İraqda nəşr olunan “Sadaqa
Digər xəbərlər

İraqda nəşr olunan “Sadaqa" qəzeti Azərbaycanın Milli Mətbuat Günündən yazıb

İraq-Azərbaycan Dostluq Cəmiyyətinin mətbu orqanı olan "Sadaqa" (Dostluq) qəzetinin 7-ci sayında Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Milli Mətbuat Günü münasibətilə Şuşada keçirilmiş "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu və tədbirin xarici qonaqları ilə AZƏRTAC-da baş tutmuş görüş barədə məqalə dərc edilib.

Məqalənin müəllifi Mutəz Muhy Əbdüləziz 1875-ci ilin iyulun 22-də "Əkinçi" qəzeti ilə əsası qoyulmuş milli mətbuatımızın tarixi haqqında məlumat verib. Bu münasibətlə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə təşkil edilmiş media forumunun əhəmiyyətinə diqqət çəkən müəllif tədbirdə səslənmiş fikirlərə də yer verib, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə Forum iştirakçılarına ünvanladığı təbrikindən sitatlar gətirib.

Məqalədə Forumda iştirak etmiş xarici qonaqlarla AZƏRTAC-da baş tutmuş görüşdən də yazılıb və agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun fikirlərinə yer verilib. Bildirilib ki, görüşdə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilən ərazilərdə fasiləsiz aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən danışılıb. Həmçinin qonaqların Şuşaya səfəri zamanı bunun canlı şahidi olduqları qeyd edilib. Vurğulanıb ki, müasir mediada baş verən transformasiyalar, hazırkı dövrdə mətbuat qarşısında duran çağırışlar da görüşdə müzakirə edilən məsələlərdən olub.

AZƏRTAC