Yaradıcılıq gecəsi
Sosial həyat

Yaradıcılıq gecəsi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası A.Şaiq adına 2 nömrəli kitabxana filialı ilə birgə Yasamal Rayon Heydər Əliyev Mərkəzində uşaq yazıçısı və şair Gülzar İbrahimovanın 65 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirib. 

Yasamal Rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi Lətifə Məmmədova qeyd edib ki,  yazıçı-publisist, şair Gülzar İbrahimova çoxsaylı məqalələrin müəllifi və nəğməkar şairdir.

Yasamal Rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova Gülzar İbrahimovaya yaradıcılıq uğurları arzulayıb.

Tarix elmləri doktoru, professor, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, şair-qəzəlxan Şahin Fazil Gülzar İbrahimovanın uşaqlar üçün şeir və hekayələrinin maraqla oxunduğunu bildirib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin məsul işcisi Eşqin Şadlinski ona Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanını təqdim edib.

Tədbirdə "Zəka oyunları" Mərkəzinin rəhbəri Xəyalə Nuşirəvanova, şair, yazıçı Gülarə Munis və başqaları çıxış edərək bildiriblər ki, Gülzar İbrahimovanın adı gələndə hər kəsin üzündə təbəssüm yaranır.

Oxucu Aynur Ələkbərova yazıçının uşaqların dünyagörüşünə rəng qatdığını vurğulayıb və öz əl işini - güzgü üzərində hazırladığı gül tablosunu sevimli yazıçısına hədiyyə verib.

Şair, publisist, "Tərəqqi" medallı Nəsibə İsrafilqızı Gülzar İbrahimova ilə bağlı xatirələrini bölüşüb.

BDU-nun filologiya fakültəsinin dosenti Xəyalə Əfəndiyeva qeyd edib ki, biz xoşbəxt nəsilik ki, Gülzar xanımın nağılları ilə böyümüşük. İndi də övladlarımız onun əsərlərini mütaliə edir.

Yasamal Rayon Heydər Əliyev Mərkəzinin  baş elmi işçisi Arifə Mustafayeva Gülzar İbrahimovanın şeirlərinin, ibrətamiz hekayələrinin, mənsur şeirlərinin sevə-sevə oxunduğunu bildirib.

Tədbirin bədii hissəsində 158 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında yubilyarın şeirləri, hekayələrindən parçalar səsləndirilib.

Tədbirdə AMK tərkibində İncəsənət Gimnaziyası tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub. Gimnaziyanın müəllimi Ramela Əliyevanın və tərbiyəçi Zülfiyyə Əlizadənin rəhbərliyi ilə şagirdlər şeir və hekayələrlə yubilyarı təbrik ediblər. Vətənpərvər şagirdlərin ifasında "Sağ ol, ey Vətən" mahnısı səsləndirilib.

Sonda Gülzar İbrahimova tədbir iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirib.

"Respublika".