Azərbaycanda əkinlərin kütləvi suvarma mövsümü əsasən başa çatıb. Lakin payızlıq əkinlər də var ki,(taxıl, yonca, kartof və s.) əkiləndən sonra suvarılması vacibdir. Meliorasiya və Su Təsərrüfatı ASC bildirir ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi bu rayonda 69500 hektardan artıq torpaq sahəsinə xidmət edir. Xidməti ərazidə rayonun 58 kənd və 3 qəsəbəsi mövcuddur. Bundan 38 min hektar öz axımı ilə, 31500 hektar isə mexaniki üsulla suvarılır.
Kürdəmirdə suvarma mənbələri Yuxarı Şirvan Kanalı və Kür çayıdır. İdarə tərəfindən suvarma mövsüm ərzində zərurət yarandığı hallarda Girdimançayda olan Karrar Nasos Stansıyasının gücündən də istifadə olunur. Digər hallarda həmin sahələrin də öz axımı ilə suvarılması mümkündür.
Son illər Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən torpaq məcralı kanalların beton üzlüyə alınması istiqamətində də bir çox işlər görülüb. Hazırda balansda olan beton örtüklü 537 kilometrdən artıq suvarma kanalı vasitəsilə payızlıq olaraq əkilən bitkilər suvarılır.
İdarə tərəfindən 2022-ci ildə suvarma mövsümünün mütəşəkkil keçirilməsi üçün suvarma kanallarının mexanizmlərlə lildən təmizlənməsi qrafiki tərtib olunub, kanallar üzərində yerləşən hidrotexniki qurğuların cari təmiri üzrə təqvim planı hazırlanıb və hazırda icra olunur. Bu ilin əvvəlindən indiyə kimi 500 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənərək su istifadəçilərinin isdifadəsinə verilib.
Qeyd edək ki, 2022-ci ildə Kürdəmir rayonunda 4 min hektara yaxın taxıl, 2 min hektardan artıq pambıq, 8902 hektar yem bitkiləri, 4677 hektar bostan-tərəvəz, 2620 hektar bağ və üzümlük, 6922 hektar isə həyətyanı sahələr suvarılıb.
Nəriman CAVADOV,
“Respublika”.