvarma Sistemləri İdarəsinin əsas vəzifə və funksiyası rayonda olan əkin sahələrini suvarma suyu ilə təmin etməkdir. Bu məqsədlə idarə tərəfindən suvarma kanallarının lildən təmizlənməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması, balansda olan nasos stansiyaların və hidrotexniki qurğuların təmir işləri mütəmadi olaraq davam edir. Rayonun ümumi ərazisi 32 min hektara yaxındır. Bundan suvarmaya yararlı sahələr 18510 hektardır, 12600 hektar isə kənd təsərrüfatı əkinləri üçün istifadə olunur. Suvarma suyunun itkisiz olaraq əkin sahələrinə çatdırılması üçün Laçın Suvarma Sistemləri tərəfindən torpaq məcralı kanallar beton üzlüyə alınır. Hazırda bu işlər rayonun Fingə kəndində həyata keçirilir.

Gəlirləri əkinçilikdən çıxan fermerlər hər il müxtəlif növ kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi ilə məşğul olurlar. Onlar artıq taxıl biçinini yekunlaşdırıblar. İndi isə payızlıq taxıl əkilib ki, hazırda həmin sahələrin suvarılması davam edir.

Suyun maneəsiz axınını təmin etmək üçün idarənin maşın-mexanizmləri ilə kanallarda mütəmadi olaraq lildən təmizləmə işləri aparılır. Bundan başqa, balansda kollektor-dren şəbəkələri də mövcuddur. İlkin su yığıcı kanallar 10 kilometrə yaxın, qapalı drenlər isə 10 kilometrdən uzundur. Kollektor-drenaj şəbəkələri də hazırda lildən təmizlənir və torpaqların şoranlaşmasının qarşısı alınır.

Qeyd edək ki, Laçın Suvarma Sistemləri İdarəsinin xidməti ərazisi relyefcə müxtəlifdir. Həmin ərazilər Qar-Qar çay və Kür çayları əhatəsindədir. Suvarma suyu öz axımı ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir.

Nəriman CAVADOV,

"Respublika".