İranın “sülhpərvər
Siyasət

İranın “sülhpərvər" imici

Ermənistan Azərbaycanla son toqquşmalarda İranın "Şahid" dronlarından istifadə edib. Bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilib ki, Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində baş verən insidentlərdə İrəvan İran istehsalı PUA-ları tətbiq edib.

Əslində, bu barədə iddialar vaxtaşırı yerli mətbuatda da gündəmə gəlir. Çünki rəsmi Tehranın İrəvana külli miqdarda raket və digər silahlar hədiyyə etdiyi rəsmən təsdiqlənib. İranın yüksək səviyyəli rəsmiləri dəfələrlə bəyan ediblər ki, İran istehsalı olan pilotsuz uçuş aparatlarının alınması üçün 22 ölkə rəsmi müraciət edib və onların arasında Ermənistan da var. Buna görə də İranın Ermənistana PUA satması və İrəvanın bu vasitələrdən Azərbaycana qarşı istifadə etməsi təəccüb doğurmamalıdır. Məlum məsələdir ki, Tehranın regiondakı müttəfiqinin hərbi cəhətdən güclənməsinə kömək etməkdə öz marağı var. Hazırda molla rejimi Türkiyə-Azərbaycan müttəfiqliyindən və İsrailin bu birlikdəki mövqeyindən narahatdır.

İstənilən halda, Azəbaycan tərəfi bütün əməliyyat şəraitini nəzarət altında saxlayır və adekvat cavab verir. Eyni zamanda, Azərbaycanın inventarında Türkiyə istehsalı pilotsuz uçuş aparatları var. Statistikalar da göstərir ki, "Bayraktar TB2"lər İran PUA-larından öndədir. Belə ki, "Mühacir-6"nın maksimum uçuş məsafəsi təxminən 200 kilometr olduğu halda, Bayraktarın tam uçuş məsafəsi təqribən 300 kilometrdir. Bayraktarın dayanıqlılığı da İran istehsalı dronları üstələyir. "Şahid" seriyası müvafiq olaraq 4 saat yarım - 5 saat havada qala bilirsə, Türkiyənin PUA-larında bu göstərici 27 saatdır. Bundan əlavə, Bayraktar onlardan daha çox hündürlüyə qalxa bilir. Üstəlik, düşünsək ki, Azərbaycan ordusunun PUA istifadəsi sahəsində təcrübəsi İrəvandan çoxdur, o zaman narahatlığa ciddi əsas yaranmır.

Görünən odur ki, İran dronları Azərbaycan üçün ciddi təhlükə təşkil etmir. Bununla belə, Tehranın İrəvana PUA göndərməsi onun regionda formalaşdırmağa çalışdığı "sülhpərvər" imicini məhv edir. İranın XİN başçısı Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla sonuncu telefon danışığında "3+3" formatı kimi regional məsləhətləşmələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirsə də, onun sözləri ilə əməli üst-üstə düşmür.

Qeyd edək ki, "3+3" formatı Azərbaycan və Türkiyənin təklifi əsasında irəli sürülən platformadır. Amma məhz İran regionda yaranan yeni reallığı qəbul etməyərək, Azərbaycana qarşı Ermənistanı dəstəkləmək siyasəti həyata keçirdi, bununla da formatı dəstəkləmədiyini göstərdi. İndi isə Azərbaycanla Ermənistan arasında Brüssel formatında görüşlərin intensivləşdiyi və sülh sazişi ilə bağlı danışıqlarda irəliləyişlərin olduğu bir vaxtda İran "3+3" formatını xatırladı. Bu da onu göstərir ki, rəsmi Tehran Cənubi Qafqazda sülhün əldə olunmasını istəmir və buna hər yolla mane olmağa çalışır.

Jalə QASIMZADƏ,

"Respublika".