İşğal edilmiş ərazilərdə törədilmiş irimiqyaslı ekosid
Ekologiya

İşğal edilmiş ərazilərdə törədilmiş irimiqyaslı ekosid

Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizdəki törətdiyi vəhşiliklər istər regionda, istərsə də beynəlxalq müstəvidə məlumdur. Ağır cinayətlər sırasında ekoloji terror xüsusilə qeyd olunmalıdır. Düşmənin törətdiyi terror nəticəsində regionun ekologiyası ciddi təhlükələrlə üz-üzə qalıb.

İşğaldan azad olunmuş ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub. Həmçinin su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələrin böyük qismi tamamilə məhv edilib. Törədilmiş vəhşiliklərin ən acınacaqlı tərəfi düşmənin yeraltı və yerüstü sərvətlərimizi məqsədli şəkildə talan etməsi ilə bölgədəki ekoloji tarazlığın pozulmasıdır. Xatırladaq ki, düşmən ölkəmizə qarşı təcavüzkar siyasətinə Şuşa şəhəri yaxınlığında yerləşən və dövlət qoruğu hesab edilən Topxana meşəsini qırmaqla başlayıb. İllər boyu düşmən tapdağı altında qalmış 260 min 311 hektar meşə sahəsi və buradakı qiymətli ağac növləri vandal ermənilər tərəfindən kəsilərək müxtəlif məqsədlər üçün istifadə olunub. Ekosidlə bağlı qeyd etməli olduğumuz digər bir vacib məqam meşələrin kütləvi qırılmasının səhralaşmaya və torpaqların eroziyasına gətirib çıxarmasıdır. Bölgədəki təbiət qoruqları, eləcə də yasaqlıqlar da haylar tərəfindən məhv edilib.

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbəyə baxmayaraq, Ermənistan məkrli siyasətindən əl çəkmək istəmir. 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra da düşmənin ekoloji terroru davam etdirməsi bunu bir daha təsdiqləyir. Belə ki, əldə olunan razılaşmaya məhəl qoymayan ermənilər Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən yaşayış evlərini, ictimai binaları, yaşıllıqları məqsədli şəkildə yandırıblar. Ərazidəki su mənbələrinin çirkləndirilməsi, radioaktiv tullantıların çaylara axıdılması Ermənistanın beynəlxalq səviyyədə cinayətlərinin sübutudur. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilən Oxçuçayın sanki sənaye tullantılarının kollektoru rolunu oynadığını desək, yanılmarıq. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün çayın  su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə çıxışı zamanı söylədiyi fikirlər düşmənin törətdiyi ekosidin geniş miqyasını bir daha təsdiqləyir. Ölkə başçımız bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törədib. Prezident İlham Əliyev, həmçinin işğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-nin dağıdıldığını, qalanlarının isə donuz və inəklər üçün tövlə kimi istifadə edildiyini xatırlatmaqla bunu bütün dünya müsəlmanlarına qarşı təhqir adlandırıb. Dövlətimizin başçısının söylədiklərindən bir daha bəlli olur ki, Ermənistanın 30 il müddətində işğal altında saxladığı ərazilərimizdə həyata keçirdiyi vəhşiliklərin məqsədi məhz tarixi izlərimizi buradan silməyə yönəlib.

Digər qeyd etməli vacib məqamlardan biri Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsidir. Bununla xain düşmən nəinki təbiətə, yerli əhaliyə də ziyan vurub. Hazırda bölgədə təmizləmə işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə indiyə qədər 83993 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Əlavə olaraq, 89 mindən çox mina və hərbi sursat aşkar edilib. Ermənistanın uzun illər ərzində törətdiyi bu cinayətlər cəzasız qalmamalıdır. Çünki düşmənin bu cür qeyri-insani davranışları beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulması deməkdir. Ermənistan tərəfi beynəlxalq məhkəmələr qarşısında bu cinayətlərə görə cavab verməli, müvafiq beynəlxalq təşkilatlar Ermənistanın təbiətə, ətraf mühitə və ekologiyaya qarşı törətdiyi vandalizmi, ekoloji terroru kəskin şəkildə tənqid etməlidirlər.

Nəzrin ELDARQIZI,

"Respublika".