İDMANÇILARLA GÖRÜŞ
İdman

İDMANÇILARLA GÖRÜŞ

Gəncədə 2022-ci ilin son 4 ayı ərzində beynəlxalq idman yarışlarında layiqli yer tutmuş idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, "Şöhrət" ordenli, Əməkdar məşqçi Elçin Zeynalov, 1 nömrəli UGİŞM-in direktoru Ramil Qasımov, 2 nömrəli UGİŞM-in direktoru Asif Həsənov, şəhərin idman ictimaiyyətinin nümayəndələri, məşqçilər və idmançılar iştirak ediblər. Şəhər rəhbəri Niyazi Bayramov çıxışında bildirib ki, dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi yaradır. O, qeyd edib ki, bu gün ölkəmizin hər bölgəsində olduğu kimi, Gəncə şəhərinin idmançıları da beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış ediblər. Şəhər rəhbəri qazandıqları uğurlara görə idmançıları təbrik edərək onlara daha böyük qələbələr arzulayıb.

Millət vəkili Müşfiq Cəfərov qeyd edib ki, beynəlxalq yarışlardan ölkəmiz adına qazanılan hər bir medalın arxasında böyük zəhmət və əzm dayanır. Bu uğurların əldə edilməsində dövlət başçımızın idmana göstərdiyi xüsusi diqqət və qayğının rolu danılmazdır.

Tədbirdə çıxış edən Həmid Nəsirov 2022-ci ilin 8 ayı ərzində görülən işlər haqqında məlumat verib. Bildirib ki, bu aylar ərzində Gəncədə 5 mindən artıq idmançının iştirakı ilə 90-dan çox şəhər üzrə yarışlar keçirilib. Eyni zamanda, idmançılarımız 50-dən çox respublika, 2 zona, 7 dünya, 14 Avropa, 12 beynəlxalq yarışlarda iştirak edərək ümumilikdə 302 medal qazanıblar.

Çıxış edənlər ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idmanın inkişafına göstərdikləri qayğıdan söz açıb və ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Zabit XƏLİLOV,

"Respublika".