Kənd təsərrüfatının müasir texnologiyalarla inkişafına dəstək
Digər xəbərlər

Kənd təsərrüfatının müasir texnologiyalarla inkişafına dəstək

Aqroparklar ərzaq təhlükəsizliyinə, yerli məhsulların "Made in Azerbaijan" brendi ilə xarici bazarlara çıxışına da təminat yaradır

"Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir. Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur". Bu fikirləri Prezident İlham Əliyev 2021-ci ildə AzTV-yə verdiyi müsahibəsində deyib.

Azərbaycanda müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, emalı və qablaşdırılmasına, bu sahədə sahibkarların səmərəli fəaliyyətinə kömək edən aqroparkların yaradılması prosesi getdikcə sürətlənir. Aqroparklar ərzaq təhlükəsizliyi, idxaldan asılılığın azaldılması, bölgələrin iqtisadi imkanlarının artırılması, yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyətə malik olmaqla yanaşı, yerli məhsulların "Made in Azerbaijan" brendi ilə xarici bazarlara etibarlı çıxışını da təmin edir. Bu sahəyə böyük dəstək verən dövlət aqroparkların formalaşması üçün genişmiqyaslı infrastruktur layihələri, müxtəlif dəstək tədbirləri həyata keçirir.

Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayını artırır və ölkənin ixrac potensialını gücləndirir. Aqroparklar kənd təsərrüfatı məhsullarının intensiv istehsal olunmasında, daşınmasında, saxlanılmasında və eyni zamanda satışının təşkil edilməsində mühüm rol oynayır. Kənd təsərrüfatı məhsulları tez xarab olduğuna görə, realizasiya prosesi sürətli olmalıdır. Lakin əksər hallarda fermerlərin məhsulları vaxtında satması mümkün olmur və bunun nəticəsində məhsul yararsız vəziyyətə düşür. Bu, həm maddi itkiyə, həm də bazarda məhsul qıtlığına gətirib çıxarır.

Azərbaycanda aqroparklar ölkə Prezidentinin 2014-cü il aprelin 16-da imzaladığı "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanına əsasən yaradılıb. İlk aqroparkın təməli 2015-ci ildə Şəmkirdə qoyulub. Aqroparklar müxtəlif sahəvi strukturları özündə birləşdirir, buraya kənd təsərrüfatı maşınqayırması, kimya, tikinti, bitkiçilik, heyvandarlıq, yeyinti, nəqliyyat, ticarət və s. aiddir. Başqa sözlə, aqropark dedikdə qarşılıqlı əlaqədə olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birlikdə fəaliyyəti nəzərdə tutulur. Onu da qeyd edək ki, 32 rayon üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə emal sənayesi üzrə ixtisaslaşıb. Artıq 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır.

Hazırda aqroparklarda ümumi olaraq 4,5 min nəfərdən çox işçi daimi, 6,3 mindən çox işçi isə mövsümü işlə təmin olunub.

Gələcəkdə əlavə 4,6 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. İndiyə qədər aqroparklara 1,4 milyard manat özəl investisiya yatırılıb. Aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Bundan əlavə, dövlət digər dəstək tədbirləri də görür. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,9 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib.

Onu da xüsusi qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə ilk aqropark Zəngilan rayonunda yaradılıb. 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan rayonunda təməlini qoyduğu "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunacaq. 20 oktyabr 2022-ci ildə iki qardaş ölkənin liderləri "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq. "Biz düz bir il bundan əvvəl, bax, burada idik, o zaman bura boş sahə idi, heç nə yox idi. Burada "Aqropark"ın təməlini qoyduq. Bu gün artıq burada görülən işlərlə tanış olarkən bir daha gördük ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və hər bir sahədə gözəl nəticələr verir". İşğaldan azad edilmiş Zəngilan rayonunda "ağıllı" kənd təsərrüfatı texnologiyalarından istifadə olunan "Dost Aqropark"ı fəaliyyətini davam etdirir. Layihə Türkiyə sərmayəçilərinin səyləri ilə həyata keçirilib və Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına daha bir böyük sərmayədir, əkinçilik və heyvandarlığın inkişafına böyük təkan verib.

Beləliklə, 2022-ci ildə aqroparklarda 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub. Aqroparklarda 147 min hektar torpaq sahəsi əkin növbəsinə cəlb edilib. Bunların 16,4 min hektarında təkrar əkinlər aparılıb. Əsas yanaşma suvarma suyuna qənaət edilməsi və müasir suvarma sistemlərinin tətbiqidir. Aqroparklarda buğda istehsalı 152 min ton, arpa istehsalı 71 min ton, dən qarğıdalı istehsalı 128 min ton, soya istehsalı 2,7 min ton, silos üçün qarğıdalı istehsalı 55 min ton və yonca istehsalı 14 min ton olub. İstehsal olunmuş 152 min ton buğdanın 59 faizi və ya 89 min tonu ərzaqlıq, 20 faizi və ya 31 min tonu toxumluq, 21 faizi və ya 32 min tonu yemlik buğda olub. 2023-cü ildə aqroparklarda ərzaqlıq buğda istehsalının 145 min tona çatdırılması proqnozlaşdırılır. Bu da müasir bir yanaşma və kənd təsərrüfatının inkişafı üçün növbəti təkan olacaqdır.

Mustafa KAMAL,

"Respublika".