İrandakı səfirliyimizə hücum anti-Azərbaycan siyasətinin nəticəsidir
Digər xəbərlər

İrandakı səfirliyimizə hücum anti-Azərbaycan siyasətinin nəticəsidir

İranın anti-Azərbaycan siyasətini hələ Birinci Qarabağ müharibəsinin gedişində görmək mümkün idi. Azərbaycanla həmrəylik nümayiş etdirmək əvəzinə islam respublikasının işğalçı Ermənistana iqtisadi və hərbi dəstək verməsi bunu deməyə əsas verir. Ardınca isə Azərbaycanın işğal altındakı ərazilərinin talanmasında rol oynaması da bunun bariz nümunəsidir.

Utancverici məqam isə islam dini müdafiəçisi kimi çıxış edən ölkənin Qarabağdakı məscidlərinin viran edilməsinə, dağıdılmasına - vandalizm aktlarına məruz qalmasına göz yumması idi.

Son vaxtlar İranda anti-Azərbaycan kampaniyasının aparılması diplomatik əlaqələri sarsıtdı. Hətta İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyi də yerinə yetirmədi. Azərbaycanın İrana qarşı səbirli davranışı, hədələrə, bəyanatlara təmkinlə yanaşması belə qarşılıqsız qaldı. İran anlamadı ki, təkcə Azərbaycan səfirliyi əməkdaşlarının yox, öz tarixi torpaqlarında yaşayan 35-40 milyon soydaşımızın hüquqlarını da təmin etmək məcburiyyətindədir və onların ana dilində təhsil almasına, dövlət orqanlarında iştirakının təmin olunmasına şərait yaratmalıdır.

Ölkəmizə qarşı öz məkrli siyasətini davam etdirən İranın atdığı addımlar artıq təəccüb doğurmur. Belə ki, əvvəllər İran XİN-də çalışmış və dini rəhbərliyə yaxın olduğu bildirilən Əbülfəzl Zühdüvənd adlı diplomat yayılan səs yazısında Zəngəzurla bağlı narahatlığını dilə gətirərək İranın heç vaxt Türkiyə ilə müttəfiq olmayacağını, Azərbaycanın İran üçün təhdid olduğunu iddia edən ifadələr yer almışdı. O, Ermənistanı İranın regional müttəfiqi adlandırır və Azərbaycanı İran üçün təhlükə kimi görür. Bu səs yazısını təsdiq edən faktlar isə göz qabağındadır. Belə ki, İranın ölkəmizə qarşı ikili münasibəti özünü 44 günlük Vətən müharibəsinin gedişində və müharibədən sonra da büruzə verdi. Müharibə zamanı İrandan Ermənistana silah-sursat daşıyan maşınlar, ölkənin Ermənistana hərbi yüklərin daşınması üçün hava məkanını bağlamaması İranın münaqişədə kimin tərəfində olmasını açıq şəkildə göstərirdi. İran anti-Azərbaycan əməllərini müharibədən sonra da davam etdirərək Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərə yükdaşımalar həyata keçirmiş, Qarabağdakı separatçı rejimə hər cür dəstək verməkdən çəkinməmişdi. Yalnız Azərbaycan dövlətinin müdaxiləsindən və qətiyyətli addımlarından sonra ifşa olunaraq çətin vəziyyətə düşən Tehran rejimi bu əməlindən geri çəkilməli oldu. Regionun lider ölkəsinə çevrilmiş Azərbaycan İranın qeyri-səmimi siyasətini görür və buna qarşı adekvat addımların atılması planları mövcuddur.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində silahlı hücum baş vermişdir. Səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov terror aktı zamanı şəhid olmuşdur. "Kalaşnikov" markalı avtomat ilə qətli törədən İran vətəndaşı Yasin Hüseynzadə isə zərərsizləşdirilmişdir. Hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirliyə hücumu pisləyərək terror aktının araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edən tvit paylaşdı: "Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Sosial mediada hücumla bağlı səfirliyin təhlükəsizlik kameralarının çəkdiyi güman edilən video görüntülərdə iki nəfər səfirliyin binasına girdikdən az sonra bir avtomobil səfirliyin binasına yaxınlaşır və qarşıda dayanan maşına dəydiyi görünür. Sürücü dərhal maşından düşüb binaya tərəf sürətlə hərəkət edir. Onun əlində silah görünür. Səfirliyin qarşısında dayanan polis nəfəri isə silahlı terrorçunu dayandırmır. Qeyd etmək lazımdır ki, bu, müstəqilliyimiz əldə olunduqdan sonra fars rejiminin Azərbaycan səfirliyinə ikinci hücumudur. Bundan əvvəl, ötən ilin avqustunda iranlı terrorçular Azərbaycanın Britaniyanın paytaxtı Londondakı səfirliyinin binasında Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılı bayraq taxmış, divarlara, pəncərələrə ərəb dilində şüar yazmış və səsləndirmişdilər.

Nurlan ABDALOV,

"Respublika".