İtkin talelər
Sosial həyat

İtkin talelər

Beynəlxalq qurumlar bu insanların pozulmuş hüquqlarının bərpasına çalışmalıdır

30avqust Beynəlxalq İtkinlər Günüdür. Beynəlxalq İtkinlər Günü dünyada minlərlə itkin düşmüş, hərb meydanında həlak olmuş naməlum şəxslər, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli edam edilmiş insanların xatirəsinə həsr olunub. Bu günün qeyd edilməsi hüquqları pozulmuş itkinlərin taleyi haqqında ictimaiyyətin maarifləndirilməsi məqsədi daşıyır.

Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv dövlətlər, bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları itkinlərin taleyinə hər kəsin diqqətini cəlb etmək üçün müxtəlif tədbirlər keçirirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsi müharibələr zamanı itkin düşmüş şəxsləri axtarıb tapır. Lakin bu təşkilat torpaqlarımızın 30 illik işğalı dövründə itkin düşmüş azərbaycanlıları tapmaqda "acizlik" yaşadı. Bu cür insanların sayı yüz minlərlə, bəlkə də milyonlarladır. İtkin düşmüş şəxslərin ailələri dərd və üzüntü içərisində öz yaxınlarının taleyi barədə cavab almaq istəyirlər. Ermənistan-Azərbaycan müharibəsinin başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımız itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Qeyd etmək lazımdır ki, bütün pozulmuş hüquqlarımızın bərpası kimi, bunu da dövlətimiz öz üzərinə götürdü və ədaləti bərpa etdi. Belə ki, bu ilin avqust ayında işğaldan azad olunmuş ərazilərimizdə itkin düşmüş 4 minə yaxın şəxsdən bir qisminin qalıqları tapılıb. Hətta onlardan 17-nin DNT analiz nümunələri götürülərək müvafiq ekspertizaların keçirilməsi yolu ilə kimliyi də bəlli olub. Kimliyi bəlli olanların cəsədləri ailələrinə təhvil verilib. Həmin şəxslərin dəfn mərasimi dövlət tərəfindən yüksək səviyyədə təşkil olunub və onlara şəhidlik statusu verilib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı düşmən tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, əksinə onlar girov götürülüb və bir çox hallarda öldürülüb. Hətta əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra, onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə meyitləri belə Azərbaycan tərəfinə təqdim edilməyib. Həmçinin Ermənistan tərəfi itkin düşmüş Azərbaycan vətəndaşlarının tapılması ilə bağlı da müvafiq qurumlarla əməkdaşlıq etmir. Aydındır ki, əsir və girov götürdüyü insanlara beynəlxalq hüquq normalarına zidd olaraq davranan və əksər hallarda onları vəhşiliklə öldürən Ermənistan tərəfi öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan boyun qaçırır. Hər bir dövlətin qeyd edilən cinayətlər və insan hüquqları pozuntularının təhqiqatının aparılması, günahkarların məsuliyyətə cəlb edilməsi, belə pozuntuların təkrar olunmasının qarşısının alınması, eləcə də qurbanların ailələrinin müvafiq hüquqlarının təmin edilməsi ilə bağlı öhdəlikləri mövcuddur. Məhz buna görə də Azərbaycan itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev itkin və girov götürülmüş şəxslər barədə ötən ilin oktyabr ayında keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə VI sammitdə çıxışı zamanı bildirib ki,  Ermənistan artıq iki ildir ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 3900 nəfərlə bağlı Azərbaycanın sorğularına məhəl qoymur: "Ermənistan sistematik olaraq Azərbaycanın mülki şəxslərinə və hərbçilərinə qarşı hərbi cinayətlər törədib. İtkin düşənlərin əksəriyyəti qətlə yetirilib və qardaşlıq məzarlığında dəfn edilib".

Azərbaycanda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir, bu sahədə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və sistemləşdirilməsini təmin edir və Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.

Nuranə DAXİLQIZI,

"Respublika".