İstedadlı memar, nəcib insan, yaxşı dost
Digər xəbərlər

İstedadlı memar, nəcib insan, yaxşı dost

Vətənpərvər ziyalı Fuad Seyidzadə yaddaşlarda belə qalıb

Bakının sarımtıl isti yayı... Lap ərəb səhralarını xatırladır bu istilər. Şəhəri bürümüş günəşin sarı rəngi, Xəzərin sarı qumları, sarı rəngin sarı-sarı amansız, qovurucu istiləri. Ətraf, yer-göy, insanlar, binalar - hər tərəf yandırıcı şüanın, istinin içərisində qovrulmaqdadır. Üfüqdə ancaq sarı rəngli, göz işığına təsir edən sarı istilər görünür. Sarı rəngdən sarı rəngli qorxular gəlir. Ayrılığın, həsrətin, xəyanətin, ölümün də rəngi sarı olur, axı. Avqust ilin ən isti ayıdır, isti və deməli, daha çox sarı rəngli. Bu sarı rənglər hər kəsdən xəbərsiz dünyanın ən yaraşıqlı gənci, nəcabətli insan, memar, rəssam, qayğıkeş övlad, qardaş, həyat yoldaşı və ata, 34 yaşlı Fuad üçün ölüm gətirirdi. Sarı istilər, sarı rənglər onu addımbaaddım izləyirdi. Taleyinə çox erkən, həm də faciəli bir ölüm yazılmışdı. Bir avtomobil qəzası bir nakam ömrün sonu oldu. 1972-ci il avqustun 6-da baş verən qəzadan sonra bu dünyada qalmaq üçün savaşdı, cəmi bir həftə tab gətirdi. Avqustun 14-ü bu sarı istili, sarı rəngli doğma, 34 il əvvəl, 1938-ci il iyunun 16-da doğulduğu Bakıda dünyasını dəyişdi. Bir isti yay günü torpaqla qovuşdu, ağrıdan, acıdan alışıb yanan bədəni qara torpağın sərinliyində rahatlıq tapdı...

Bakının sarımtıl isti yayı... Lap ərəb səhralarını xatırladır bu istilər. Şəhəri bürümüş günəşin sarı rəngi, Xəzərin sarı qumları, sarı rəngin sarı-sarı amansız, qovurucu istiləri. Ətraf, yer-göy, insanlar, binalar - hər tərəf yandırıcı şüanın, istinin içərisində qovrulmaqdadır. Üfüqdə ancaq sarı rəngli, göz işığına təsir edən sarı istilər görünür. Sarı rəngdən sarı rəngli qorxular gəlir. Ayrılığın, həsrətin, xəyanətin, ölümün də rəngi sarı olur, axı. Avqust ilin ən isti ayıdır, isti və deməli, daha çox sarı rəngli. Bu sarı rənglər hər kəsdən xəbərsiz dünyanın ən yaraşıqlı gənci, nəcabətli insan, memar, rəssam, qayğıkeş övlad, qardaş, həyat yoldaşı və ata, 34 yaşlı Fuad üçün ölüm gətirirdi. Sarı istilər, sarı rənglər onu addımbaaddım izləyirdi. Taleyinə çox erkən, həm də faciəli bir ölüm yazılmışdı. Bir avtomobil qəzası bir nakam ömrün sonu oldu. 1972-ci il avqustun 6-da baş verən qəzadan sonra bu dünyada qalmaq üçün savaşdı, cəmi bir həftə tab gətirdi. Avqustun 14-ü bu sarı istili, sarı rəngli doğma, 34 il əvvəl, 1938-ci il iyunun 16-da doğulduğu Bakıda dünyasını dəyişdi. Bir isti yay günü torpaqla qovuşdu, ağrıdan, acıdan alışıb yanan bədəni qara torpağın sərinliyində rahatlıq tapdı...

Rahatlığını itirənlər isə doğmaları, onu yaxından tanıyanlar oldu. O zaman atası Bağır Seyidzadə 4 il idi ki, dünyasını dəyişmişdi. Cəmi 56 yaş yaşayıb dünyadan erkən gedən Bağır müəllim bəlkə də xoşbəxt taleli insan idi ki, övlad, oğul itkisi görmədi, oğul tabutunu çiyninə götürmədi.

Fuad Seyidzadə yaşasaydı, 85 yaşı tamam olacaqdı, ömrün müdriklik çağında. Ancaq həyat çoxdan sübut edib ki, müdrikliyə təqvim vərəqlərinin sıralanmasında yox, cavanlıqda da çatmaq olur. Fuad Seyidzadə Tanrının ona verdiyi özəlliklərilə gəncliyində müdrikləşmişdi.

Yoxluğundan 51 il keçir, yəni yarım əsr. Bu illəri onun xatirələri ilə birgə, lap elə yanındaymış, onunla birgəymiş kimi yaşayan, həsrətin, ayrılığın qardaş yükünü çəkən Dilarə xanım üçün Fuadsız günlər də, elə Fuadlı günlər kimi keçib: "Mənim üçün Fuad hər şey idi. Qardaşım, dostum, ən başlıcası, idealım. O, çox istedadlı idi və bu istedadı da çox erkən parlamışdı. Lap uşaqlıqdan tələbəliyinə qədər hamıdan seçilirdi. Çox hissiyyatlı, duyğulu, uzaqgörən idi. Xatırlayıram ki, Fuad bu əsərləri hansı məqamda işləyib. Həyatım boyu mən bu qədər nikbin, işıqlı adamla rastlaşmadım. Bütün kədərimin, xiffətimin içində həmişə onun işıqlı sifətini yada salıram. Oğlu Ülvi eynən özüdür. Hələ balaca nəvələri, adını daşıyan Fuadı, Musanı sinəmə sıxanda keçirdiyim hissləri ifadə edə bilmirəm. Elə bil onda dünyanı işıq bürüyür. Qaranlıqlar yox olur. Fuad o qədər nurlu əməl sahibi idi ki, aramızda olmasa da, həmişə o işığı parlayan görürəm...".

Özü işıqlı olduğu kimi, Fuadın əməlləri də işıqlı, nurlu idi. Bu nur, bu işıq ona atası Bağır Seyidzadədən keçmişdi. Bir neçə gün əvvəl doğum günündə haqqında yazı hazırlayarkən araşdırdığım materiallardan, onu tanıyanların xatirələrindən öyrənmişdim Bağır müəllimin nurlu əməl sahibi olduğunu. Doğum günü dedim. Bəli, Bağır Seyidzadə avqust ayında doğulmuşdu, yüz on il öncə, cənnət məkan İrəvan mahalında. O yerlərin yayı isə Bakının yayı kimi sarı istili, sarı rəngli olmur...

Bağır Seyidzadə bir müddət Təbrizdə konsul işləmiş, ailəsi ilə birlikdə İranda yaşamışdı. Balaca Fuad orta məktəbə Təbrizdə getmiş, sonralar Bakıdakı 6 nömrəli məktəbdə təhsilini davam etdirmişdi. Əvvəl Ə.Əzimzadə adına rəssamlıq məktəbində oxumuş, Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə qəbul olunmuş, 1956-1957-ci illərdə Moskva Memarlıq İnstitutunda təhsil almış, Politexnik İnstitutunda təhsilini davam etdirmişdi. Hələ tələbə ikən beynəlxalq müsabiqələrdə iştirak etmiş, çəkdiyi rəsmlər müxtəlif mükafatlara layiq görülmüşdü. Onun "Sumqayıt - peyk şəhər" layihəsi Kubanın paytaxtı Havanada keçirilən müsabiqədə təltif edilmişdi. Bu uğur oxuduğu institut üçün böyük hadisə idi. Ali məktəbi bitirdikdən sonra təyinatla "Azərdövlətlayihə" İnstitutunda işləmiş, az sonra isə Mərkəzi Komitənin təşəbbüsü ilə Bakı Şəhər İcraiyyə Komitəsinin nəzdində yaradılmış xüsusi Layihə-Smeta Bürosuna rəhbərlik etmiş, istedadlı mütəxəssisləri ətrafına toplamışdı.

Arzusu bu büronu geniş profilli layihə institutuna çevirmək idi. O dövrdə respublikaya rəhbərlik edən Heydər Əliyevin tapşırığı ilə İçərişəhərin ərazisi məhz Fuad Seyidzadənin rəhbəri olduğu büroya həvalə olunmuşdu. Bakının dizaynı ilə də bu büro məşğul idi. İstedadlı insanlara hörmətlə yanaşan ulu öndər Heydər Əliyev Fuadı çox sevirdi. Fuad isə köhnə Bakını çox sevirdi, onun fanatı idi, lakin paytaxtın yeni, müasir simasını xəyalında canlandırdıqca yeni-yeni ideyalar doğulur, möhtəşəm layihələr həyata vəsiqə alırdı. Layihələrində novatorluğa meyil etsə də, klassik, milli, modern üslubların vəhdətini qoruyub saxlayırdı. Bütün SSRİ-də hakim olan eyniliklərdən, məcburi standartlardan çıxmaq üçün memar çox çətinlikləri dəf etməli olmuşdu. Bakıda mikrorayonların layihələndirilməsini hazırlayan ilk memarlardan biri idi. Onu hələ institut illərindən tanıyan Həsən Həsənov yazır: "Fuadın əsas məqsədi bu idi ki, evlər məhəllə-məhəllə tikilsin, hər məhəllənin öz servis sistemi olsun, məktəbi, uşaq bağçası, mağazası, məişət xidməti olsun və sakinlər özlərini rahat hiss etsinlər. Mikrorayonlar bu qayda ilə tikilirdi. Əfsuslar olsun ki, bu, sona qədər davam etmədi".

Fuad Seyidzadə öz dəst-xəttini, üslubunu Azərbaycandan kənarda da kifayət qədər tanıtdıra bilmişdi. İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün Sevastopolda ucaldılmış Sapundağ abidə-kompleksi onun heykəltəraş Ömər Eldarovla birgə işidir. Sankt-Peterburqda tikilmiş "Bakı" restoranı da zəngin sənət duyumunun ifadəsidir.

Tanrı Fuaddan heç nəyi əsirgəməmişdi, başdan-ayağa istedad idi. Çəkdiyi rəsmlər ən məşhur rəssamları özünə cəlb edirdi. Orta məktəb illərində musiqi təhsili alan Fuadın bu sahədə də güclü duyumu vardı. Hətta maestro Niyazi dostu Bağır Seyidzadəyə oğlunu dirijorluq sənətinin arxasınca göndərməyə təkid edirdi. Fuad pianoda Qərbin dahi bəstəkarları Motsartın, Baxın, Listin əsərlərini sevə-sevə ifa edirdi. O, 60-cı illərdə dəbdə olan caz musiqisinin vurğunu idi, lakin muğam və xalq mahnılarımıza qəlbində daha çox yer ayırırdı. Elə görkəmli cazmen Vaqif Mustafazadə ilə dostluğu da bu daxili duyğulardan yaranmışdı.

Xatirələr çözələnir, haradansa Vaqifin "Düşüncə"si eşidilir... Bakı, qədim, yeniliyə can atan şəhər. Vaqifin muğamla cazın sintezindən yaratdığı möhtəşəm melodiyanın sədaları Fuadın gəncliyini xatırladır, yaratdığı memarlıq nümunələrini gətirir göz önünə. O anlar isə Xalq yazıçısı Elçinin xatirələrində daha canlı alınır: "60-cı illərdə Bakının "Torqovı" küçəsi indiki mobil telefonların, internetin işini daha istiqanlı görürdü, gənclər arasında daha məhrəm və mehriban ünsiyyət yaradırdı. "Torqovı" axşamlar orada gəzməyə çıxanların və hamısının da heç olmasa sifətdən bir-birini tanıdığı cavanların sosial mənşəyindən asılı olmayaraq, Bakının kübar simasının göstəricisi idi... Fuad Bakının ən yaraşıqlı, dəblə geyinən, sayılıb-seçilən cavanlarından biri idi və o zaman, 60-ın əvvəllərində Bakının ən gözəl qızı ilə görüşürdü və bu da "Torqovı" ab-havasına, "Torqovı" aurasına xüsusi kolorit verən faktlardan biri idi". Bu sözlər istər-istəməz insanı öz gəncliyinə aparır, Bakının "Torqovı"sında keçirdiyimiz vaxtlara qaytarır.

Daxili aləmi də xarici görkəmilə tən idi Fuadın. Hər işi mükəmməl dərəcədə etməyi bacaran Fuad valideynlərini çox sevən, qayğıkeş övlad, qardaş, ər və ata idi: "Atamız ağlımız, anamız qəlbimizdir", - deyirdi. Seyidzadələr ailəsində ciddi nizam-intizam, həm də sevgi mühiti vardı. Bağır müəllimlə Qeys xanım övladlarını sevir, onların təlim-tərbiyəsilə ciddi məşğul olurdular. Ailənin böyükləri arasındakı sevgi, səmimiyyət uşaqların tərbiyəsinə sirayət edirdi. Bu səbəbdən, Dilarə xanımla Fuad arasında bacı-qardaş münasibəti qarşılıqlı sevginin ən pik nöqtəsinə çatmışdı. Məhz bu səbəbdən də haqlı olaraq: "Qardaşımdan yaxşısı yox idi", - deyən Dilarə xanım Fuadın yoxluğundan sonra o ülvi sevgisini qardaşının yadigarı, oğlu Ülviyə və nəvələrinə ötürə bildi. Təbii ki, Fuada olan sevgisini azaltmadan, tükətmədən.

Hamının sevdiyi Fuadın sevgisi isə daha böyük idi, lap elə Azərbaycan böyüklükdə. Qısa, mənalı, dəyərli ömründə nə etdisə, öz fəaliyyətində doğma məmləkətini təbliğ etdi, ana yurduna məhəbbətini əks etdirdi. Ömür vəfa etsəydi, ölüm onu belə tez aparmasaydı, Azərbaycan üçün hələ çox işlər görəcəkdi. Zəngin mənəviyyat sahibi idi. Yazılarında da hiss olunurdu bu. Bacısı Dilarə xanıma yazdığı məktublar Fuadın daxili zənginliyindən, hə, bir də həyata nikbin baxışından xəbər verir: "Orada mənim bütün dostlarıma məsləhət gör ki, əgər işləri qaydasında getməsə əyləşsinlər, şirin çay içsinlər və ikinci oktavanın re-diyez notunu aşmadan 3-4 saat sakitcə söhbət etsinlər. Qoy onların şüarı belə olsun: əgər yaşından, xasiyyətindən, dünyagörüşündən asılı olmayaraq bütün insanlar hər hərəkətdən əvvəl əyləşsələr, fikirləşsələr, səmimi söhbət etsələr, hövsələsiz olmasalar və insana o qədər də xas olmayan rəzil duyğuları bir kənara qoyub ona daha çox xas olan nəciblik və qarşılıqlı hörmət hissini rəhbər tutsalar, onlar xoşbəxt olacaq. Belə yaşamaq düzgün olacaq". Adi məktub parçasına bənzəmir heç də, həyat, insanlıq haqqında ibrətamiz sözlərdir bunlar. Bu fikirlər həm də onun yazıb-yaratmaq qabiliyyətinin göstəricisidir. Bax, bu məsələdə Fuad atasına harada işləməsindən, hansı vəzifədə çalışmasından asılı olmayaraq heç vaxt mətbuatdan ayrı düşməyən, Dilarə xanımın təbirincə desək, qəlbən jurnalist olan Bağır müəllimə çəkmişdi.

Düşünürsən, bu həyatda Fuadın bacarmadığı nə qaldı ki. O, hər şeyi böyük peşəkarlıqla yerinə yetirdi. Tək bir şeyi bacarmadı. Fuad, canı qədər sevdiyi Ülvisinə doyunca atalıq edə bilmədi, əvəzində ona: "Atam Fuad Seyidzadə həyatdan çox erkən köçdü. O, mənə zəngin irs - xeyirxah işləri ilə qazandığı ad və nurlu xatirə qoyub getdi" - dedirtdirə bildi... Tanıyanların hamısı onun yaxşı dost və böyük estet olduğunu söyləyirlər".

Zümrüd QURBANQIZI,

"Respublika".