İranlı
Siyasət

İranlı "diplomatın" anti-Azərbaycan fəaliyyəti

Bir neçə gün öncə İranın Ermənistandakı səfiri Mehdi Subhani  keçirdiyi mətbuat konfransında ermənilərə xoş gəlmək üçün yenidən Azərbaycana "dil uzadıb". İranlı diplomat  bildirib ki,  Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahları ilə öldürülüb. Səfir bu ifadəyə yer verməklə guya İsrailin Cənubi Qafqazda qeyri-sabitliyin əsas faktorlarından biri olduğunu sübut etməyə çalışıb. İran-İsrail münasibətlərini şərh edən  Subhaninin məsələyə heç bir aidiyyəti olmadığı halda Azərbaycanın adını çəkməsi, ilk növbədə, erməni cəmiyyətində xal qazanmağa hesablanmış addım kimi qiymətləndirmək olar. Bu, həm də iranlı diplomatın Ermənistanın uzun illər apardığı işğal siyasətinə haqq qazandırmasının bariz sübutudur. Səfir erməni əsgərlərin ölümünü faciə kimi təqdim etsə də, özü çox yaxşı bilir ki, işğalçı dövlətin hərbçiləri faktiki olaraq onlara məxsus olmayan torpaqlarda məhv edilib.

Mehdi Subhaninin belə bir açıqlama verməsi ilk baxışdan qəribə görünsə də, onun İrəvandakı fəaliyyətinə nəzər saldıqda anti-Azərbaycan bəyanatlarına olduqca tez-tez rast gəlmək olur. Məsələn, Mehdi Subhani çıxışlarının birində demişdir ki, "Dağlıq Qarabağ xalqı öz müqəddəratını müəyyən etmək hüququna malik olmalıdır". Bu sözlərlə səfir kiçik bir kütləni "xalq" adlandırıb, Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ məsələsindəki haqq işini şübhə altına salmağa çalışıb. Cənub qonşumuz isə səfirin bu fikirlərinə İran İslam Şurası Məclisinin deputatı Mahmud Abbaszadə Meşkininin sözləri ilə münasibət bildirmişdi: "İranın ER-dəki səfirinin Azərbaycanın ərazi bütövlüyünə dair xam fikirləri ilə bağlı İranın xarici işlər nazirinin müavini ilə söhbət etdim. Nazir müavini İranın ER-dəki səfirinin mövqeyini xam mövqe kimi dəyərləndirmiş və o belə fikirləşmişdir ki, bu mövqe gərək dəyişsin. İranın rəsmi mövqeyi qonşu ölkələrə, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünə ehtiramla yanaşmaqdan ibarətdir. Nazir müavini söz verdi ki, Bakıdakı İran səfirinə tapşırıq verəcəkdir ki, İranın rəsmi mövqeyini yenidən bildirsin və bu anlaşılmazlığı aradan qaldırsın".

Mehdi Subhaninin İrəvandakı fəaliyyəti əslində, onu diplomatdan daha çox kəşfiyyat agentinə bənzədir. Bu da onun  İran xüsusi xidmət orqanlarında çoxillik iş təcrübəsinə malik olmasından irəli gəlir. Subhani intensiv şəkildə  erməni siyasi dairələrinin əməkdaşları ilə "Ermənistanın gələcəyi" və "Cənubi Qafqazdakı hadisələr" mövzularında fikir mübadiləsi aparır. Bu cür görüşlər keçirməkdə Subhaninin məqsədi Ermənistanın yeganə və ən real təhlükəsizlik təminatçısının yalnız öz dövlətinin ola biləcəyinə erməniləri inandırmaqdan ibarətdir:  "İran öz dostlarını heç vaxt darda qoymur, hətta lazım olanda onlar üçün qurbanlar da verir... İran olmazsa, heç kim sizi Azərbaycanın və Türkiyənin əlindən qurtara bilməyəcək" fikirlərini aşılamağa çalışır. Beləliklə, diplomat cildinə girən Subhani İran-Ermənistan münasibətlərindən daha çox türk düşmənçiliyi təbliğatı ilə məşğul olur.

Maraqlısı odur ki, İran dövləti dəfələrlə Türkiyə və Azərbaycana qarşı  qərəzli fikirlər irəli sürən diplomatının səsini kəsmək istəmir. Halbuki fürsət düşdükcə İran  rəsmiləri özü Azərbaycanla dostluq münasibətlərində maraqlı olduğunu bəyan edir. Hətta ölkəmizin Tehrandakı səfirliyinin bərpa olunması üçün dəridən-qabıqdan çıxır. Yaxın günlərdə İran XİN həmin səfirliyin fəaliyyətinin davam etdirilməsi yönündə səy göstərildiyini də bildirmişdi. Lakin rəsmi Tehranın regionda ikiüzlü siyasət yürütdüyü də yaxşı məlumdur.  Birinci və İkinci Qarabağ müharibəsində İranın tutduğu mövqe müsəlman dünyasına qara ləkə kimi düşüb. Özünü müsəlman şiə dövləti adlandıran İran 90-cı illərdə başlayan Birinci Qarabağ müharibəsində  Ermənistana ötürdüyü kəşfiyyat məlumatları,  yanacaq məhsulları ilə yadda qalıb. İranın dəstəyi ilə işğal altında qalmış Azərbaycan torpaqları bu müddət ərzində xarabalığa çevrilib. Ən təəccüblüsü odur ki, məscidlərə, qəbiristanlıqlara qarşı vandal hərəkətlər edən Ermənistana İran tərəfindən bu günə qədər heç bir irad bildirilməyib. Eləcə də 44 günlük Vətən müharibəsində İran üzərindən daşınan silahlar yüzlərlə əsgərimizin həyatına son qoyub. Amma bununla belə, İran bu gün utanmadan müsəlman Qəzza xalqının guya dərdinə "şərik çıxır". Əgər İran müsəlman təəssübkeşliyi məsələsində səmimi olsaydı,  bunun üçün çox da uzağa getmək lazım gəlməzdi. 30 il ərzində Qarabağda yüz minlərlə insanın taleyinə acımaq kifayət edərdi.

Musa BAĞIRLI,

"Respublika".