Kənd təsərrüfatına dövlətin xüsusi dəstəyi
Region

Kənd təsərrüfatına dövlətin xüsusi dəstəyi

Heyvandarlıq Şəki rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən biri olaraq son illər inkişaf edir. Bu ilin son aylarına olan məlumata görə, rayonda 61266 baş mal-qara, 177253 baş qoyun və keçi, 30 minə yaxın quş, 15203 arı ailəsi vardır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, idxal edilən cins malların dəyərinin 60%-nin dövlət büdcəsindən ödənilməsi, süni mayalanma yolu ilə əldə olunmuş hər baş buzova görə 100 manat məbləğində subsidiya verilməsi bu sahənin tərəqqisinə müsbət təsirini göstərir. Hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində dövlət vəsaiti hesabına subsidiyanın verilməsi əhali arasında bu sahəyə olan marağı durmadan artırır. Bununla yanaşı, bütün növ kənd təsərrüfatı heyvanları və quşları arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərinə qarşı aparılan müalicə-profilaktika və diaqnostika tədbirlərinin dövlət tərəfindən pulsuz təmin edilməsi də heyvandarlıq sahəsində dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur.

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları dövlət tərəfindən güzəştli şərtlər ilə satılan 432 baş damazlıq düyə almışdır. Bu işin gələcəkdə də davam etdirilməsi məqsədilə fermerlər arasında maarifləndirici söhbətlər aparılır.

Qeyd olundu ki, heyvan sahibləri 2022-ci ilin 11 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 528 baş çox, yəni 7346 baş inək, camış və düyəni süni mayalandırmışlar. Keçən ilin müvafiq dövründən 133 baş çox, yəni 3065 baş salamat buzov və balaq əldə etmişlər. Şəki rayonu üzrə 2022-ci ilin eyni dövründə 2332 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 2565 baş cinsi yaxşılaşdırılmış hər baş buzova görə 100 manat məbləğində olmaqla, ümumilikdə 256,5 min manat subsidiya ödənilib.

Son illər Şəkidə də arıçılıq sahəsi yüksək səviyyədə inkişaf etdirilmişdir. 2022-ci ildə Şəki rayonunun 61 kəndi üzrə keçmiş qaçqın və məcburi köçkünlərə məxsus arı ailələri də daxil olmaqla arıçılıqla məşğul olan 511 fiziki və hüquqi şəxsə saxladıqları 19748 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına (hər arı ailəsinə 10 manat məbləğində olmaqla) 197480 manat subsidiya hesablanmışdır. Qeyd edək ki, rayonda əvvəllər 1729 arı ailəsi olduğu halda, hazırda 456 ailə təsərrüfatına məxsus 15203 arı ailəsi bəslənilir və il ərzində 150 tondan artıq bal istehsal olunur.

M.NƏRİMANOĞLU,

"Respublika".