Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran gənclərlə görüş keçirilib
Digər xəbərlər

Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran gənclərlə görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı Dövlət Universitetinin, ADA Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbələrindən ibarət könüllülərlə görüş keçirib.

Qurumun mətbuat xidmətinin məlumatında bildirilir ki, görüş zamanı Ombudsman ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf edən mükafatlandırma mərasiminin əhəmiyyətindən danışıb. Bildirilib ki, əsası ümummilli lider tərəfindən qoyulan gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq gənclərin hərtərəfli inkişafına xidmət edir. Müxtəlif sahələrdə gənclərə yaradılan imkanlara toxunan Ombudsman ölkəmizin dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən Dövlət proqramlarından da söz açıb.

Daha sonra S. Əliyeva hər bir könüllünün təsisatda keçdiyi təcrübə nəticəsində əldə etdiyi praktiki biliklərlə maraqlanıb. Müzakirələr şəklində davam edən görüşdə Ombudsman tərəfindən gənclərin fikir və arzuları dinlənilib, onlara təhsil və karyeraları ilə bağlı tövsiyələr verilib.

Yekunda “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə Ombudsman tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi üzrə könüllülük proqramında fəal iştirakına görə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə Ombudsman Aparatında təşkil olunan cari könüllülük proqramı ötən ilin sonlarından başlanıb. Üç ay müddətində davam edən könüllülük proqramı çərçivəsində könüllülər təsisatın müxtəlif struktur bölmələrində təcrübə keçib, Ombudsmanın insan hüquqlarının müdafiəsi və təşviqi sahəsindəki fəaliyyəti ilə yaxından tanış olublar.

“Respublika”.