İlqar İsmayılov
Sosial həyat

İlqar İsmayılov

...1992-ci ilin oktyabr ayında Laçın rayonunda ərazilərimizin erməni daşnaklarından təmizlənməsi uğrunda şiddətli döyüşlər gedirdi. Kapitan İlqar İsmayılovun rəhbərliyi altında 128 nəfər döyüşçü Laçının Mazunlu kəndi yaxınlığındakı Qızartı yüksəkliyinin erməni quldurlarından təmizlənməsi üçün hücuma keçmişdi. Qızğın döyüşlərdə Azərbaycan əsgərləri erməniləri geri oturtdu. Bu ölüm-dirim savaşında komandir, igid döyüşçü İlqar İsmayılovun sinəsi düşmən gülləsinə tuş gəldi. İlqar İsmayılov Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olundu. Ailəli idi. İki uşağı yadigar qaldı.

İlqar Sədi oğlu İsmayılov 29 mart 1959-cu ildə Bakı şəhərində dünyaya göz açmışdır. O, 1966-cı ildə Bakının Nərimanov rayonundakı 45 saylı orta məktəbin birinci sinfinə getmişdi. Dərs əlaçısı idi. Əlindən kitab düşməzdi, verilən hər bir tapşırığı yerinə yetirər, rüblük qiymətləri yüksək olardı. İlqar məktəb illərində idmana böyük maraq göstərərdi. Dəfələrlə rayon və respublika üzrə keçirilən idman yarışlarında fərqlənmiş və tərifnamələrə layiq görülmüşdür. Orta məktəbi bitirdikdən sonra təhsilini idman sahəsində davam etdirəcəyinə qərar vermişdi.

1976-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuş, 1981-ci ildə ali məktəbi bitirmiş, cüdo üzrə idman ustası adına layiq görülmüşdü.

1981-ci ildə İlqar İsmayılov doğmalarının, valideynlərinin xeyir-duası ilə əsgəri xidmətə yola salınmış, Bakı Ordu İdman Klubunda xidmətdə olmuşdur. İlqar 1983-cü ildə ordudan tərxis olunmuş və 1986-cı ilə qədər "Dinamo" İdman Klubunda məşqçi işləmişdir. Sonra leytenant rütbəsi ilə Daxili İşlər Nazirliyinin Sabunçu rayon Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş, ictimai asayişin keşiyində ayıq-sayıq dayanmış, şəxsi heyətin hörmət və nüfuzunu qazanmışdır. Erməni daşnakları Azərbaycan ərazilərinə hücum edəndə kapitan İlqar İsmayılov bir zabit kimi tez-tez döyüş bölgələrinə ezam olunur, erməni yaraqlılarına qarşı aparılan döyüş əməliyyatlarında şəxsi igidlik göstərirdi.

Bacarıqlı komandir İlqar İsmayılov Şuşa rayonunun Malıbəyli, Meşəli kəndlərində, eləcə də Ağdam rayonu ərazilərində gedən ağır döyüşlərdə böyük igidlik göstərmiş, hər an Azərbaycan əsgərlərini qələbəyə ruhlandırmış, onlara lazımi tövsiyələr vermişdir. Kapitan İ.İsmayılov Laçın rayonunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı Fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüş, vaxtilə təhsil aldığı 45 saylı orta məktəbin önündə büstü qoyulmuşdur.

45 saylı orta məktəbin direktoru, Nəcibə Axundova ilə söhbət edərkən o, vaxtilə bu məktəbin məzunu olmuş, adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılmış İlqar İsmayılov haqqında qürurla danışdı və ürək sözlərini dedi:

-Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev deyirdi: "Mən Azərbaycan xalqının dəyanətinə, dözümünə, qəhrəmanlığına güvənirəm və əminəm ki, biz bütün bu sınaqlardan müvəffəqiyyətlə çıxacaq, torpaqlarımızı müdafiə edəcək və təcavüzkar qüvvələrin hamısına layiqli cavab verəcəyik".

Doğrudan da İlqar İsmayılov kimi oğullar döyüş meydanında faşist xislətli erməni terrorçularına öz sözünü dedi. O, vətənpərvər bir oğul kimi bir kərə yüksələn bayrağımızın bir daha enməməsi üçün əbədiyyətə qovuşdu. Şəhid oldu ki, körpələrin gülüşləri dodaqlarında donmasın, daşnak erməni cəlladları öz çirkin ideyalarını reallaşdıra bilməsinlər.

45 saylı orta məktəbin pedaqoji kollektivi və şagirdləri Milli Qəhrəman İlqar İsmayılovla fəxr edir, anım günündə qəhrəman döyüşçünün ömür və döyüş yolu vərəqlənir. İlqar İsmayılov xalqın qəlbində əbədi yer tutmuş, öz şərəfli ömrü ilə gələcək nəsilləri, müstəqil Azərbaycanımızın gənclərini mübarizəyə səsləmişdir".

Q.TƏYYAROĞLU,

"Respublika".