ADA Universitetinin tələbələri kosmonavtlarla görüşüb
Digər xəbərlər

ADA Universitetinin tələbələri kosmonavtlarla görüşüb

Oktyabrın 4-də 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində ADA Universitetinin tələbələri ilə astronavtlar arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edib. Daha sonra Azərbaycan Respublikasının Kosmik Agentliyinin təhsil meneceri İmran Muxtarov tərəfindən tələbələrə müvafiq qurumun fəaliyyət istiqamətləri, ölkəmizdə keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi və "Beynəlxalq astronavtlar proqramı" haqqında ətraflı məlumat verilib.

Gənclərlə interaktiv sual-cavab formatında aparılan görüşdə ABŞ-lı astronavtlar John-David Bartoe, Ronald J.Garan, Russell L.Schveickart, rumıniyalı astronavt Dumitru-Dorin Prunariu və BƏƏ-li astronavt Hazzaa Al-Mansoori kosmosa səyahət və kosmik missiyaları ilə bağlı təəssüratlarını tələbələrlə bölüşüb və sualları cavablandırıblar.

Qeyd edək ki, Bakıda keçiriləcək konqres çərçivəsində çoxsaylı texniki sessiya və konfranslar təşkil edilib. Konqresdə kosmos sahəsi üzrə ölkələrin öz fəaliyyətlərini müzakirə etmək, biznes əlaqələri qurmaq imkanları yaradılıb. Bu, təkcə Cənubi Qafqazı deyil, həm də Türkiyəni, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini əhatə etməklə Azərbaycanın və regionun akademik və biznes sahəsi üzrə kosmik sektorun ekspertləri və liderləri ilə əlaqə yaratmaq üçün unikal şansdır.

Nəzərə çatdırılıb ki, konqresin tərkib hissəsi "Beynəlxalq astronavtlar proqramı" "Kosmos və Sağlamlıq", "Kosmos və İnklüsivlik", "Kosmos və STEAM", "Astronavtların həyat və fəaliyyətinə həsr olunmuş brifinqlər" silsiləsindən ibarət olub, müxtəlif ali təhsil müəssisələri, elm tədqiqat institutları və gənclər mərkəzlərində məktəblilər, tələbələr, şəhid və qazi övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənc alimlər də daxil olmaqla 3 mindən çox Azərbaycan gəncinin iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutur. Xatırladaq ki, gənclər arasında kosmos elminin tərənnümü, yüksək texnologiyalara marağın artırılması, milli kosmik ekosistemin təşviqi proqramın əsas məqsədlərindəndir.