Laçın Beynəlxalq Hava Limanı haylara göz dağı verəcək
Gündəm

Laçın Beynəlxalq Hava Limanı haylara göz dağı verəcək

2021-ci il avqustun 26-da tam olaraq Azərbaycanın nəzarətinə keçən Laçın ötən həftə birinci yaşını qeyd etdi. Böyük zəfərin təntənəsi olaraq artıq qələbədən ötən bu müddət ərzində rayonda böyük quruculuq işləri həyata keçirilir. Həyata keçirilən ən böyük infrastruktur layihələrdən biri də Laçın Beynəlxalq Hava Limanının tikintisidir. Təməli 2021-ci ilin avqustunda Prezident İlham Əliyev tərəfindən qoyulan hava limanının tikintisinin 2024-cü ildə yekunlaşacağı, açılışının isə 2025-ci ildə olacağı planlaşdırılır.

Laçın hava limanı Azərbaycanın işğaldan azad olunan ərazilərində tikilən 3-cü, ümumilikdə isə 9-cu hava limanı olacaq. Düşmənə səmadan verilən gözdağı olan bu hava limanı dəniz səviyyəsindən 1800 metr yuxarıda tikilməsi nəticəsində təkcə Azərbaycanda deyil, həm də MDB ölkələri arasında ən yüksəkdə yerləşən hava limanı olacaq.

"Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək". Azərbaycan Prezidenti İlham Əliyevin martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən dediyi bu sözlər Laçın aeroportunun Azərbaycanda müstəsna infrastruktur layihəsi olduğunu göstərir. Həm Azərbaycanın digər aeroportları ilə, həm də beynəlxalq hava limanları ilə gediş-gəlişi təmin etmək Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının müasir inkişafı baxımından vacib addımdır.

Laçınlılar burada tikilən hava limanının şəhəri cənnətməkana çevirəcəyini qeyd edirlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu aeroportu digərlərindən fərqli edən məqam çətin relyef ərazidə tikilməsidir. Dünyada, adətən düz ərazidə tikilən hava limanlarından fərqli olaraq, Laçın hava limanı dəniz səviyyəsindən xeyli yüksəkdə inşa edilir.

Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq, Laçın rayonunun bərpası prioritet təşkil edir. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və infrastruktur layihələri reallaşdırılır. Laçın hava limanının inşası isə bölgənin beynəlxalq statusunu artırmaqla yanaşı, mülki aviasiya, yükdaşıma və hərbi baxımdan da böyük əhəmiyyətə malikdir. Həmçinin, hava limanı bölgənin sosial-iqtisadi inkişafına təkan verməklə yanaşı, həm də turizm potensialının artırılmasını təmin edəcək.

Sovet dövründə bu ərazidə hava limanının tikilməsi mümkün olmasa da, bu gün müstəqil Azərbaycan bunu öz gücü hesabına həyata keçirir. Böyük Qayıdış layihəsini öz gücü hesabına maliyyələşdirən Azərbaycan Laçında bu hava limanının inşasına xüsusi önəm verir.

 Azərbaycan Orta Dəhliz kimi irimiqyaslı layihəni də icra etmək əzmindədir və Laçın rayonunda beynəlxalq aeroportun tikilməsi böyük strateji əhəmiyyətə malik olmaqla yanaşı, həm də logistik mərkəzlərin yaradılmasına mühüm töhfə olacaq.

Ümumiyyətlə, Azərbaycanın 3 ildə bu ərazilərdə gördüyü quruculuq işlərinin əksinə, haylar işğal etdikləri ərazilərdə daşı daş üstünə belə qoymayıblar. Yalnız erməni əhalisinin etirazından sonra Ermənistan hökuməti 1974-cü ildə Xocalıda azərbaycanlılar tərəfindən tikilən aeroportu 2009-cu ildə təmir edərək uçuşlar keçirməyə cəhd etsə də, Azərbaycan tərəfindən bu aeroportda uçuşlara icazə verilmədi.

Hayların müharibədən sonra daha bir göylərə qalxmaq xülyası da ürəklərində qaldı. Avqustun sonlarında Ermənistanın baş naziri Nikol Paşinyan Qafan aeroportunun fəaliyyətini bərpa etmək istəyi barədə açıqlama versə də, bu gedişində də "mat" oldu. Rəsmi Bakı qısaca olaraq, bu aeroportun da fəaliyyətinə icazə verməyəcəyini bildirdi.

Beləcə, Ermənistanın hər dəfə diplomatik arenadan üzüqara qayıtması Azərbaycanın sərt yumruğunun bəhrəsidir. Laçında tikilən hava limanı ölkəmizin qüdrətinin təntənəsindən xəbər verir. Açılışı 2025-ci ildə planlaşdırılan Laçın Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasının inkişafına əhəmiyyətli töhfə verəcək, həm də erməni əsilli şəxslərin reinteqrasiyası üçün geniş imkanlar yaradacaq...

T.SADIQOV,

"Respublika".