Çoban, qaytar quzunu...
Digər xəbərlər

Çoban, qaytar quzunu...

Hər dəfə yaylaq haqqında düşünəndə hər qarışında uşaqlığımın keçdiyi buz bulaqlı, şehli çəmənlər, qüdrətdən səngərli, qalalı dağlar yadıma düşür, xatirələr qəlbimdə şimşək kimi çaxır, sehrinə, ününə həsrət qaldığımız yurd yerlərinə qayıtmağımız ürəkləri cuşa gətirən saz havası, ney səsi kimi ruhumuzu təzələyir. 30 ilə yaxın Ermənistanın işğalında qalan torpaqlarımız, qoynunda bizə nağıl kimi günlər bəxş edən dağlar - Qırxqız, Alaqaya, Çilgöz, Üçmıx, Murov, Uzunyoxuş, Dəlidağ, Qoşqar, kəklikotu, qırxbuğum, qaymaqçiçəyi, baldırğan, qantəpər ətirli yaylaqlar öz sahiblərini gözləyirdi. Çobanların səsinə, qoyun-quzu mələşməsinə, tütək səsinə, ocaq tüstüsünə, qız-gəlinlərin gülüşünə, uşaqların hay-küyünə həsrət qalan, darıxan dağların, yaylaqların iki ildir ki, çal-çağır dövrü başlayıb.

Yaylaq həyatı həm də xalqımızın yaddaşında xüsusi yer tutur, etnoqrafiyamızın bir hissəsini əhatə edir. Ağ çalmalı dağların ətəklərində, gen dərələrin qoynunda məskən, yurd salmaq, təsərrüfatla məşğul olmaq min illər bundan əvvəl əcdadlarımızın həyat tərzinin ayrılmaz parçası olub. Məişətimizin, folklorumuzun, təsərrüfatçılıq ənənələrimizin bir hissəsi də yaylaqlarla bağlıdır. Vaxtilə yaylaqlarda qurulan sazlı-sözlü məclislər - zurna səsi, saz havası, bulaq başında qız-gəlinlərin zümzümə etdikləri nəğmələr söz sənətimizi, folklorumuzu zənginləşdirib. Yaylaqlarda təndir çatıb çörək, sac qurub yuxa bişirmək və s. xalqımızın min illər ərzində formalaşmış adət-ənənələrinin, həyat tərzinin yaşadılması deməkdir. Ustad aşıq Ələsgər çox gözəl deyib:

Könlüm qaranquştək

            uçub qoynuna,

Gəzir hər yamacı,

            hər yalı, yaylaq!

Ruhum təzələnir,

                        məst olur ürək,

Görəndə bu çağı,                                                       bu halı, yaylaq!

Mübaliğəsiz demək olar ki, odlar yurdunun hər guşəsi gözəldir, ecazkardır. Cəsarətlə demək olar ki, Kəlbəcər bu gözəlliyin yaşıl tacıdır, təbiət bu yerlərdən heç nə əsirgəməyib, zirvəsi göylərə baş çəkən dağları, sıldırım qayaları, min bir dərdin dərmanı olan havası, mineral suları, yaylaqları, ormanları, qədim yurd yerləri insanı ofsunlayır. Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqları bitki örtüyü ilə zəngindir. Kəlbəcərin hər qarışı cənnətdir...

Bu xoş duyğuları, kövrək xatirələri Kəlbəcər yaylaqlarından yenicə qayıdan fermer Kəklik Əhmədova ilə söhbətimiz yada saldı. Yaylaq ona elə bil yeni bir həvəs gətirib, orada keçirdikləri günlərdən danışmaqdan doymaq bilmir. Ömrünün çox hissəsini at belində keçirən, allı-güllü yaylaqlarda dövran sürən Kəklik xanım 1954-cü ildə Ağcabədi rayonunun Hüsülü kəndində çoban ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra atası çoban Talışın yolunu davam etdirib. 1973-cü ildən kolxozda çoban kimi fəaliyyətə başlayıb. Zəhmətlə yaşayıb, qadın üçün yad olan çobanlıq onun həyatını bəzəyib, heç vaxt bu işdən usanmayıb.

Keçmiş sovetlər dövründə hər il sürüləri Kəlbəcər yaylaqlarına apardıqlarını deyən Kəklik Əhmədova o günləri yada salaraq deyir:

- Həmişə yay fəslini Kəlbəcər rayonunun Yüzbulaq yaylağında keçirərdik. Hərə bir işin qulpundan yapışar, pendir, yağ tədarükü edərdik, qonaq-qara olanda da dağ çiçəyi ilə bəslənmiş quzunun qovurması bişirilərdi. Axşama yaxın hava buz kimi olardı, üstdən qalın bir paltar geyməyəndə həmin adamı soyuq tutardı, hamımız bir ocağın başına yığışardıq, söz-sözü çəkərdi... Sentyabr ayının lap əvvəlində havalar soyuyanda isə Ağcabədiyə qayıdardıq. Yaxşı yadımdadır, axırıncı dəfə 1991-ci ildə getmişdik Kəlbəcər yaylaqlarına. Sonrası da məlumdur. Yaylaqlarımız 30 il işğal altında qaldı. Biz həmin yerlərə həsrət qalmışdıq. İllərlə həsrət qaldığımız dağlarımıza gedə bildik, inanın ki, sevincimizin həddi-hüdudu yoxdur, sağ olsunlar, bütün tədbirlər görülmüşdü. Şükürlər olsun Allaha, Prezidentimizin, müzəffər ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edilib. Allah canını həmişə sağ eləsin, Prezidentimiz çox böyük hünər göstərdi, işğal altında qalan torpaqlarımızı yenidən bizə qaytardı. Çox şadıq ki, 30 ildən sonra həsrət qaldığımız dağlarımızı, çaylarımızı, yaylaqlarımızı, qalalarımızı, bulaqlarımızı gördük. Əllərimizi göyə açıb Allaha şükür etdik.

Qeyd edək ki, Kəlbəcər yaylaqlarında mövsüm başa çatır, qoyunçuluq təsərrüfatları artıq qışlaqlara qayıdır. Bu il Ağcabədi rayonunun heyvandarları da 30 ildən sonra ilk dəfə Kəlbəcər yaylaqlarına gediblər. Belə təsərrüfatlardan biri də fermer Kəklik Əhmədovaya məxsusdur. Dağ havasında, bulaq suyunda bəslənən gümrah sürüləri ilə qışlağa qayıdan 68 yaşlı Kəklik Əhmədova builki yaylaq həyatından bəhs edərək deyir:

- Çox böyük sevinclə yaylağa getdik, ilk əvvəl, çadırlarımızı qurduq. Bulaqlarımızın gözü dolmuşdu, onların gözünü açdıq, dəyələrimiz uçmuşdu, onu bərpa etdik. Qoyunlarımız gül-çiçəkli çəmənlərə səpələnəndə, iki göz də istəyirdik ki, bu gözəlliyə baxaq. Sac qurduq, yuxa bişirdik. İsti yuxa, qoyun pendiri, bulaq suyu insanı cavanlaşdırır. Neçə illərdir ki, bu xoşbəxt günlərdən məhrum olmuşduq, uca Allah ordumuzu qorusun. Kəklikotu, qırxbuğum, əvəlik və digər bitkilərdən yığıb qışa tədarük etdik. Yaylaqların havası insana qüvvət verir, könlü sevinir, ruhu təzələnir. Yay fəsli necə keçdi, vallah, bilmədik. Bir daha deyirəm, Prezidentimizə, ordumuza minnətdaram. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Kəklik Əhmədova çox qıvraqdır, əli iş-gücdən soyumur, hələ üstəlik ata minib sürüsünü otarmağa aparır. Hətta aradabir zümzümə də edir: bu dərənin uzunu, çoban, qaytar quzunu...

Salman ALIOĞLU,

"Respublika".