İmişlidə Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın, şəhidlərimizin xatirəsi əziz tutulur, onların ailələri daim yad olunur. Şanlı Zəfər yürüşündə qəhrəmanlıq göstərərək canından keçmiş şəhid oğullarımızdan biri də Kamranlı Xalid Kazım oğludur. Yaşasaydı, bu gün qələbə sevincini və doğum gününü ailəsi ilə birlikdə qeyd edəcəkdi.
Kamranlı Xalid 1999-cu il sentyabrın 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Şəhidimiz 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində iştirak etmiş və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərərək oktyabrın 15-də şəhid olub.
Xalidin doğum günündə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul əməkdaşları , qəsəbə sakinləri və şəhidin yaxınları tərəfindən şəhidin dəfn olunduğu Bəhrəmtəpə qəsəbə qəbiristanlığında məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub və ruhuna dualar oxundu. Tədbirdə şəhid Xalid Kamranlının qısa, lakin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söhbət açıldı, onunla bağlı xatirələr bölüşüldü. Şəhidin gənclərə örnək olduğu bildirildi, onunla qürur duyduqları ifadə olundu.
Çıxış edənlər şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə, Birinci vitse -prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Kamranlı Xalid vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Ərəstun ABDULOV,
“Respublika”.