Kənar aktorlara ötürülən siqnal
Digər xəbərlər

Kənar aktorlara ötürülən siqnal

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən (AzQAC) 40 ton undan ibarət 2 ədəd yük maşını Bakıdan Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndidə yaşayan erməni sakinlərinə humanitar yardım məqsədilə yola salınıb.

Həmin yolun üzərində dayanan AzQAC-ı ilk olaraq sülhməramlılar qarşılayıb. Bir müddət sonra onlardan müsbət cavab alınsa da ağılsız haylar növbəti çirkin təxribatlarını törədiblər. Onlar yolun digər tərəfində aksiya keçirməyə cəhd ediblər. "Böyük bacısı" olan Fransaya sığınan ermənilər isə yenə də istədiklərinə nail ola bilməyib. Regionda baş verən bu cür çirkin oyunların aləti olan Ermənistan hökuməti və ermənilərin yeganə qurban olacağı isə şübhəsizdir.

Fransanın paytaxtı Parisdə və bir neçə digər böyük şəhərlərdə toplanan 10 yük maşınından ibarət humanitar yardım konvoyu avqustun 30-u Ermənistanın paytaxtı Yerevandan Qarabağ istiqamətində yola düşüb. Humanitar yardım konvoyuna Paris şəhərinin meri Ann İdalqo, Fransanın digər bir neçə şəhərinin meri, habelə Fransanın seçkili orqanlarının nümayəndələri qatılıb. Azərbaycanın xoşniyyətli siyasətinə təxribatla cavab vermək istəyən Fransanın arzusu reallaşmayıb. "Humanitar yardım"dan ibarət 10 "tır"ı Azərbaycan sərhədçiləri Həkəri postundan ölkəmizin suveren ərazisinə buraxmamaq barədə qərar qəbul ediblər. Üzərində separatçı rejimin "bayrağı" olan yük maşınlarının aqibəti 1 aydan uzun müddətdir Laçın dəhlizində gözləyən "həmkarları" ilə eyni olub.

Azərbaycan XİN məsələ ilə bağlı Fransaya nota verib. Avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayona Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq nota təqdim edilib. Verilən notada qısaca Fransanın təxribatçı əməllərdən əl çəkməli olduğu bildirilib.

Hayların üzdə əsas havadarı və "böyük bacısı" rolunda çıxış edən Fransanın regionda söz sahibi rolunda iştirak etməsinin əvəzinə, Afrikada olana "sabitliyi" də get-gedə pozulur. Nigerin ardınca Qabon Respublikasında baş verən çevrilişdən sonra Fransa ordusunun bu əraziləri tərk etməsi üçün vaxt qoyulub. Tarix boyu müstəmləkəçilik siyasəti güdüb bu əməllərinə "yardım" donu geyindirən Fransa hökuməti get-gedə cılızlaşmağa davam edir. Fransızlar belə hökumətin bu səriştəsiz siyasətindən beziblər. Fransanın Piyada əleyhinə minaların təmizlənməsi üzrə Milli Komissiyasının sədri Jerar Şenel (Gerard Chesnel) yerli KİV-lərdən birinə verdiyi müsahibədə ölkəsinin təəssüf ki, Azərbaycanın 30 il əvvəl itirdikləri torpaqları qaytardığını və bu mərhələdə sülhə vasitəçi qismində qərəzsizliyini nümayiş etdirmədiyini təəssüflə bildirib. Həmçinin, sədr ölkəsində erməni lobbisinin çoxluq təşkil etdiyini deyib.

İstənilən halda, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində "Miatsum" kitabını bağlayan Azərbaycan tərəfi daha bir antiterror əməliyyatı keçirə bilər. Bütün dünya Azərbaycanın bunun üçün kifayət qədər gücü olduğunu bilir. Azərbaycanın haqq işinə nə Fransa, nə də Ermənistanın digər havadarları qarışa bilməz.

Daha bir mühüm məsələ BQXK-dır. BQXK Azərbaycan ərazisində obyektiv və ədalətli davranmaqdansa, məsələlərə daha çox subyektiv baxıb və sanki dini təəssübkeşlik nümayiş etdirməkdədir. Bu, komitənin Fransa və digər qüvvələrin maraqlarına xidmət etdiyinə işarədir və xoşagələn bir hal deyil. BQXK vaxtaşırı ərazimizdə olan terrorçu qüvvələrə belə dəstək verməyə hazırdır. Çünki o, 30 il ərzində torpaqlarımızın işğal altında qaldığı dövrdə Azərbaycanın maraqlarına uyğun heç bir fəaliyyət göstərməyib, məhz ərazilərimiz işğaldan azad olunduqdan sonra daha çox fəal görünməyə başlayıb. Bu təşkilatın ərazilərimizdəki revanşist, separatist qüvvələrə dəstəyi ilə özünü büruzə verir. Azərbaycan vaxtaşırı olaraq bu məsələdə öz iradlarını bildirib. 44 günlük Vətən müharibəsindən sonra Qarabağda ardıcıl olaraq kütləvi məzarlıqlar aşkarlanıb. Orada azərbaycanlılar qətl edilərək təhqiramiz şəkildə basdırılıb. Ermənilərin o gündən bu günə davam edən əsir və girovlara qarşı amansız davranışları bütün insani dəyərlərə hörmətsizliyin bariz nümunəsidir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən hələ də xəbər yoxdur. Beynəlxalq Qırmızı Xaç Komitəsi itkin düşmüş şəxslərin taleyi barədə məlumatların açıqlanması üçün Ermənistana təzyiq göstərmək əvəzinə, onları müdafiə edir. İtkin düşmüş şəxslər tək bir ölkənin deyil, bütün dünyanın problemi hesab olunur. Bir erməni əsir düşən kimi hay-küy salan komitənin bu mövzudakı səssizliyi onun məsələdə gələcək fəaliyyətlərini şübhə altına salır. İrəlidə münaqişə bölgəsində BQXK yerinə AzQAC-ın iştirakı məsələsi gündəmə gələ bilər. Hər halda, Qızıl Aypara Cəmiyyətinin rolu daha qabarıq görünür. İtkin şəxslərin axtarışları, Xankəndidə yaşayan erməni sakinlərə humanitar yardım göndərmək istəyi və digər nüanslar cəmiyyətin BQXK-dan daha səmərəli olduğunu göstərir. İstənilən halda qurum bu məsələdə aktor rolunda çıxış edə bilməz, o sadəcə tərəfsiz şəkildə sülh prosesinə vasitəçi ola bilər.

Ağdam-Xankəndi yolunda vəziyyəti müşahidə etmək üçün ötən gün ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yüklərinin yerləşdiyi məntəqəyə gəliblər. Heyətdə 50-dən çox ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, o cümlədən Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan və digər ölkələrin, BMT, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və s. təşkilatlar, habelə xarici jurnalistlər təmsil olunur. Avqustun 30-da isə "BBC", "Bloomberg" və "Gettyimages" kimi məşhur nəşrlərin ölkəmizdəki nümayəndələri həmin bölgəyə gəliblər.

Ümumiyyətlə, atılan bu addımlar, beynəlxalq qurumları məsələyə cəlb etmək baxımından çox vacibdir. Azərbaycanın əzəli torpaqlarını işğal edərək bura qanunsuz köçən haylara bu cür münasibət humanizm və insanpərvərlik dəyərlərindən və reinteqrasiya prosesinə başlamaq istəyindən irəli gəlir. Ermənistan və onun havadarları da gec-tez bunu anlayacaq. Lakin hələlik ağılsız haylar özləri özlərini daxildən məhv etməyə davam edir. Aclıq çəkməyən Xankəndi erməniləri hansısa güclərin yalan vədlərinə aldanaraq təxribatlar törədir, dünyanı hayların yazıq millət olduğu mistikasına vandallıqla inandırmağa çalışırlar. Beyrutda Azərbaycan səfirliyinə hücum edən ermənilər lobbi üzvləri deyil, ASALA-nın "davamçılarıdır". Ötən əsrdə də Türkiyəyə qarşı bu cür hücumlar və qətliamlar törədən terror təşkilatını türklər çox tutarlı yollarla susdurmuşdu. Əgər Azərbaycana qarşı bu tərz addımlar və təxribatlar törətməyə cəhd edən qüvvələr öz yollarından dönməsələr, Azərbaycan daha bir antiterror əməliyyatı ilə düşmənlərini məhv etmək və havadarlarını susdurmaq gücündədir...

Tacir SADIQOV,

"Respublika".