İnkişaf və tərəqqinin yol xəritəsi: Milli Prioritetlər
Siyasət

İnkişaf və tərəqqinin yol xəritəsi: Milli Prioritetlər

Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri ölkəmizin iqtisadi gücünün əməli ifadəsidir

Prezident İlham Əliyev 2021-ci il fevralın 2-də "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2020-ci ildə ölkəmizin işğal altındakı torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfərdən sonra Azərbaycan keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Vurğulanır ki, 2021-2030-cu illəri əhatə edən Milli Prioritetlər yeni strateji dövrdə qarşıda duran hədəflərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" XXI əsrdə ölkəmizin inkişafı ilə bağlı qəbul olunan ikinci uzunmüddətli strategiyadır. 2012-ci ildə dövlət başçısının müvafiq fərmanı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq edilmişdi. Milli Prioritetlər "Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti" devizi üzərində tərtib olunub. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

"Milli Prioritetlər"ə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın həyata keçirilməsi də daxildir. Nəzərdə tutulan layihələrin reallaşdırılması Qarabağda iqtisadi canlanmaya səbəb olacaq.

Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan ərazisindən daha bir strateji əhəmiyyətli müasir yol infrastrukturu formalaşacaq. Bu, ölkə iqtisadiyyatı üçün yeni imkanlar deməkdir. Şərqi Zəngəzur iqtisadi rayonu gələcəkdə həm də nəqliyyat-logistika mərkəzinə çevriləcək. Bu isə Qarabağda yeni və daha üstün iqtisadiyyat qurmağa imkan verəcək. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə toxunan Azərbaycan Prezidenti İlham Əliyev bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələrinin ən prioritet sahələrdən biri olduğunu, Şərq-Qərb nəqliyyat dəhlizi, rəqəmsal transformasiya və bərpaolunan enerji sahələrinin də ölkəmizin iqtisadi inkişafında mühüm yer tutduğunu bildirib və qeyd edib ki, bütün bunlarla bağlı həyata keçirdiyimiz layihələrə xeyli sayda tərəfdaş və investor cəlb edilib və ediləcək. Dövlət başçısı deyib ki, ölkəmizin uğurlu coğrafi mövqedə yerləşməsi və yaradılan əlverişli biznes mühiti, zəngin iqtisadi potensialımız gələcək əməkdaşlıq və inkişaf prosesləri üçün yaxşı zəmin yaradır.

Hazırda hər birimiz müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərinin şahidiyik. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. Vətən müharibəsinin başa çatmasından ötən müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dövlətimizin gücünün təsdiqidir. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür. Bütün bunlar İlham Əliyevin göstərişi ilə başlanmış işlərin müəyyən bir hissəsidir və iqtisadi inkişaf planları işğaldan azad olunmuş bütün rayonları əhatə edir. Burada ölkə başçısının dəfələrlə vurğuladığı kimi zamanla yarış məsələsi var. Üstəgəl, zaman faktorundan başqa, erməni cəlladlarının torpaqlarımızda basdırdıqları minalar da Azərbaycanın Qarabağın yenidən qurulması işlərinə əngəl yaradan, ləngidən amil kimi çıxış edir. Tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurulur. Bütün bu işlərin miqyası bir daha xalqımızın böyüklüyünü göstərir.

Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı illərdə reallaşdırılması nəzərdə tutulan layihələr əsas etibarilə sosial xarakterlidir. Burada qurulan sosial infrastruktur və dövlət tərəfindən görülən digər işlər doğma yurd-yuvalarına qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla bölgənin şəhər və kəndlərinin "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulması istiqamətində iş aparılır. "Ağıllı kənd" layihəsi çərçivəsində yeni texnologiyaların tətbiqi nəticəsində həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradılacaq və Qarabağ regionu texnoloji mərkəz kimi cəlbediciliyini artıracaqdır. Bir sözlə, işğaldan azad edilmiş ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin reallaşdırılması istər şəhər, istərsə də kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həllinə və xüsusilə də kənd ərazilərində yeni iqtisadi imkanların yaradılmasına öz müsbət təsirini göstərəcəkdir. Artıq Qarabağda birinci pilot layihə olan Zəngilan rayonunun 3 kəndini birləşdirən "Ağıllı kənd" layihəsi uğurla başa çatdırılıb və soydaşlarımızın buraya köçürülməsi ilə qayıdışın ilk addımları atılıb. Qeyd etmək lazımdır ki, düşməndən təmizlənən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların eyni səviyyədə dirçəldilməsi nəzərdə tutulur. Bunun üçün bütün işlərin vahid proqram əsasında gerçəkləşdirilməsi diqqət mərkəzində saxlanılır. Bölgənin müasir şəhərsalma konsepsiyası əsasında ən mütərəqqi innovasiyaların tətbiqi ilə yenidən qurulması və eyni zamanda azad edilmiş ərazilərdə kifayət qədər alternativ enerji mənbələrinin mövcudluğunu nəzərə alaraq oranın "yaşıl enerji" zonasına çevrilməsi mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan, Avropanı və inkişaf etmiş ölkələri təmsil edən aparıcı şirkətlərin şəhərsalma prosesinə cəlb edilməsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində modern metodlara uyğun yaşayış məntəqələrinin inşasına imkan verəcək. Cənab Prezident Şərqi Zəngəzurla bağlı bəzi məqamları xatırladaraq deyib: "Bildiyiniz kimi, mənim Sərəncamımla 14 iqtisadi rayon yaradıldı. Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda gələcəyə əsaslanır. Çünki həm Qarabağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi". Qısa dövrdə iri infrastrukturların yaradılması haqlı olaraq bütün dünyada heyrət və maraq doğurur. Bütün bu layihələr dövlətimizin öz maddi imkanları ilə reallaşdırılmaqdadır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına inteqrasiyası, logistik sahədə yeni perspektivlər Azərbaycanın inkişaf potensialını artıracaq. Azərbaycan hazırda özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri xalqımızı tərəqqiyə, daha parlaq gələcəyə istiqamətləndirir.

Mustafa KAMAL,

"Respublika".