İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib
Sosial həyat

İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib

Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nı əsas tutaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bu ildən KOB-ların (Kiçik və Orta Bizneslərin) rəqəmsallaşması layihəsi üzrə işlərin görülməsinə start verib.

KOB-ların innovativ həll yolları ilə effektivliyinin və iqtisadi göstəricilərinin artırılması, biznes və sahibkarlıq proseslərinin optimallığının təmin olunması əsas məqsəddir. Bir neçə istiqamət üzrə fəaliyyətə başlayan layihə çərçivəsində Rəqəmsal Yetkinlik İndeksi (DMI - Digital Maturity Index) platforması yaxın zamanlarda KOB-ların istifadəsinə veriləcək. Platformanın məqsədi KOB-lara rəqəmsal yetkinliyin qiymətləndirilməsi və artırılması üçün imkan yaratmaq və onları daha effektiv biznes mühiti ilə təmin etməkdir. Həmçinin, gənc sahibkarları əhatə edəcək paralel bir neçə rəqəmsallaşma layihələrinə hazırlıq proseslərinə də artıq başlanılıb. Daha dinamik sahibkarlıq ekosistemi qurmaq və rəqəmsallaşmanın əhəmiyyəti ilə bağlı digər KOB-ların da məlumatlılığını artırmaq üçün işlər görülür.

Qeyd edək ki, layihə çərçivəsində ilboyu rəqəmsallaşma biliklərinin artırılması və yeni rəqəmsallaşma həllərin təşviqi üçün müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

"Respublika".