Bəzi sosial media istifadəçiləri barəsində inzibati icraat başlanıb
Digər xəbərlər

Bəzi sosial media istifadəçiləri barəsində inzibati icraat başlanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunvericiliklə qadağan edilmiş məlumatların internet informasiya ehtiyatlarına yerləşdirilməsinin qarşısının alınması və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış yoxlamalarla ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, həmçinin dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədi güdən paylaşımların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunub, onların barələrində qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Sosial media istifadəçiləri Mirzəli Yalçın Yaşar oğlu, Hüseynov İlham Telman oğlu, Abbaslı Nizami Əsədulla oğlu, İsayev Əfqan Ənvər oğlu və Azadov Rasim Əlif oğluna gələcəkdə belə neqativ hallara yol verməmələri ilə bağlı "Prokurorluq haqqında" qanunun 21-ci maddəsində nəzərdə tutulan qaydada xəbərdarlıq edilib.

Əliyev Namiq Səməd oğlu "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun 13-2.3.9-cu bəndi ilə yayılması qadağan edilən, demokratik təsisatlara qarşı təzyiqlərin göstərilməsi, dövlət orqanlarının fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsinə dair çağırışlar edən, həmçinin təhqir və ya böhtan xarakteri daşıyan informasiyanı feysbuk sosial şəbəkəsində yerləşdirməsinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Namiq Əliyev barəsində bir ay müddətinə inzibati həbs tənbehi seçilib.

Namiq Əliyevin feysbuk sosial şəbəkəsində ona məxsus "Yeniavaz.az" səhifəsində yuxarıda təsbit olunan informasiyanı götürməməsinə görə hüquqi şəxs "Azərmedia" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2-ci (internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Baş Prokurorluq internet informasiya ehtiyatlarının istifadəçilərinə müraciət edərək, virtual məkanda qanunvericiliyin tələblərinə dönmədən riayət olunmasını, həmçinin ictimai müzakirələrin qanun çərçivəsində və etik normalarına uyğun aparılmasını tələb edir. Əks halda, qanunla nəzərdə tutulmuş qaydada tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilir.

AZƏRTAC